Dövlət başçısı: "Azərbaycan könüllülərinin fəaliyyəti çoxşaxəlidir"

2020-02-13 Baxış: 2117
img

Bildiyiniz kimi, mənim sərəncamımla bu il Azərbaycanda “Könüllülər ili” elan olunmuşdur. Bu onu göstərir ki, Azərbaycan dövləti Könüllülər hərəkatına çox böyük önəm verir. İndicə mənə stendlər üzrə edilən təqdimat bir daha onu göstərir ki, Azərbaycan könüllülərinin fəaliyyəti çoxşaxəlidir.

MAYAKİNFO xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 12-də Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında gənclərlə görüşərkən deyib.

Dövlət başçısı bildirib ki, könüllülər hərəkatının icrasına əslində ölkəmizdə “ASAN xidmət” mərkəzlərində başlayıb: "Əsas vəzifə ondan ibarət idi ki, ölkəmizin gənc istedadlı sakinləri bu işlərə qoşularaq vətəndaşlara kömək göstərsinlər, Azərbaycanda Könüllülər hərəkatı başlasın və bu sahədə ciddi irəliləyiş olsun. Çünki “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması, əslində, Könüllülər hərəkatına da təkan vermişdir. Ancaq ondan sonra Könüllülər hərəkatı və könüllülərin fəaliyyəti çox geniş vüsət almışdır. Ölkəmizdə keçirilmiş mötəbər beynəlxalq yarışlarda, o cümlədən birinci Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında könüllülər çox fəal rol oynamışlar və bu oyunların uğurla keçirilməsində böyük dərəcədə öz xidmətlərini göstərmişlər. Mən görürəm ki, indi Könüllülər hərəkatı və könüllülərin fəaliyyəti daha genişmiqyaslıdır. Həm vətənpərvərlik, ekoloji tarazlıq mövzularında keçirilən tədbirlərdə, həm də incəsənət, mədəniyyət və digər sahələrdə könüllülər çox fəaldırlar. Eyni zamanda, ölkəmizin beynəlxalq əlaqələrinin möhkəmlənməsində də könüllülərin fəaliyyəti çox önəmlidir. Təsadüfi deyil ki, dünyanın mötəbər beynəlxalq təşkilatları, o cümlədən BMT və digər təşkilatlar həm “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini yüksək qiymətləndirir, həm də Azərbaycanda yaranmış və inkişaf edən Könüllülər hərəkatına yüksək qiymət verirlər".

Prezident İlham Əliyev deyib ki, bir çox ölkələrdə gəncləri birləşdirən təşkilatlar, qurumlar, ictimai birliklər var, o cümlədən Azərbaycanda da: "Amma hesab edirəm ki, Könüllülər hərəkatı bu ictimai təşkilatlar arasında xüsusi yer tutur. Çünki Azərbaycan könüllüləri həm vətənpərvərdirlər, həm biliklidirlər, həm istedadlıdırlar, həm də Azərbaycan gəncliyini və gənclərin istedadını təcəssüm etdirirlər. Çünki könüllü olmaq, əslində, bizim milli xarakterimizə uyğundur. Mərhəmət, xeyirxahlıq, bir-birinə kömək göstərmək, mədəni davranış – bütün bunlar bizim genetik kodumuzda yazılmış sarsılmaz dəyərlərdir. Sadəcə olaraq, könüllülər xalqımıza xas olan bütün bu müsbət amilləri, əlamətləri özündə cəmləşdirərək, bu gün bir hərəkat kimi fəaliyyət göstərirlər. Təsadüfi deyil ki, könüllülər Azərbaycan cəmiyyətində çox böyük rəğbətlə qarşılanırlar, o cümlədən “ASAN xidmət” mərkəzlərində. Siz - könüllülər və “ASAN xidmət” mərkəzlərinin əməkdaşları bunu görürsünüz, bilirsiniz".