Salyan sakini keçmiş həyat yoldaşını öldürüb, daha sonra evi yandırdı

2020-02-27 Baxış: 704
img

Bu gün səhər saatlarında Salyan şəhəri, Ə.Kürçaylı küçəsi 60 ünvanında yerləşən evdə keçmiş həyat yoldaşı, 1970-ci ildə anadan olmuş Hüseynova Mirqubə Əlifağa qızını qətlə yetirməkdə şübhəli bilinən keçmiş əri, 1963-cü il təvəllüdlü Hüseynov Ələkbər Fərhad oğlu saxlanılıb.

MAYAKİNFO-nun Virtualaz.org-dan əldə etdiyi məlumata görə, Ə.Hüseynov qətli törətdikdən və evlərinə od vurduqdan sonra yeganə övladı olan Fərhadın həyətlərində saxladığı “VAZ-2106” markalı avtomaşınını da yandırmağa cəhd edib, lakin buna nail olmayıb.

Qeyd edək ki, keçmiş ər qətlə yetirdiyi qadının dayısı oğludur. Hadisənin uzun illərdir ki, davam edən ailə münaqişəsi ucbatından baş verdiyi deyilir. Belə ki, mərhum ataları Fərhad Hüseynovun oğlanları və qızları ondan miras qalan evi öz aralarında bölüşdürə bilmədikləri üçün işə məhkəmə baxıb və evin əsas hissəsinə Ələkbər Hüseynov sahiblənərək ailəsi ilə birgə orada yaşayıb. Amma bir müddət sonra o, həyat yoldaşından boşandığı üçün ev yenidən mübahisə predmetinə çevrilib. Ayrıldıqdan sonra Ələkbər Hüseynov özünün quşçuluq təsərrüfatında tikdiyi evə köçsə də, həyat yoldaşı ilə aralarında münaqişə davam edib...

*************************************************************************

Bu gün səhər saatlarında Salyan şəhərində yerləşən Ə.Kürçaylı küçəsi, ev 60-da dəhşətli cinayət hadisəsi baş verib.

MAYAKİNFO-nun Virtualaz.org-dan əldə etdiyi məlumata görə,  Salyan şəhər sakini, 58 yaşlı Ələkbər Fərhad oğlu Hüseynov həmin evdə keçmiş həyat yoldaşı Mirqubət Hüseynovanı bıçaqlayaraq qətlə yetirib. Hadisə zamanı ailənin yeganə oğlu evdə olsa da, Ə.Hüseynovun anasını öldürməsinin qarşısını ala bilməyib. Oğlu anasının cəsədini yanan evdən çölə çıxarıb.