Martın 10-dan I sinfə onlayn qeydiyyat başlayır

2020-03-02 Baxış: 585
img

"2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək. Sistemdə onlayn qeydiyyat martın 10-dan etibarən aktivləşdiriləcək".

MAYAKİNFO-nun məlumatına görə, bunu birinci sinfə qəbulla bağlı keçirilən mətbuat konfrasında Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva bildirib. Onun sözlərinə görə, məktəb seçimi isə 13 martdan 15 sentyabr 2020-ci il tarixinədək həyata keçiriləcək: "2020-2021-ci tədris ili üçün ümumtəhsil məktəbləri, lisey və gimnaziyalarda I sinfə şagird qəbulu Azərbaycan bölməsi üzrə ümumi qaydada, tədris digər dillərdə aparılan bölmələrə isə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi yolu ilə həyata keçiriləcək (Bakı Avropa Liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbləri istisna olmaqla)".

İ.Abdullayeva deyib ki, şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müsahibələr aprelin 1-dən başlayaraq təşkil olunacaq.