Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirilib

2020-07-23 Baxış: 104
img

İyulun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirilib.

MAYAKİNFO xəbər verir ki, dövlətimizin başçısı müşavirəni giriş nitqi ilə açdı.

Prezident İlham Əliyevin giriş
nitqi

- Bu gün biz su təsərrüfatında mövcud olan problemləri müzakirə edəcəyik, görüləcək işlər haqqında danışacağıq. İnfrastruktur layihələri arasında su layihələrinin xüsusi yeri vardır. Biz ölkəmizdə bütün infrastruktur layihələrini ardıcıl şəkildə icra edirik. Bu layihələrin icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edib. Əgər biz bu layihələri icra etməsəydik, bu gün ölkəmizin dayanıqlı inkişafı mümkün ola bilməzdi. Təbii ki, infrastruktur layihələri arasında prioritetlər müəyyən edilməli idi və 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramı qəbul olunanda bu prioritetlər çox açıq şəkildə ortaya qoyuldu.

O vaxt bizim infrastrukturla bağlı problemlər kifayət qədər ciddi idi. Ölkəmizdə enerji qıtlığı mövcud idi. Biz elektrik enerjisinin istehsalı ilə bağlı böyük problemlərlə üz-üzə idik, idxaldan asılı idik. Əlbəttə ki, ilk növbədə, bu sahədə vəziyyət normallaşdırılmalı idi. Çünki əks təqdirdə hər hansı bir inkişafdan söhbət gedə bilməzdi. Son illərdə enerji sektoruna qoyulan vəsait, bu sahədə aparılan müasirləşmə imkan yaratdı ki, biz nəinki özümüzü artıq uzun müddət ərzində elektrik enerjisi ilə təmin edirik, eyni zamanda, bizim əlavə generasiya güclərimiz nəticəsində ixrac imkanlarımız da yaranmışdır. Bu ixrac artıq öz coğrafiyasını genişləndirir. Təbii ki, bu sahəyə çox böyük investisiyalar qoyulmalı idi və qoyuldu. Bu gün 30-dan çox elektrik stansiyamız enerji təhlükəsizliyini təmin edir.

Son vaxtlar bu sahədə daha böyük həcmli işlər görülüb və itirilmiş güclərin bərpası məsələləri öz həllini tapıb. Mövcud stansiyalarda təqribən 800 meqavatdan çox itirilmiş güclər bərpa edildi və bu proses davam etdirilir. Yəni, bütün enerji təsərrüfatı müasirləşir.

Əlbəttə ki, o vaxt ölkəmizdə qazlaşdırmanın səviyyəsi çox aşağı idi. Görülmüş işlər nəticəsində bu gün qazlaşdırma ölkəmizdə 96 faizə çatıb. Deyə bilərəm ki, bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir. Amma nəzərə alsaq ki, sənayemiz, əhalimiz artır, təbii qaza tələbat artır və bizim elektrik stansiyalarımız yalnız təmiz enerji resursları - təbii qaz və su əsasında fəaliyyət göstərir, əlbəttə, biz bu sahəni bundan sonra da prioritet olaraq diqqətimizdə saxlayacağıq.

Nəqliyyat infrastrukturu böyük dərəcədə müasirləşib. Bütün nəqliyyat layihələrini sadalamaq hesab edirəm ki, yersizdir. Çünki bu barədə dəfələrlə ictimaiyyətə məlumat verilib. Sadəcə olaraq, onu demək kifayətdir ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında bu sahədə görülmüş işlərə çox yüksək qiymət verilir. Hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci, dəmir yollarının səmərəliliyinə görə isə 12-ci yerdədir. Avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan 27-ci yerdədir. Bütövlükdə infrastrukturla bağlı olan vəziyyətə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir.

Təbii ki, bu infrastruktur layihələri arasında içməli su və meliorasiya layihələri öz yerini tapıbdır. Son illərdə bu sahədə də böyük işlər görüldü. Bu sahə diqqətdən kənarda qalmadı. Sadəcə olaraq, bir neçə rəqəmi ictimaiyyətin diqqətinə çatdırmaq istərdim. Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının qəbul edildiyi 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idi. Bu gün isə bu rəqəm 70 faizə çatıbdır. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idi. Bu gün bu rəqəm təxminən 82 faizə çatıbdır. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz idi. Bu gün bu rəqəm 63 faizdir. Bu, doğrudan da tarixi nailiyyətdir. Biz bunu, ilk növbədə, insanların sağlamlığı, iqtisadiyyatın, kənd təsərrüfatının inkişafı üçün etmişik. Ancaq bununla bərabər, bu rəqəmlər onu göstərir ki, biz istədiyimizə tam nail ola bilməmişik. Buna görə bundan sonra içməli su layihələri, meliorasiya layihələri bizim gündəliyimizdə ən vacib məsələlər kimi duracaq. Bugünkü müşavirənin əsas məqsədi odur ki, bu sahədə buraxılmış səhvlər, mövcud çatışmazlıqlar bundan sonrakı illərdə aradan qaldırılsın, vahid idarəetmə mexanizmi işlənib təqdim edilsin və biz ardıcıl olaraq qısamüddətli, ortamüddətli və uzunmüddətli fəaliyyət planımızı icra edək. Bunun nəticəsində Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz olmalıdır.

Suvarma suyu ilə bağlı görülmüş işlər də hesab edirəm ki, diqqətəlayiqdir. Əgər biz bu işləri görməsəydik, bu gün vəziyyətimiz çox ağır ola bilərdi. Bir neçə layihə, həm içməli su layihəsi, həm də suvarma suyu layihəsi kimi xidmət göstərir. Son illərdə Azərbaycanda həyata keçirilən nəhəng su layihələri vəziyyəti tamamilə müsbət tərəfə dəyişmişdir. Mən onların arasında Oğuz-Qəbələ-Bakı su kəmərini xüsusilə qeyd etmək istərdim. Bu kəmərin çox böyük əhəmiyyəti var. İlk növbədə, böyük həcmdə təmiz içməli su Bakı şəhərinə çatdırılır. Nəzərə alsaq ki, bizim su resurslarımızın böyük hissəsi xarici ölkələrdə formalaşır, Oğuz-Qəbələ-Bakı su kəməri sırf yerli mənbə üzərində inşa edilmiş böyük layihədir. Bu layihənin inşası demək olar ki, bizim ilk neft gəlirlərimiz əldə olunandan sonra başlamışdır. O vaxt mən demişdim ki, biz qara qızılı insan kapitalına çevirməliyik və Oğuz-Qəbələ-Bakı su kəməri bunun əyani sübutudur. Çünki bizim neft gəlirlərimiz 2006-cı ildən sonra ölkəyə gəlməyə başlamışdır. O vaxt Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara verildi. O zaman bizim gəlirlərimiz, əlbəttə ki, çox aşağı səviyyədə idi. Ancaq, ilk növbədə, biz bu gəlirləri məcburi köçkünlərin problemlərinin və su məsələlərinin həllinə yönəltdik.

İndi mütəxəssislər yaxşı bilirlər ki, əgər bu gün Oğuz-Qəbələ-Bakı su kəməri olmasaydı, Bakı şəhərinin su problemləri çox kəskinləşə bilərdi.

Bu, yeganə layihə deyil. Hesab edirəm ki, Taxtakörpü su anbarının tikintisi tarixi layihədir. Çünki bu anbarın su tutumu kifayət qədər böyükdür - 270 milyon kubmetr. Eyni zamanda, Taxtakörpü su anbarından Ceyranbatan su anbarına qədər yeni beton kanalı tikilibdir. Taxtakörpü su anbarının xüsusi əhəmiyyəti ondadır ki, Samur çayının suları orada yığılır, təbii yollarla təmizlənir və beləliklə yeni bir rezervuardan Ceyranbatan anbarına su gəlir. Çünki buna qədər Samur çayından birbaşa kanal vasitəsilə su Ceyranbatana gəlirdi. Əgər ortada bu böyük su hövzəsi olmasaydı, biz bu gün Bakını içməli su ilə təmin edə bilməzdik. Bu, birmənalıdır. Ona görə bu layihənin icrası və ümumiyyətlə Samur çayının sularının ədalətli bölüşdürülməsi üçün çox böyük işlər görülüb. Eyni zamanda, bu, Şabran, Siyəzən, Xızı rayonlarında suvarılan əkin sahələrini böyük dərəcədə artırıb, təqribən 30 min hektar suvarılmayan torpaqlara su verilir və indi o torpaqlarda geniş kənd təsərrüfatı işləri görülür.

Digər böyük layihə Ceyranbatan su anbarının yenidən qurulması və müasir təmizləyici qurğuların inşa edilməsidir. O vaxt layihə başa çatanda bu təmizləyici qurğu dünyanın ən böyük təmizləyici qurğusu hesab olunurdu. O vaxtdan bu günə qədər bəlkə də haradasa daha da böyük qurğular tikilib. Amma söhbət ondan getmir. Əsas məsələ odur ki, Bakı şəhərinə keyfiyyətli suyun verilməsi artıq mümkün olub.

Təbii ki, mən Şəmkirçay su anbarının əhəmiyyətini də qeyd etməliyəm. Bu gün Şəmkirçay su anbarı bizim su resurslarının yığılmasında və bölüşdürülməsində xüsusi rol oynayır. Bu anbarın su tutumu 165 milyon kubmetrdir və qərb zonasının bir neçə rayonu bu imkanlardan faydalanır, orada əkin sahələri genişləndirilir. Beləliklə, Taxtakörpü şimal zonasının, Bakının, Şəmkirçay qərb bölgəsinin su ilə təminatında mühüm rol oynayır.

Bununla paralel olaraq, son illərdə cənub zonasında yerləşən Göytəpə və Tovuzçay su anbarları da inşa edilib. Son 15 il ərzində yaradılmış böyük su anbarlarının həcmi 470 milyon kubmetrdir. Mütəxəssislər bunu yaxşı bilir, bu, çox böyük rəqəmdir.

İçməli su layihələrinə gəldikdə, bu layihələrin xüsusi əhəmiyyəti var. Mənim təşəbbüsümlə bu layihələr ardıcıl olaraq icra edilir. Bu gün bizim əksər şəhərlərimizdə içməli su və kanalizasiya layihələri icra olunub. Cəmi bir neçə şəhərdə bu işlər hələ ki, tamamlanmayıb, amma iş gedir. Biz bu sahədə həm müsbət, həm mənfi təcrübəni təhlil etməliyik. Çünki mənə verilən məlumata görə, bəzi hallarda suyun mənbələri düzgün seçilməmişdir və təbiətin dəyişməsi, iqlim dəyişikliyi, o cümlədən son iki il ərzində yaşanan quraqlıq və bunun riskləri hesablanmamışdır. Ona görə içməli su layihələri başa çatan bəzi yerlərdə su qıtlığı yaranıb. Odur ki, bu məsələ çox ciddi araşdırılmalıdır. Əlbəttə, bayaq gətirdiyim rəqəmlər onu göstərir ki, biz böyük inkişafa nail olduq. Ancaq hələ ki, görüləsi işlər çoxdur.

Son vaxtlar mənə yerlərdən hər gün məktublar gəlir. Quraqlıq və bəzi hallarda aidiyyəti qurumların laqeyd münasibəti nəticəsində çox ciddi problemlər yaranıbdır. Daha çox fermerlər, sahibkarlar yazırlar, gündə təqribən 10-dan çox rayondan məktublar gəlir. Bu məktublara Prezident Administrasiyasında və Nazirlər Kabinetində baxılır. Bu siqnallar nəzarətdədir və bu məsələlər operativ qaydada həll olunur. Ancaq biz bu məsələləri kompleks şəkildə həll etməliyik ki, gələcəkdə təbii problemlərin yaratdığı xoşagəlməz mənzərəyə və çətinliklərə hazır olaq.

Ona görə qeyd etdiyim məsələlər birmənalı şəkildə göstərir ki, içməli su və meliorasiya problemləri nəinki diqqət mərkəzindədir, bu problemlərin həlli istiqamətində çox böyük işlər görülüb. Ancaq keçən il yaşanan quraqlıq onu göstərdi ki, biz bu böhranlı vəziyyətə hazır deyilik. Böhranlı vəziyyətdə nə etməyin lazım olduğunu aidiyyəti qurumlar düzgün müəyyən edə bilməyiblər. Ona görə keçən il biz vaxt itirmişik. Əgər aidiyyəti qurumlar keçən il fəal işləsəydilər, günahı bir-birinin üstünə yıxmasaydılar və təxirəsalınmaz tədbirlər görsəydilər, bu gün biz bu problemlərlə üzləşməyəcəkdik. Bu problemlər həm insanların sağlamlığına, həm də kənd təsərrüfatının inkişafına mənfi təsir göstərir. Çünki su həyat deməkdir. İlk növbədə, insanların sağlamlığı böyük dərəcədə təmiz içməli sudan asılıdır.

Eyni zamanda, su resursları ekoloji tarazlığa, kənd təsərrüfatının inkişafına çox böyük təsir göstərir. Biz kənd təsərrüfatımızı intensiv yollarla inkişaf etdirməliyik və buna nail olmaq üçün kifayət qədər su mənbələrimiz olmalıdır və bu, var. Sadəcə olaraq, əgər, dəhşətli dərəcədə bu itkilər olmasaydı, biz mövcud su resursları ilə özümüzü tam təmin edə bilərdik. İndi bu məsələ araşdırılır, bəzi hallarda itkilər 40 faizdir və 50 faizə çatır, bu, dözülməzdir. Biz suyu itiririk. Beləliklə, o, əkin sahəsinə, insanların evinə çatmır, əksinə, torpaqlara ziyan vurur. Bizim indi ən çox əməktutumlu sahələr taxılçılıq və pambıqçılıqdır. Pambıqçılıq, ümumiyyətlə, su olmadan inkişaf edə bilməz. Pambıqçılıqda təqribən 200-300 min adam işləyir, öz ailə büdcəsini təmin edir. Biz müasir texnologiyaların, o cümlədən müasir suvarma sistemlərinin mövcud olduğu taxılçılıq təsərrüfatlarında hər hektardan təqribən 70-80 sentner buğda alırıq. Bu, inkişaf etmiş ölkələrin səviyyəsindədir. Yəni, bu, dünyada ən yüksək səviyyədir, bundan yüksək səviyyə yoxdur. Əgər su olmasa, biz buna nail ola bilərikmi?

Biz indi taxılçılıqda müasir texnologiyaların tətbiq edilməsi ilə mövcud əkin sahələrində, bəlkə də bir qədər az əkin sahələrində daha çox məhsul istehsal edə bilərik, idxaldan daha az asılı ola bilərik. Su həm həyatdır, həm inkişafdır, həm təhlükəsizlikdir. Ona görə bu məsələlərə laqeyd yanaşmaq olmaz. Açıq deməliyəm, bu iş başlı-başına buraxılıb, heç kim bu məsələ ilə məşğul olmayıb. Aidiyyəti qurumların hər biri öz işləri ilə məşğul idi, koordinasiya aparılmamışdır. Azərsu, meliorasiya qurumları, sadəcə olaraq, dövlət investisiya proqramı müzakirə olunarkən fəallaşırdılar ki, onlara nə qədər dövlət büdcəsindən pay düşəcək. Bəzi hallarda onların təklif etdikləri layihələr, ümumiyyətlə, diqqətəlayiq deyildi. Sadəcə olaraq görürdüm ki, burada məqsəd dövlət vəsaiti götürüb ondan istifadə etməkdir. Amma ondan sonra bu layihələrin səmərəliliyinə kimsə baxıb? Kimsə bunu təhlil edib? Yox. Ona görə bəzi böyük həcmdə investisiya qoyulmuş layihələr faktiki olaraq heç bir səmərə verməyib. Necə ola bilər ki, suyun mənbəyi düzgün təhlil edilmir? O qədər böyük xərc çəkilir, boru xətləri çəkilir, vətəndaşlar buna sevinir. Sonradan min dənə bəhanə gətirirlər ki, belə oldu, elə oldu, su çatmadı, yeni mənbə axtarmalıyıq, yenə vəsait verin, yeni mənbə axtaracağıq. Buna son qoyulmalıdır. Ona görə mən bütün bu işləri mütəşəkkil qaydada tənzimləyəcəyəm. Aidiyyəti qurumlara göstərişlər verilib. Ciddi nəzarət mexanizmi olmalıdır. İlk növbədə, xərclərə ciddi nəzarət mexanizmi olmalıdır. Yoxsa Azərsudan, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyətindən sifariş gəlir, mənə bu qədər pul lazımdır ki, bunu edim. Amma sonra baxıb görürlər ki, bunun texniki-iqtisadi əsaslandırması yoxdur. Bu rəqəmlər haradan götürülüb? Havadan.

İnvestisiya proqramına ciddi nəzarət yox idi, nəyi sifariş edirdilər, onu da verirdilər. Bəs sonra necə xərclənirdi? Buna son qoyulmalıdır. Ona görə bugünkü müşavirədə mən giriş sözümdə deyirəm hansı işlər görülüb. Amma bu işlərin görülməsi nəticəsində daha böyük səmərə əldə oluna bilərdi. Əfsuslar olsun ki, bu, belə deyil. Bundan sonra bu işlər yalnız koordinasiya şəklində aparılmalıdır. İndi mənə məlumat verilir ki, bizdə heç vaxt su balansı tərtib edilməmişdir. Necə ola bilər? Bizim enerji balansımız tərtib olunur. Buna görə biz bilirik ilboyu bu sahədə nə etmək lazımdır? Hansı quruma nə qədər yanacaq lazımdır? Məgər su balansını tərtib etməyi Prezidentmi deməlidir?! Bunu aidiyyəti qurumlar etməlidirlər. Bizim yeraltı, yerüstü su ehtiyatlarımız qiymətləndirilməyib. Son dəfə sovet vaxtında qiymətləndirilib, ondan sonra qiymətləndirilməyib. İndi artezian quyularının qazılması prosesi gedir. Amma baxmaq lazımdır, harada qazılmalıdır, necə qazılmalıdır? Yeraltı su mənbələrinə bunun təsiri necə olacaq? Düzgün yerlər seçilməlidir. Çünki mən deyirəm, burada əsas məqsədi bu qurumlar onda görürlər ki, pul ver artezian qazım, pul ver su çəkim, pul ver nə bilim bunu edim. Yaxşı, bunu veririk, amma sonra? Bir çox hallarda səmərəsiz olur. Xərclərə nəzarət çox aşağı səviyyədədir.

Dediyim kimi, indi mənə hər gün 10-dan çox məktub gəlir. Mən Prezident Administrasiyasına, Nazirlər Kabinetinə tapşırıq verirəm. Onlar baxırlar, operativ şəkildə həll edirlər. Axı, bu, onların demək olar ki, əsas işi deyil. Bunu aidiyyəti qurumlar etməlidirlər. Nə üçün bu məktublar mənə yazılır? Ona görə ki, aidiyyəti qurumlara yazılanda onlar əhəmiyyət vermirlər, başdan edirlər. Nə qədər belə faktlar var. Biz nə qədər buna dözməliyik?

Ona görə mən vəziyyəti tam təhlil edərkən bu il aprel ayında xüsusi komissiya yaratmışam. Artıq komissiya üç aydır ki, işləyir və bu müddət ərzində gördüyü işlər, mövcud problemlərlə bağlı müntəzəm olaraq mənə məlumat verib. Komissiyanın rəhbəri Baş Nazirin müavini Şahin Mustafayevdir. Komissiyanın tərkibində nazirlər, aidiyyəti qurumların rəhbərləri fəaliyyət göstərirlər. Əgər bütün aidiyyəti qurumlar öz işini düzgün qursaydılar, bu komissiyaya ehtiyac olmayacaqdı. Necə ola bilər ki, üç ay ərzində işləyən komissiya bəlkə də son 20 il ərzində görülən, təhlil və təklif baxımından daha dəyərli, əhəmiyyətli nəticə hasil edib? Deməli, bunu etmək mümkündür. Sadəcə olaraq, heç kimin vecinə deyildi, biri-birinin üstünə yıxırdı. Ortalıqda da nə - quraqlıq. Bu problem iki ildir var və gələn il də ola bilər. İndi iqlim dəyişikliyi elə məsələdir ki, bunu bütün dünya müzakirə edir. Bəzi hesablamalara görə, əgər operativ tədbirlər görülməsə, 2030-cu ildə ölkəmizdə səhralaşma prosesi sürətlə gedəcək. Nədir, siz istəyirsiniz Azərbaycan səhraya dönsün? Ona görə bu münasibətə son qoyulmalıdır. Qüsurlara yol verən, bu məsələyə laqeyd yanaşan bütün vəzifəli şəxslər cəzalandırılmalıdır.

İndi isə Şahin Mustafayev görülmüş işlərlə bağlı məlumat və təkliflər versin.

Baş Nazirin müavini Şahin Mustafayev çıxış edərək dedi:

-Təşəkkür edirəm, cənab Prezident.

Möhtərəm cənab Prezident, cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə məruzə olunduğu kimi, su ehtiyatlarının az olması, iqlim dəyişməsi, orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların əhəmiyyətli dərəcədə azalması, digər tərəfdən ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı üzrə şəbəkələrin genişləndirilməsi nəticəsində suya tələbatın artması son illərdə ölkədə su çatışmazlığını şərtləndirmişdir. Müşavirədə Sizin xüsusi vurğuladığınız kimi, bütün bunlar son nəticədə su təhlükəsizliyi məsələsini ən aktual mövzulardan birinə çevirmişdir. Bu baxımdan, xüsusilə cari ildə ölkənin su ehtiyatları sahəsində gərgin vəziyyət yaranmışdır. Hazırda əsas su anbarlarında 20,5 milyard kubmetr tutuma qarşı əvvəlki illərdən kəskin aşağı səviyyədə - cəmi 11,1 milyard kubmetr su mövcuddur ki, bunun da 8,6 milyard kubmetri ölü həcmdir. Müqayisə üçün qeyd edim ki, əsas su anbarlarında suyun həcmi 2019-cu ildə 12,9 milyard, 2018-ci ildə 14,1 milyard, 2017-ci ildə 14,2 milyard, 2016-cı ildə isə 16,5 milyard kubmetr olmuşdur. Eyni zamanda, strateji əhəmiyyət kəsb edən Mingəçevir Su Anbarında 15,7 milyard kubmetr tutuma qarşı 8,8 milyard kubmetr su mövcuddur ki, bunun da 7 milyard kubmetri ölü həcmdir. Halbuki həmin anbarda suyun həcmi 2019-cu ildə 9,7, 2018-ci ildə 10,9, 2017-ci ildə 11,6, 2016-cı ildə isə 13,6 milyard kubmetr təşkil etmişdir. Sizin rəhbərliyinizlə əvvəlki illərdə böyük həcmdə işlərin həyata keçirilməsinə, ehtiyat tədbirlərinin görülməsinə, məsələn, Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə, Naxçıvanda Heydər Əliyev (Vayxır) su anbarlarının, Oğuz-Qəbələ-Bakı su kəmərinin və digər layihələrin reallaşdırılmasına baxmayaraq, hazırda kəskin su çatışmazlığı müşahidə edilir.

Möhtərəm cənab Prezident, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə müvafiq Sərəncamınızla komissiya yaradılmışdır. Su təsərrüfatı üzrə idarəetmədə sahələrarası koordinasiyanın zəif olması, sudan istifadədə itkilərin yüksək olması, sudan optimal bölgü əsasında və qənaətlə istifadə edilməməsi, suvarmada suya qənaət edən müasir texnologiyalardan istifadənin aşağı səviyyədə olması, nəzarətdənkənar qoşulmalar, uçot və nəzarət sisteminin zəifliyi kimi problemlərin həlli istiqamətində tədbirlərin görülməsi komissiyaya tapşırılmışdır. Komissiya ölkə ərazisində su anbarlarında yaranmış vəziyyəti, suvarma mövsümünün başlanmasını nəzərə alaraq operativ tədbirlərin görülməsi məqsədilə fəaliyyətini intensiv formada təşkil etmiş və bütün aidiyyəti qurumların koordinasiyası təmin olunmuşdur. Ötən müddət ərzində müxtəlif formatlarda müzakirələr aparılmış, kritik əhəmiyyət kəsb edən obyektlərə baxış keçirilmiş, onlayn müşavirə formasında komissiyanın tam tərkibdə üç iclası keçirilmiş, zəruri hallarda komissiyada təmsil olunmayan bir sıra digər dövlət qurumları cəlb edilmiş və təxirəsalınmaz tədbirlərin görülməsi təşkil edilmişdir.

Əhəmiyyəti baxımından aşağıdakı tədbirləri xüsusilə qeyd etmək istərdim: Su ehtiyatları barədə operativ məlumat sistemi qurulmuş, aidiyyəti qurumlardan alınan məlumatlar təhlil edilmiş, sudan səmərəli istifadə ilə bağlı verilmiş tapşırıqların icrasına gündəlik nəzarət təmin olunmuşdur. Operativ məlumat mexanizmi hazırda “Elektron su təsərrüfatı” informasiya sisteminə inteqrasiya olunur. Xüsusi əhəmiyyətə malik Mingəçevir və Ceyranbatan su anbarları üzrə suvarma, içməli su təchizatı və energetika məqsədləri üçün sudan istifadə rejimi təsdiq olunmuş, hətta Mingəçevir su anbarında sudan istifadə üzrə hər on gündən bir yenilənən iş rejiminin tətbiqi qərara alınmışdır.

Məhdud su ehtiyatlarının ədalətli, optimal və proporsional bölgüsü prinsipi əsasında 580 mindən çox əkin sahəsi üzrə suvarma qrafikləri tərtib olunmuşdur. Suvarma qrafikləri bütün maraqlı tərəflər imzaladıqdan və rəsmi saytda dərc edildikdən sonra tətbiq edilir. Yaradılmış proqram təminatı sayəsində “Elektron kənd təsərrüfatı” informasiya sisteminə su modulu kimi inteqrasiya olunan sudan istifadə qrafikləri növbəti mərhələdə əkin sahələrini və subsidiyalaşmanı optimal şəkildə planlaşdırmaq imkanı verir. Belə ki, tərtib olunmuş qrafiklər suvarma dövrü başlamamışdan əvvəl kənd təsərrüfatı bitkilərinin suvarılması üçün tələb olunan suyun sifarişini formalaşdırmağa, beləliklə əkin siyasətinə uyğun daha təkmil suvarma təchizatının qurulmasına, digər tərəfdən isə məhdud su ehtiyatları və əkin növünün suya tələbatı nəzərə alınmaqla əkin sahələrinin optimal şəkildə planlaşdırılmasına şərait yaradır.

Suvarmaya dair problemlərin operativ həlli məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin 60 rayon üzrə Dövlət Aqrar İnkişaf mərkəzlərinə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri cəlb edilməklə birgə fəaliyyəti əlaqələndirilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Bakı Metropoliteni ərazisindəki qrunt sularından yaşıllıqların suvarılmasında istifadə istiqamətində layihə təklifləri hazırlanmışdır. Aparılan analizlər sərfi saatda 127 (sutkada 2500-3000) kubmetr olan suyun suvarmaya yararlı olduğunu göstərmişdir və artıq bu sudan istifadəyə başlanılmışdır.

Zəruri istiqamətlərdən biri də hidrotexniki qurğuların mühafizəsinin gücləndirilməsi və həmin qurğulara mümkün mənfi təsirlərin qarşısının alınması üçün qum-çınqıl karxanalarının fəaliyyətinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsidir və bu istiqamətdə müvafiq iş aparılır.

Möhtərəm cənab Prezident, bu gün su təsərrüfatı sahəsində uçot və nəzarət işinin təkmilləşdirilməsi həlli vacib məsələ kimi qarşımızda durur. Suyun mənbədən götürülməsindən son istehlakçıyadək bütün mərhələlər üzrə uçotun və dəqiq qiymətləndirmənin aparılması ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. Bu məqsədlə operativ tədbirlərlə yanaşı, ölkə üzrə ilk dəfə su təsərrüfatı balansı tərtib edilmişdir. Su təsərrüfatı balansının formalaşdırılması üçün su təsərrüfatı subyektlərinin məlumatlarının elektronlaşdırılması və hesabatın alınması ilə bağlı elektron su təsərrüfatı informasiya sistemi yaradılmışdır. Birinci mərhələdə su təsərrüfatı balansı sistemə ayrıca modul şəklində daxil edilmişdir. İkinci mərhələdə aidiyyəti dövlət qurumlarının informasiya sistemlərinin inteqrasiyası, üçüncü mərhələdə isə su obyektlərinə daxil olan, çıxan və obyektlərdə olan suyun həcmi ilə bağlı ölçmə cihazlarının və digər avadanlıqların məlumatlarının real vaxt rejimində ötürülməsi və dövri hesabatların əldə edilməsi təmin olunacaqdır. Eyni zamanda, əsas su və su təsərrüfatı obyektlərində müasir ölçmə cihazlarının quraşdırılması həyata keçirilir. Bu vaxta qədər xüsusi əhəmiyyətli obyektlərin su ehtiyatlarından müasir ölçmə cihazları tətbiq edilmədən və ya ümumiyyətlə ölçmə aparılmadan istifadə edilmişdir. Hazırda prioritet hesab edilən məntəqələr üzrə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi tərəfindən 12, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 25 müasir ölçmə cihazının quraşdırılaraq yaxın günlərdə tam funksional vəziyyətə gətirilməsi üzərində intensiv iş gedir. Artıq Mingəçevir su anbarında və çıxışlarında quraşdırılan müasir ölçmə cihazları tam işlək vəziyyətdədir.

Cənab Prezident, məruzə edim ki, artıq üç gündür biz real müasir ölçmə cihazları vasitəsilə əsas su anbarımızın həm çıxışlarını, həm su həcmini nəzarətə götürmüşük.

Möhtərəm cənab Prezident, cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə vurğuladığınız kimi, su təsərrüfatı sahəsində vahid idarəetmə və nəzarət sisteminin, effektiv koordinasiyanın olmaması su ehtiyatlarından səmərəsiz istifadəyə gətirib çıxarmışdır. Su və su təsərrüfatı obyektlərindən dəqiq uçot və optimal bölgü aparılmadan istifadə ilə yanaşı, aparılan monitorinqlər kütləvi şəkildə nəzarətdənkənar qoşulma hallarının da mövcud olduğunu ortaya çıxarmışdır. Su ehtiyatlarından istifadədə səmərəliliyin artırılması, əhalinin və iqtisadiyyatın artan tələbatına uyğun dayanıqlı su təchizatının təmin edilməsi, su təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi məqsədlərinə nail olmaq üçün görülməli tədbirləri ehtiva edən Milli Strategiyanın hazırlanması da məqsədəuyğundur.

Ölkə üzrə ilk dəfə tərtib olunan su təsərrüfatı balansına əsasən, cari ildə ölkənin su ehtiyatları ötən illə müqayisədə 2,8 milyard kubmetr az - 34,1 milyard kubmetr həcmində proqnozlaşdırılır. O cümlədən ilin əvvəlinə su anbarlarında qalıq 10,6 milyard kubmetr təşkil edib, il ərzində ölkə üzrə formalaşan su ehtiyatlarının 23,5 milyard kubmetr olacağı gözlənilir. Proqnoza əsasən, cari ildə ölkə üzrə formalaşan yerüstü su ehtiyatlarının 70 faizini qonşu ölkələrdən daxilolmalar, onun da təqribən yarısını təkcə Kür çayı təşkil edir. Qeyd olunanları nəzərə alaraq, Kür çayı hövzəsinin su ehtiyatlarının mühafizəsi və davamlı istifadəsi sahəsində ölkələrarası əməkdaşlığın gücləndirilməsi məqsədilə müvafiq saziş layihəsi hazırlanaraq aidiyyəti üzrə artıq təqdim olunmuşdur.

Möhtərəm cənab Prezident, qeyd edilənlərlə yanaşı, sudan istifadə zamanı itkilərin azaldılması da həlli vacib istiqamətlərdəndir. Həm suvarma, həm də içməli su təchizatı şəbəkələrinə nəzarətdənkənar qoşulmaların aradan qaldırılması, içməli su təchizatı sahəsində sayğaclaşmanın başa çatdırılması itkilərin azaldılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Suvarma sahəsində itkilərin əsas səbəblərindən biri də suvarma kanallarının əksəriyyətinin torpaq məcralardan olmasıdır. İtkilərin azaldılması və su ehtiyatlarının səmərəli istifadəsi məqsədilə suvarma kanallarının əsaslı təmiri və yenidən qurulması üzrə prioritet layihələrlə bağlı təkliflər hazırlanır. Eyni zamanda, ölkədə su ehtiyatlarının artırılması və bu istiqamətdə dağ çaylarının sularının yığılması üçün relyefə uyğun yaradılması nəzərdə tutulan sututarlar üzrə də prioritet layihələrə, habelə içməli su təchizatı üçün yeni mənbələrin müəyyən edilməsinə dair təkliflər hazırlanır.

Prioritet məsələlərdən biri də energetika sahəsində su ehtiyatlarından səmərəli istifadə ilə bağlıdır. Məlum olduğu kimi, suvarma dövrü əsasən beş aydır: may-sentyabr ayları. Xüsusi əhəmiyyətli su anbarlarında qeyri-suvarma dövründə, o cümlədən qış aylarında su ehtiyatlarının artırılması məqsədilə istilik elektrik stansiyalarının soyutma sistemlərinin müasirləşdirilməsi, bu stansiyalarda soyutma məqsədilə sudan qənaətli istifadənin təmin edilməsi, ölkə üzrə elektrik enerjisi tezliyinin daha optimal formada tənzimlənməsi imkanları araşdırılmalıdır.

Bunlarla yanaşı, aşağıdakı tədbirlərin həyata keçirilməsini zəruri hesab edirik:

Kür-Araz ovalığında yerləşən və içməli su tələbatı Kür çayından təmin edilən yaşayış məntəqələrinin su təchizatının alternativ mənbələr hesabına təmin edilməsi ilə bağlı təkliflərin hazırlanması;

Qrunt sularından, təmizlənmiş tullantı sularından və Xəzər dənizinin suyundan istifadə imkanının araşdırılması;

Subartezian və artezian quyularının sifarişi, layihələndirilməsi, qazılması və istismarı qaydalarının hazırlanaraq təsdiq edilməsi;

Kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən suvarmada müasir texnologiyaların tətbiqinin təşviq olunması;

Suvarma suyundan güzəştli istifadə ilə bağlı yeni mexanizmin hazırlanması.

Möhtərəm cənab Prezident, bugünkü müşavirədə verəcəyiniz tapşırıqlar da daxil olmaqla, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı qarşımıza qoyduğumuz bütün vəzifələr yerinə yetiriləcək.

Diqqətinizə görə təşəkkür edirəm.

Prezident İlham Əliyev: İndi söz verilir Kənd Təsərrüfatı naziri İnam Kərimova.

Kənd Təsərrüfatı naziri İnam Kərimov çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident, quraqlıq və su çatışmazlığının təsir etdiyi ən böyük sahələrdən biri də kənd təsərrüfatıdır. Ölkə üzrə su istehlakının 80 faizə yaxını məhz kənd təsərrüfatının payına düşür.

Bu ilin əvvəllərindən havaların quraq keçməsi, yağıntıların miqdarının azalması, əkin balansının əsas hissəsini təşkil edən taxılın becərilməsində problemlər yaradıb. Mart-aprel aylarında havaların yağıntılı olması vəziyyəti qismən xilas etsə də, bir sıra, xüsusilə aran rayonlarında 100 min hektar ərazidə taxıl sahələrinə ziyan dəymişdir. Suvarma problemi yaşanmayan digər rayonlarda məhsuldarlıq əvvəlki illə müqayisədə xeyli yüksək olsa da, quraqlıq keçmiş ərazilər səbəbindən bu il taxıl üzrə ümumi nəticə ötən ilə nisbətən 5,5 faiz az olmuşdur.

Prezident İlham Əliyev: Nə qədərdir bu gün?

İnam Kərimov: Cənab Prezident, bu il 90 faiz biçilib, 1 milyon 800 min ton buğda yığılıb və buğda istehsalı təxminən 1 milyon 900 min ton ətrafında gözlənilir.

Prezident İlham Əliyev: Məhsuldarlıq nə qədərdir?

İnam Kərimov: Bu günə faktiki yığılmış ərazilərdən məhsuldarlıq 31,3 sentner olub.

Prezident İlham Əliyev: Keçən il də təqribən 32 sentner idi?

İnam Kərimov: Bəli, 32, 31,7 sentner.

Prezident İlham Əliyev: Düşüb, amma bu tənəzzül o qədər də kritik deyil. Əgər su təminatı yaxşı olsaydı, daha çox məhsuldarlıq ola bilərdi.

İnam Kərimov: Cənab Prezident, bir məsələni qeyd edim ki, burada faktiki yığılan ərazilər götürülüb, yəni hansı ərazilərdə ki, məhsul yığılmayıb, bu statistikaya daxil edilməyib.

Quraqlıq və su çatışmazlığı pambıq bitkisinin becərilməsinə də öz təsirini göstərməkdədir. Cari ildə 100 min hektardan çox sahədə pambıq əkini həyata keçirilib. Pambıq əkinləri üzrə 7 min hektar sahədə birinci vegetasiya suvarması hələ də başa çatmayıb. Eyni zamanda, bu günə 49 min hektar sahədə ikinci vegetasiya suvarması həyata keçirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 min hektar azdır.

Pambığın suvarılmasında ən kritik faza ikinci vegetasiya suvarmasıdır. Keçənilki dövrdə bugünkü tarixə biz 23 min hektar az ikinci suvarma həyata keçirmişik. Pambığın ikinci vegetasiya suvarması vaxtında aparılmasa, məhsuldarlığın 25-40 faiz aşağı düşməsi ilə üzləşə bilərik. Hazırda pambığın suvarılması üzrə əsas problemlər daha çox Saatlı, Sabirabad, Biləsuvar, Zərdab, Salyan və Neftçala rayonlarında müşahidə olunur.

Bundan əlavə, 35 rayon üzrə 50 min hektar sahədə təkrar qarğıdalı əkini nəzərdə tutulub. Bu günədək 36 min hektar sahədə səpin aparılıb. Hazırda suvarma problemi ilə əlaqədar bu işin həyata keçirilməsində çətinliklər yaşayırıq.

Su çatışmazlığı və quraqlıq səbəbindən suya daha çox tələbatı olan bəzi bitkilərin becərilməsi üzrə də məcburi azalmalar baş vermişdir. Belə ki, şəkər çuğunduru üzrə 7500 hektar əkin nəzərdə tutulurdusa, faktiki əkin 4800 hektarda aparılıb. Çəltik üzrə 4000 hektar proqnoza qarşı 3000 hektarda əkin aparılması mümkün olmuşdur.

Mövcud vəziyyət meyvə bağları üçün də risklər yaradır. Meyvə bağlarının əsasən çoxillik ağaclardan ibarət olduğunu nəzərə alsaq, su çatışmazlığının mənfi təsiri bu sahədə daha çox ola bilər. Yaranmış vəziyyət yem bitkilərinə və təbii yem mənbələrinə də mənfi təsir göstərir. Suvarma kifayət qədər olmazsa, yem bitkiləri üzrə məhsuldarlıq xeyli dərəcədə azala bilər. Həmçinin yağıntının azalması səbəbindən otlaq sahələrində təbii ot örtüyünün zəif inkişafı müşahidə olunur. Bu da heyvandarlığın inkişafına maneələr yarada bilər.

Hazırda aqrar sektorda təsərrüfat fəaliyyətinin ən qızğın dövrüdür. Növbəti aylarda da su təminatı ilə bağlı çətinliklərin davam etməsi gözlənilir. Belə ki, əsas su kanallarına verilən suyun həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə iyul ayının sonunadək 30 faizə qədər, avqust ayında isə 40-50 faiz düşməsi gözlənilir. Söhbət Yuxarı Şirvan və Yuxarı Qarabağ kanallarından gedir.

Su çatışmazlığı, o cümlədən izafi su itkisi torpaqların şoranlaşmasına, eyni zamanda, eroziya və səhralaşmaya səbəb olur. Sadalanan problemlər torpağın münbitlik göstəricilərinin pisləşməsinə, nəticədə məhsuldarlığın aşağı düşməsinə gətirib çıxarır.

Hazırda su çatışmazlığı fermerləri narahat edən ən aktual problemlərdəndir. İlin birinci yarısında bununla əlaqədar nazirliyə 2500-dən çox müraciət daxil olub. Müraciətlər əsasən suvarmada yaranmış çətinliklər, subartezian quyularının istismarı və qazılmasında yaranmış problemlər, irriqasiya sistemlərinin nasazlığı, suvarma qrafiklərinin pozulması ilə bağlı olub. Bu problemlərin həlli üçün Sizin Sərəncamınızla yaradılmış komissiyanın koordinasiyası ilə müvafiq tədbirlər görülür, qurumların fəaliyyəti əlaqələndirilir. Mövcud su ehtiyatlarının ədalətli bölünməsi üçün 53 rayon üzrə 580 mindən çox suvarma qrafiki tərtib olunub və nazirliyin saytında yerləşdirilib. Qrafiklərə əməl edilməsi ilə bağlı yerlərdə maarifləndirmə və nəzarət işləri həyata keçirilir. Daxil olan müraciətlər təhlil edilir və baxılması üçün Meliorasiya və Su Təsərrüfatı ASC-yə göndərilir. Müraciətlərin sayına görə Goranboy, Sabirabad, Ucar, İmişli, Kürdəmir, Xaçmaz, Ağcabədi, Beyləqan, Biləsuvar və Salyan rayonları üstünlük təşkil edir. Həmçinin fermerlərin müraciətləri ilə bağlı müvafiq komissiyaya hər gün operativ məlumatlar göndərilir və problemlərin aradan qaldırılması üçün yerlərdə Meliorasiya və Su Təsərrüfatı ASC və yerli icra hakimiyyəti orqanları ilə birgə fəaliyyət göstərilir.

Görülən tədbirlərin əsas məqsədi dəyər zəncirinin bütün mərhələlərində, yəni suyun sututarlarda toplanması, kanallarla nəqli və əkin sahələrinə paylanmasında effektivliyin təmin olunmasıdır. Habelə su balansının elektronlaşdırılması, dəqiq uçot sisteminin qurulması və suvarma məlumatlarının elektron kənd təsərrüfatı sisteminə inteqrasiya edilməsi sudan səmərəli və qənaətlə istifadəni özündə ehtiva edən subsidiya mexanizminin formalaşdırılması istiqamətində təkliflər hazırlanır.

Məhdud su resursları kontekstində suvarmanın səmərəliliyinin artırılması üçün suvarma zəncirinin bütün mərhələlərində, o cümlədən birbaşa suvarma fazasında innovasiyaların tətbiqi artıq zərurətə çevrilmişdir. Suvarma zəncirinin son mərhələsi olan birbaşa suvarmada fermerlərin pivot, damlama, yağış yağdırma və tamburlu suvarma sistemlərinə marağı yüksəkdir. Dövlət tərəfindən müasir suvarma sistemlərinin qurulması təşviq edilir. Belə ki, suvarma sistemləri dövlət tərəfindən subsidiyalaşdırılan avadanlıqlar siyahısına daxildir. Son iki il ərzində nazirlik xətti ilə 9,3 min hektar ərazidə suvarma sistemlərinin qurulmasına 28,8 milyon manat subsidiya verilib. Verilən güzəştlərlə iki il ərzində iqtisadiyyata əlavə 54 milyon manat investisiya qoyuluşu təşviq edilib.

Möhtərəm cənab Prezident, hazırda yazlıq əkinlər üzrə suvarılmanın aparıldığı aktiv dövrdür. Su çatışmazlığının əkinlərə mənfi təsirinin minimuma endirilməsi üçün nazirlik tərəfindən və müvafiq komissiyanın koordinasiyası ilə digər qurumlarla birlikdə tədbirlər görüləcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sizin məruzənizdə açıq-aydın göstərilir ki, suyun çatışmazlığı iqtisadiyyatımıza, kənd təsərrüfatının inkişafına, fermerlərin gəlirlərinə nə qədər böyük ziyan vurur. Biz indi fermerləri, sahibkarları stimullaşdırmaq üçün çox böyük proqramlar icra edirik - subsidiyalar, güzəştli kreditlər, texnika ilə təminat, gübrə, yanacaqla təminat. Bütün bunları dövlət öz üzərinə götürüb ki, fermerlər daha yaxşı yaşasınlar. Biz onları torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad etmişik. Amma təkcə suyun çatışmazlığı görün bizə nə qədər böyük ziyan vurur. Taxılçılıqda məhsuldarlıq daha yüksək olmalı idi, pambıqçılıqda da həmçinin.

Bu il biz birinci dəfə təkrar əkinlə bağlı təcrübədən istifadə etdik. Mənə ilk verilən məlumat o idi ki, biz 100 min hektarda qarğıdalı əkək. Sonra suyun çatışmazlığı ilə əlaqədar bunun 50 min hektarını ixtisar etdik. Amma heç 50 min hektarda da əkə bilmədik. Misal üçün, biz 100 min hektarda bunu əkə bilsək, bu, bizə nə qədər xeyir verəcək, yem bazamız, nə qədər genişlənəcək və idxaldan asılılıq azalacaq, valyuta xaricə getməyəcək. Ona görə bütün bu məsələlər çox ciddi təhlil edilməlidir və edilir. Eyni zamanda, veriləcək tapşırıqlar və qəbul ediləcək proqram hərtərəfli olmalıdır. Biz nə mümkündürsə, bu il etməliyik. Əsas işləri, əlbəttə ki, gələn ilin əkin mövsümünə hazırlıq məqsədilə etməliyik.

Mənə göndərilən məktublarla bağlı. Mən bu məktubları Prezident Administrasiyasının şöbəsinə və Nazirlər Kabinetinə göndərirəm. Zeynal Nağdəliyev məlumat verin, məktublarda qaldırılmış məsələlərin araşdırılması və görülən tədbirlər nədən ibarətdir və bu məsələlərin təxminən neçə faizi öz həllini tapıb? Bundan sonra hansı addımların atılması gözlənilir?

Prezidentin köməkçisi Zeynal Nağdəliyev: Təşəkkür edirəm, cənab Prezident. İcazə verin, məruzə edim ki, təkcə iyulun 2-dən başlayaraq Siz tərəfdən bizə araşdırılmaq üçün 100 müraciət göndərilib. Araşdırılan müraciətlərin 10-u tam olaraq həllini tapmışdır və yüksək diqqətinizə məruzə edilmişdir. Hazırda təqribən 12-15 müraciət yerlərdə həllini tapmışdır və biz bununla bağlı məruzəyə hazırlaşırıq. Bunlar suyun çatışmazlığı ilə bağlı olan müraciətlərdir, söhbət ondan gedir. Eyni zamanda, suyun çatışmazlığı ilə bağlı 10 müraciətin Sizin tapşırığınız əsasında əlavə potensial imkanlardan istifadə etməklə həlli istiqamətində iş görülür. Sizin tapşırığınız müvafiq qurumlara çatdırılmışdır və indi o imkanlar araşdırılır. Ümumiyyətlə, yerlərdə suyun çatışmazlığında əsas məsələ, həqiqətən də suyun olmaması idi. Bəzi hallarda suyun verilməsinin, onun fermerlərə çatdırılmasının sistemliliyi pozulmuşdu. Tapşırığınıza uyğun olaraq Nazirlər Kabineti ilə birlikdə məsələyə müdaxilə etdikdən sonra nizamlanmış növbəlilik təmin edilmişdir. Arxlar təmizlənmiş, digər texniki çatışmazlıqlar aradan qaldırılmışdır. Cənab Prezident, hazırda bu istiqamətdə bütün tədbirlər görülməkdədir.

Prezident İlham Əliyev: Hər bir məktuba çox diqqətlə yanaşmaq lazımdır və həlli bilavasitə qısa müddət ərzində mümkün olan məsələlər dərhal həll olunmalıdır. Məktublarda elə məsələlər qaldırılır ki, onlar daha genişmiqyaslı iş tələb edir. Əlbəttə ki, biz onları nəzərə almalıyıq. Artıq İqtisadiyyat Nazirliyinə göstəriş verildi ki, bizim investisiya proqramımızın imkanları daxilində bu məqsədlər üçün əlavə vəsaitin ayrılması da nəzərdən keçirilsin və biz gələn ili gözləməyək, nə mümkündürsə, bu il edək. Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi əlavə vəsaitin tapılması ilə əlaqədar birlikdə işləsinlər.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, vəziyyətlə bağlı məruzə edin.

Nazir Kəmaləddin Heydərov: Çox sağ olun, möhtərəm cənab Prezident. Azərbaycan Respublikasının su ehtiyatlarının qiymətləndirilməsi layihəsi haqqında Sizin tapşırığınıza əsasən 2014-cü ildə Niderlandın “Deltares” şirkəti ilə müqavilə bağlanmışdır və ölkəmizin bütün su balansının çıxarılması, həm yeraltı ehtiyatların, həm də yerüstü çayların, göllərin təhlili prosesi başlanmışdı. Təəssüflər olsun ki, 2014-cü ildən sonra bu layihənin icrası müəyyən maliyyə çatışmazlıqları səbəbindən dayandırılmışdır.

Yüksək diqqətinizə məruzə edirəm ki, bu dövr ərzində Bakı və Abşeron yarımadasının bütün yeraltı, yerüstü suları və gölləri haqqında təhlil hazırlanmış və müvafiq orqanlara göndərilmişdir. Amma bizim ölkə üzrə digər çaylarımızın, göllərimizin tam təhlili əlavə vəsait tələb edir və qısa müddətdə başa çatdırıla bilər. 2017-ci ildən bu layihənin həyata keçirilməsi dayandırılmışdır.

Möhtərəm cənab Prezident, vaxtınızı çox almamaq üçün bir cümlə ilə qeyd edim ki, həm hidrotexniki qurğuların, həm göllərin və su anbarlarının vəziyyəti haqqında müvafiq qurumlara ünvanladığımız məktubların bir qismi öz həllini tapmışdır. Azərenerji tərəfindən Mingəçevir gölünün beton hissəsinin su-torpaq yuyulmasından qorunması üçün işlər tamamilə başa çatdırılmışdır. Yuxarı Qarabağ kanalının bütün layihə işləri hazırlanıb verilmişdir. Amma, möhtərəm cənab Prezident, bu, Sizin qeyd etdiyiniz kimi, köklü və əsaslı surətdə təmin olunmalıdır. Əgər biz həm suvarma suyunun, həm içməli suların tam nəzarətdə olması və səmərəli istifadə edilməsi, ədalətli bölünməsi üçün işlər görmək istəyiriksə, bir neçə təklifimiz var. İcazənizlə, onların bir-ikisini səsləndirim.

Suyun uçotunun təkmilləşdirilməsi üçün müasir ölçmə vasitələrinin tətbiq edilməsi. Bu prosesi Baş Nazirin müavininin dediyi kimi, biz başlamışıq, yəqin ki, qısa müddətdə başa çatdıracağıq. Əkin sahələrində suya qənaətedici müasir suvarma texnologiyasının tətbiqi üçün istehsalçılara dövlət dəstəyinin verilməsi. Kollektor-drenaj tullantı sularının təmizlənməsi, təkrar istifadəyə cəlb olunması istiqamətində tədbirlərin hazırlanması və həyata keçirilməsi. Dağ çaylarında relyefin imkan verdiyi yerlərdə sel sularının toplanması üçün kiçik su anbarlarının və yağış sularının toplanması məqsədilə sututarların tikintisi.

Möhtərəm cənab Prezident, Sizinlə müzakirə zamanı suvarma dövründən başqa dağ çaylarındakı suyun akkumulyasiya olunması üçün müvafiq yerlərin seçilməsi və oralarda qış dövründə, yəni suvarma olmayan dövrdə suların akkumulyasiya edilməsi haqqında mənə tapşırıq vermişdiniz. Biz Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutu ilə bu istiqamətdə bəzi yerlərdə araşdırma aparmışıq. Onun reallaşdırılması üçün xarici mütəxəssislərə ehtiyacımız var və yəqin ki, onları pandemiyadan sonra dəvət edəcəyik. Çünki təbii olaraq Kürün suyu artmağa doğru deyil, azalmağa doğru gedir. Bizim də əsas su ehtiyatlarımızı təmin edən Mingəçevir, Varvara, Şəmkirçay və digər anbarlardır. Ona görə də biz gələcək üçün mövcud anbarların faydalı həcmini artırmaqdan ötrü Varvara, Türyançay və Əliçay çaylarını təmizləməliyik.

Bir də, möhtərəm cənab Prezident, bildirməliyəm ki, dövlət əhəmiyyətli Şəmkir, Yenikənd, Mingəçevir, Varvara və Ceyranbatan hidroqovşaqlarının texniki təhlükəsizliyinin qiymətləndirilməsi məqsədilə Yaponiyanın “Kahişa” şirkəti ilə 2017-ci ildə bağlanmış müqavilənin həyata keçirilməsi üçün vəsaitin ayrılması lazımdır.

Prezident İlham Əliyev: Bəs nə üçün bu müqavilə icra edilməyib? 2017-ci ildə bağlanıb, üç il keçib, niyə icra olunmayıb?

Kəmaləddin Heydərov: Deməli, 9 milyon dollar vəsait çatışmadı. Ona görə də bu layihənin icrası dayandırıldı.

Prezident İlham Əliyev: Onda gərək bu məsələ çoxdan öz həllini tapaydı. Bir halda ki, müqavilə bağlanıb. Buyur, Maliyyə naziri, arayış ver.

Maliyyə naziri Samir Şərifov: Möhtərəm cənab Prezident. Məsələ ilə bağlı məruzə etmək istərdim ki, bu vəsaitin ayrılması ilə bağlı Nazirlər Kabinetinin xüsusi bir qərarı olub. Həmin qərara əsasən, bu vəsaitin bir qismi Fövqəladə Hallar Nazirliyi tərəfindən 2 milyon dollar məbləğində həll edilməli idi. Yerdə qalan hissəsi ilə “Azərenerji” Səhmdar Cəmiyyəti tərəfindən görülməli idi. Lakin naməlum səbəblərə görə bu məsələlər öz həllini tapmadı. Hər iki qurumun vəsaiti olub və 2014-cü ildə də “Deltares” şirkətinin apardığı texniki araşdırma ilə bağlı da burada mən sözün açığı hər hansı bir əsas tapa bilmirəm, nəyə görə bu vəsait olmayıb. Amma icazə versəniz, biz bununla bağlı müvafiq arayış təqdim edə bilərik.

Prezident İlham Əliyev: Siz məsələni araşdırın. Çünki mən belə başa düşürəm ki, bu vəsait olub, ancaq Fövqəladə Hallar Nazirliyi və Azərenerji bundan istifadə etməyib. Elədir?

Samir Şərifov: Bəli. O zaman bu vəsaiti dövlət büdcəsindən istəyiblər. Cənab Prezident, amma hər iki qurum bilir ki, bu, büdcədə nəzərdə tutulmamışdı. Bununla bağlı həm Azərenerjidə bunun bir hissəsinin verilməsi nəzərdə tutulmuşdu, 2 milyonunu isə Fövqəladə Hallar Nazirliyi ayırmışdı.

Prezident İlham Əliyev: Bu, böyük vəsait deyil. Bunu indi yubatmaq olmaz. Neçə il keçib və əgər bu vaxtında olsaydı, bu qiymətləndirmə də aparılardı və bütün təmir-bərpa işləri görülərdi.

Kəmaləddin Heydərov: Möhtərəm cənab Prezident, bizim tərəfimizdən 2 milyon və xatirimdədirsə 3 milyon da Azərenerji tərəfindən ayrılmışdı və qalan hissəsini büdcə təmin etməli idi. Sonradan bu vəsait təmin olunmadığına görə layihə dayandırılmışdır.

Prezident İlham Əliyev: Gərək, məsələ qaldıraydınız. Vəsait təmin olunmayıb, siz də məsələ qaldırmamısınız. Mən bu gün bunu eşidirəm. İndi Baş Nazirə tapşırıq verirəm ki, tez bir zamanda bunu həll edin və builki investisiya proqramından vəsait ayırın ki, bu məsələ tezliklə həll olunsun. Siz də tərəf müqabilləri ilə əlaqə saxlayın və onları indi dəvət etmək lazımdır ki, gəlib bu qiymətləndirməni aparsınlar. Çünki bilirsiniz, əgər bu bürokratiya belə davam edərsə, bu, heç bir nəticəyə gəlib çatmayacaq. Çünki kontrakt imzalanıb, vəsait ayrılmayıb. Nəyə görə ayrılmayıb? Kimsə ya istəməyib, ya da ki, istəyib kimsə verməyib, ya sonra ixtisar olunub. Belə şeylərə son qoymaq lazımdır.

İndi isə Ekologiya və Təbii Sərvətlər naziri, məlumat verin.

Nazir Muxtar Babayev: Hörmətli cənab Prezident, bildiyiniz kimi, iqlim dəyişmələrinin təsiri nəticəsində su ehtiyatlarımız son onilliklərdə təqribən 15 faiz azalmışdır. Beynəlxalq iqlim modelləri göstərir ki, 2050-ci ilədək su resurslarımız təqribən daha 15 faizə qədər azala bilər. Əvvəlki dövrlərdə quraqlıq müddəti 2-3 il davam edirdisə, son 8 ildə davamlı quraqlıqlar müşahidə olunur. Aparılan araşdırmalar göstərir ki, dünya ölkələrində olduğu kimi, ölkəmizdə də yağıntıların zaman və məkan üzrə qeyri-bərabər şəkildə paylanması baş verir. İqlim dəyişmələri nəticəsində ölkəmizdə havanın temperaturu yüksəlir, bunun nəticəsi olaraq ölkənin dağlıq ərazilərində şaxtalı və qarlı günlərin sayının azalması qeydə alınır. İqlimin istiləşməsi ölkənin dağ çaylarını qidalandıran qar ehtiyatının və buzlaqların azalmasına da səbəb olur. Yağıntıların azalması Xəzərsahili rayonlar istisna olmaqla, ölkənin bütün regionlarını əhatə edir. Anomal hadisələrin sayı və sel-daşqın proseslərinin təkrarlanması artır. Kür və Qanıq çaylarında sululuq norma ilə müqayisədə 2019-cu ildə 29,2, son 6 ayda isə 45,8 faiz azalıb. Yağıntılar norma ilə müqayisədə 2019-cu ildə 17 faiz, 2020-ci ildə isə 25 faiz az olub. Əsas dağ çaylarımız formalaşan ərazilərdə son 10 ildə yağıntının miqdarı orta hesabla 8,7 dəfə azalmışdır. İqlimin inertliyini əsas götürsək, növbəti onillikdə iqlim norma ilə müqayisədə daha 8 faiz azalmanı ehtimal etmək olar. Hər il mütəmadi olaraq hidrometeoroloji xidmət çaylarda sululuq üzrə proqnozları hazırlayır və müvafiq qurumlara təqdim olunur. Bu proqnozlar həm də dağlarda qarölçmə işləri əsasında aparılır. Bu qədər, cənab Prezident.

Prezident İlham Əliyev: İndi söz verilir Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Kərəm Həsənova. Mənə geniş arayış hazırlayıb. Çox böyük təhlil işi aparılıb. Bu təhlil işini, bu arayışı mən komissiyaya göndərmişəm, komissiya da buna baxır. Siz, indi görülmüş işlərlə bağlı qısa məlumat verin və mövcud vəziyyəti necə qiymətləndirirsiniz?

Kərəm Həsənov: Təşəkkür edirəm, möhtərəm cənab Prezident. Sizin tapşırığınızla, əhalinin içməli su təminatı, suyun keyfiyyəti və bu sahədə olan vəziyyətlə, eyni zamanda, kənd təsərrüfatının suvarma sistemi ilə bağlı yaxın günlərdə tərəfimizdən monitorinq aparılmışdır. Həmçinin ölkənin mövcud su ehtiyatları, onlardan istifadə vəziyyəti ilə bağlı araşdırmalar aparılmış və hazırlanmış arayış ali diqqətinizə təqdim edilmişdir.

İcazənizlə, mövcud vəziyyətlə bağlı onu demək istərdim ki, tamamilə çox düzgün buyurursunuz, ölkəmizin su mənbələri üzrə ehtiyatları təxminən 35,6 milyard kubmetr qiymətləndirilir. Axırıncı dəfə ölkə üzrə yerüstü su ehtiyatlarımız 1970-ci ildə, yeraltı su ehtiyatlarımız isə 1980-ci illərdə qiymətləndirilmişdi. Biz hazırda su sistemi ilə bağlı məlumatları bu qiymətləndirmələrdən əldə edirik. Təxminən 40-50 il keçməsinə baxmayaraq, su ehtiyatlarımız yenidən qiymətləndirilməmişdir. Bayaq Fövqəladə Hallar naziri bu məsələ ilə bağlı qeyd etdi. Eyni zamanda, 35,6 milyard kubmetr su ehtiyatından il ərzində içməli su üçün təxminən orta hesabla 653 milyon kubmetr su götürülür. Bu da əvvəllər su ehtiyatlarımızın 1,8 faizini təşkil etmişdir. Hazırda isə 15 faiz su ehtiyatlarının azalması bu rəqəmlərə təsir etmişdir . Mövcud su ehtiyatlarına içməli su 2,2 faiz nisbətindədir. Amma buna baxmayaraq, bu rəqəmlər suyun təminatının azalmasına çox cüzi təsir edir.

Cənab Prezident, bir rəqəmi demək istərdim ki, sistem üzrə götürülən 653 milyon kubmetr suyun təxminən orta hesabla 57 milyon kubmetri, yəni 9 faizi sistemin texnoloji proseslərinə sərf edilir, 286 milyon kubmetr su isə müxtəlif sərflərə silinir. Yalnız təxminən 283 milyon kubmetr su – bu, şəbəkəyə daxil olan suyun 45 faizi, götürülmüş suyun isə 50 faizi deməkdir, istehlakçılara çatdırılmışdır. Çox düzgün qeyd etdiniz ki, su itkiyə məruz qalır və bu da təxminən istehlakçılara verilən su təchizatının 50 faizi həcmindədir. Yəni, istehlakçılara verilən su itkiyə gedən sudan azlıq təşkil edir. Bəli, bu rəqəmlər var. Eyni zamanda, çox düzgün qeyd etdiniz ki, su anbarlarımızda mövcud vəziyyətlə, yəni hidrotexniki qurğuların və avadanlıqların istismar müddəti ilə bağlı bəzi yerlərdə vaxtı keçmiş məsələlər var. Ona görə də çox doğru tapşırıq oldu ki, bu təhlükə mənbələrinin aradan götürülməsi üçün hidrotexniki qurğuların yenilənməsi ilə bağlı müvafiq iş aparılsın.

Digər məsələ isə, çox düzgün buyurdunuz ki, suya qoyulan investisiyaların sosial-iqtisadi səmərəliliyi düzgün hesablanmır. Yəni, həm əhalinin sayına görə, eyni zamanda, təchizat sistemində, yəni investisiyaların geri dönməsi, iqtisadi cəhətdən onların səmərəli olması heç də düzgün hesablanmır və sosial səmərəliliyinə baxılmır. Belə ki, bəzi ərazilərdə, məsələn Xaçmaz rayonunda biz bu məsələlərə baxmışıq. Xaçmaz rayonunda su təchizatı həll edilməmişdən öncə bir su mənbəyi müəyyən olunmuşdur. Sonradan isə bu mənbəyə də quraqlıq təsir etmişdir və bulaq qurumuşdur. Nəticədə bu gün 2 min fərdi ev, təxminən 10 minə yaxın əhali su təchizatından narazıdır. Bu narazılığı biz ali diqqətinizə çatdırmışıq və Siz göstəriş vermisiniz. Biz əməkdaşlarımızı Xaçmaz rayonuna dərhal ezam etdik və Zeynal Nağdəliyevin şöbəsinin əməkdaşları ilə birlikdə orada bu məsələlərlə məşğul olduq.

Eyni zamanda, şikayətlərlə bağlı isə onu demək istərdim ki, 12 rayondan su təchizatı ilə bağlı şikayətlər var idi. Bunu, əsasən, aran rayonları - Sabirabad, Saatlı, Kürdəmir, Ucar, İmişli, Biləsuvar rayonları təşkil edirdi. Sizin tapşırığınız əsasında onların su ilə təminatı məsələlərinə ciddi fikir verilmişdir və məsələlər araşdırılmışdır.

Suvarma sistemi ilə bağlı isə onu demək istərdim ki, orta hesabla ölkə üzrə illik 6,3 milyarddan 6,7 milyard kubmetrə qədər su təminatı mövcuddur. Ölkə üzrə orta hesabla 2017-2019-cu illərdə, əslində, il ərzində 3,2 dəfə suvarma olmalıdır. Bu, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin verdiyi məlumatlardır. Əslində, faktiki vəziyyətdə isə bir qədər fərqli rəqəmlər görünür. Kənd Təsərrüfatı naziri də bu məsələni qeyd etdi. Yəni, 28 rayonda 671 min 264 hektar kənd təsərrüfatı torpaqlarının 50 faizində suvarma ortalama həddən aşağı olmuşdur. Məsələn, daha kritik vəziyyət Qobustan rayonunda 1,2 dəfə, Ağsuda 1,4 dəfə, Şamaxıda 1,6 dəfə və Füzuli rayonunda 1,8 dəfə suvarma işləri həyata keçirilmişdir. Bu da kənd təsərrüfatının, xüsusilə aqrar sektorun inkişafına çox ciddi mənfi təsir edən amillərdən biridir. Beləliklə, Sizin tapşırığınızla biz həm kənd təsərrüfatının suvarma sistemində, həm də əhalinin içməli su ilə təminatı sistemində bu məsələlərə fikir veririk və Sizin tapşırığınızla nəzarətə götürmüşük, baxırıq. Amma suda sanitar məsələləri də xüsusilə qeyd etmək istərdim. Cənab Prezident, ali diqqətinizə çatdırıram ki, suyun keyfiyyətinə, epidemioloji vəziyyətə aidiyyəti qurumlar tərəfindən fikir verilsə, daha yaxşı olar. Bu qədər. Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Bilirsiniz bu, nəyi göstərir? Onu göstərir ki, uzun illər ərzində bu sahəyə dövlət nəzarəti olmamışdır, o cümlədən Prezident Administrasiyasından da olmamışdır. Mən Dövlət nəzarəti şöbəsinə göstəriş verəndən sonra onlar işə başladılar, geniş arayış hazırladılar. Kərəm Həsənov bütün məsələləri indi demədi, çünki vaxt baxımından imkan yoxdur. Amma bu arayışda hər şey göstərilib. Komissiya formalaşdı, işə başladı, üç ay ərzində təhlil apardı, demək olar ki, bütün qüsurlar üzə çıxdı. Yaxşı, bu qüsurları görən yox idimi? Aidiyyəti qurumlar bu məsələ ilə nə üçün məşğul olmurdular? Hesab edirdilər ki, orada boru çəkdim, burada kanalı betonladım. Bununla da iş bitir? Bununla iş bitmir. Gərək işi elə qurasan ki, fermerlər, vətəndaşlar razı olsunlar. Su qıtlığı ola bilər, təbii səbəblər var. Aydın məsələdir ki, keçən il, bu il heç tarixdə bəlkə də görünmədiyi səviyyədə quraqlıq var idi. Amma əgər düzgün işlər görülsəydi, vaxtında bu məsələlər üzə çıxsaydı, əlbəttə ki, biz bu vəziyyətdən daha az itkilərlə çıxardıq. Ona görə bugünkü müşavirədən sonra, əlbəttə, geniş tədbirlər planı hazırlanacaq. Bu gün səslənən təkliflər və eyni zamanda, aidiyyəti qurumlar tərəfindən aparılmış təhlil nəticəsində təkliflər, yerlərdən gələn təkliflər mütləq nəzərə alınmalıdır. Çünki regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramını və ondan sonrakı proqramları qəbul edərkən biz yerlərdən məlumat əsasında bir çox məsələləri o proqramlara daxil etdik. İnsanları nə narahat edir? Hansı rayonda hansı problem var? Bu ərizələr və təkliflər əsasında biz bu proqramları tərtib etdik. Eyni qaydada bu dəfə də bu, olmalıdır. Çünki bütün mövcud problemlər gərək bu proqramda öz əksini tapsın.

Su təsərrüfatı balansına gəldikdə, yaxşı ki, bu məsələ qısa müddət ərzində həll olundu. Təbii ki, bundan sonra müntəzəm olaraq su balansı hazırlanmalıdır. Bu, bizim üçün əsas “yol xəritəsi” olacaqdır. Su balansı tərtib olunmadan biz öz işimizi planlaşdıra bilmərik.

Bizim əsas su obyektlərində müasir ölçü cihazları quraşdırılmalıdır və bir neçə obyektdə artıq quraşdırılıb. Amma bu, çoxdan olmalı idi. Necə ola bilər ki, bizim əsas su anbarlarında ölçü cihazları yoxdur. Nə qədər su gəldi, nə qədər su çıxdı, dədə-baba üsulu ilə baxırlar, səviyyəyə baxırlar, orada xətlərə baxırlar, ondan da nəticə çıxarırlar. Ona görə indi mən Şahin Mustafayevdən soruşmaq istəyirəm ki, hansı obyektlərdə bu quraşdırıldı və bu məsələ nə vaxt tam təmin ediləcək?

Şahin Mustafayev: Cənab Prezident, 12 ədəd müasir ölçü cihazı Fövqəladə Hallar Nazirliyi tərəfindən əldə olunub və ondan 4-ü artıq quraşdırılıb. Biz, ilk növbədə, məsləhətləşdik, baxdıq ki, əsas suyumuz haradadır. Ona nəzarəti təmin etmək üçün Mingəçevir Su Anbarını götürdük. Mingəçevir Su Anbarına üç çıxış var - Yuxarı Qarabağ, Yuxarı Şirvan kanalları, bir də Mingəçevir SES-ə gedən Varvara Su Anbarına tökülən yerdə.

Biz, ilk növbədə, bu üç yerdə və bir də Mingəçevirin özünün su həcminin ölçülməsi üçün cihaz quraşdırdıq. Bu 4 cihaz artıq quraşdırılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən də 25 cihaz əldə olunub. Mən düşünürəm ki, təxminən bir ay ərzində daha 33 cihaz quraşdıracağıq. Komissiyada baxmışıq ki, ilk növbədə, hansı nöqtələrdə bu cihazlar quraşdırılmalıdır. Bir neçə gün öncə biz komissiyada məsləhətləşdik, razılaşdırdıq ki, şimal istiqamətində bir neçə ən önəmli su anbarında və kəmərlərdə, kanallarda da bu cihazları quraşdıraq. Düşünürəm ki, biz bu sahədə bütün işləri bu ilin sonunadək zəruri yolla, amma kritik olanları bir ay ərzində başa çatdıracağıq.

Prezident İlham Əliyev: Fövqəladə Hallar naziri əlavən var?

Kəmaləddin Heydərov: Möhtərəm cənab Prezident, əslində, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində suölçmə cihazları artıq var idi. Amma onlar mənəvi və fiziki olaraq köhnəlmişdi. Sizin tapşırığınızdan sonra bu yeni cihazların əldə olunması və quraşdırılması prosesi gedir. Baş Nazirin müavininin dediyi kimi, qısa bir müddətdə ən vacib yerlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə bunları quraşdıracağıq. İkinci və üçüncü əhəmiyyətli yerlərdə də ilin axırına qədər bu proses qurtaracaq.

Qeyd etdiyiniz kimi, bizim su itkilərimizin 40, bəzi yerlərdə də 50 faizi beton və torpaq kanallarda baş verir. Biz Almaniya şirkətləri ilə danışıqlar aparmışıq. Suyu dayandırmadan, yeni üsullarla onu beton kanallarla deyil, digər materiallar var, onlarla üzlənmiş kanallarla nəql edib, su itkisini çox minimuma endirmək olar. Əgər icazə versəniz, biz bu barədə müvafiq qurumlarla danışaq, nəticələrini Nazirlər Kabinetinə təqdim edək. Yeni materiallar həm tez başa gəlir, həm ucuzdur, həm də quraşdırılan vaxt suyun qabağını dayandırmır. İcazə versəniz, bu işə başlayardıq.

Prezident İlham Əliyev: Bəli, mütləq məşğul olun. Mən bir dəfə bu haqda fikrimi demişəm. Demişəm ki, indi dünyada texnologiyalar inkişaf edir. Biz də gərək ən qabaqcıl texnologiyaları ölkəmizə gətirək. Biz həmişə hesab edirdik ki, əgər torpaq kanalı beton üzlüklə örtülərsə, itkilər azalacaq. Amma bu, həm böyük xərc, həm də vaxt tələb edir. Ona görə tezliklə dediyiniz o şirkətlə əlaqə saxlayın, onları dəvət edin. Qoy, bizə göstərsinlər və bir pilot layihə də icra etsinlər. İqtisadiyyat Nazirliyi aidiyyəti qurumlarla birlikdə vəsaitlə bağlı məsələləri həll etsinlər ki, biz vaxt itirmədən bu işə başlayaq. Bizim kanallarımızın 73 faizi torpaq kanallardır. Bu da, əlbəttə ki, itkilərin əsas səbəbidir.

Mingəçevir Su Anbarının Yuxarı Qarabağ kanalına çıxış hissəsi yenidən qurulmalıdır. Bu məsələ ilə bağlı qərar qəbul edildi, yoxsa yox?

Şahin Mustafayev: Cənab Prezident, komissiyanın bəzi üzvləri orada oldular, baxdılar. Yuxarı Qarabağ kanalının giriş hissəsində qapı var. O qapı faktiki işləmir və o qapının işləməməsi prinsip etibarilə çox ciddi təhlükə yarada bilər. Çünki bu qapı həm Yuxarı Qarabağ kanalına tunelin girişini qoruyur, həm də suyun həcmini tənzimləyir. Ona görə orada olduq, vəziyyət çox pisdir, ağırdır. Bu məsələyə təcili olaraq baxılmalıdır. Artıq Fövqəladə Hallar Nazirliyi Yaponiya şirkəti ilə müqavilə bağlayıb, araşdırmalar aparılıb, layihə-smeta sənədləri hazırdır.

Fövqəladə Hallar Nazirliyi komissiyaya müraciət edib, komissiyadan materiallar artıq İqtisadiyyat Nazirliyinə göndərilib. İqtisadiyyat Nazirliyi qısa müddətdə layihəyə baxıb, öz qiymətləndirməsini verəcək. Hesab edirəm ki, bu layihənin qısa müddətdə başa çatdırılması mümkündür və zəruridir.

Prezident İlham Əliyev: İcra müddəti təxminən nə qədər ola bilər?

Şahin Mustafayev: Yəqin söhbət aylardan gedəcək, cənab Prezident.

Prezident İlham Əliyev: Onda uzatmayın. Tezliklə baxın məsələyə. Əlbəttə ki, bu, müşavirənin yekunu olaraq imzalanacaq Sərəncamda da öz əksini tapmalıdır.

Şahin Mustafayev: Baş üstə.

Prezident İlham Əliyev: Elektron su təsərrüfatı informasiya sistemi haqqında artıq burada deyildi. Bildiyimə görə, indi əsasnamə hazırlanır. Bunu da tezləşdirin, tezliklə təqdim edilsin, imzalansın. Bu, elektron kənd təsərrüfatı informasiya sistemi ilə inteqrasiya şəklində artıq vahid bir informasiya sistemi kimi olacaq. Eləmi?

Şahin Mustafayev: Bəli, cənab Prezident. Elektron su təsərrüfatı informasiya sistemi bütün aidiyyəti dövlət qurumlarının informasiya sistemlərinə inteqrasiya olunacaq, o cümlədən kənd təsərrüfatı informasiya sisteminə.

Prezident İlham Əliyev: Eyni zamanda, biz peyk imkanlarımızdan da istifadə etməliyik. Mən bilirəm ki, “Azərkosmos” da bu işlərə cəlb edilib. Mütləq müntəzəm olaraq həm müşahidə aparılmalıdır, eyni zamanda, mövcud problemlər artıq peyk vasitəsilə müəyyən edilməlidir. Bu işlər də müntəzəm olaraq aparılmalıdır.

Əkin sahələrinin müasir texnologiyalar əsasında suvarılmasına böyük ehtiyac var. Xüsusilə nəzərə alsaq ki, indi biz suya qənaət etməliyik. Ona görə biz bu işlərə xarici mütəxəssisləri cəlb etməliyik. İndi komissiya bu məsələ ilə məşğul olsun və eyni zamanda, biz gərək sahibkarları da həvəsləndirək. Yəni, sahibkarlar üçün həvəsləndirici addımlar atılmalıdır ki, onlar bu müasir texnologiyalara daha da yaxından cəlb olunsunlar. Ola bilər güzəştli kreditlər, yaxud da ki, hansısa imtiyazlar xətti ilə ki, təkcə dövlət öz üzərinə götürməsin. Onsuz da biz lazımi infrastruktur məsələlərini həll edəcəyik. Amma bu, sahibkarların özləri üçün də bir motivasiya yaratsın ki, müasir texnologiyalardan istifadə etsinlər. Burada, əlbəttə, maarifləndirmə işi aparılmalı, təqdimatlar keçirilməlidir, sahibkarlar görsünlər ki, əgər bu texnologiyadan istifadə edəcəklərsə, onda dövlətin güzəştləri nə olacaq və deməli, məhsuldarlıq nə qədər artacaq.

Yeraltı və yerüstü su resurslarının qiymətləndirilməsi məsələsi, hesab edirəm ki, həll olunub. Çatışmayan vəsait tezliklə ayrılmalıdır və həmçinin hidrotexniki qurğuların təftişinə də mütləq xarici mütəxəssislər cəlb edilməlidir.

Əkin sahələrinin suvarılması üçün qrafiklərin tətbiq edilməsi prosesi başlamışdır. Hesab edirəm ki, bu, çox əhatəli bir proses olmalıdır. Ölkə üzrə hər yerdə qrafiklər tətbiq edilməlidir və çox ciddi nəzarət olmalıdır. Bu məsələ həll olunarkən, əlbəttə ki, “Elektron kənd təsərrüfatı” informasiya sistemi ilə də uzlaşdırılmalıdır və fermerlər də buna cəlb edilməlidir. Çünki suların bölüşdürülməsi ədalətli olmalıdır. Yerlərdən gələn bəzi məktublar da göstərir ki, müəyyən hallarda bu ədalət prinsipi pozulur. Kimin imkanı var, kimin təsiri var, kimin haradasa yüksək vəzifədə qohumu var, onun əkin sahəsinə su verilir, amma başqa fermer susuz qalır. Ona görə qrafiklər ədalətli olmalıdır və geniş ictimaiyyət bu işlərə cəlb edilməlidir. Əlbəttə ki, nəzarət mexanizmi olmalıdır. Mərkəzi və yerli icra orqanları birlikdə bu işlərlə məşğul olsunlar.

Mənə verilən məlumata görə, bir çox yerlərdə su xətlərinə qanunsuz qoşulmalar var və bu məsələyə heç kim cavabdehlik daşımır. Birincisi, bu qoşulmalar qanunsuzdur və buna yol vermək olmaz. İkincisi, mənə gələn məlumata görə, bəzi təsərrüfatlarda lazım olmayan qədər sudan istifadə edilir, ancaq digər təsərrüfatlara su çatmır. Ona görə burada da çox işlək nəzarət mexanizmi olmalıdır, həm viziual, həm elektron nəzarət mexanizmi. İndi xüsusi cihazlar var ki, onlar, misal üçün, borularda təzyiqin aşağı düşməsi nəticəsində dərhal siqnal verir. Ona görə burada da ən müasir sistemlər tətbiq edilməlidir ki, bu məsələ elektronlaşdırılsın və vahid informasiya portalında, informasiya sistemində öz əksini tapsın. Onda siz görəcəksiniz, əgər hansısa hissədə təzyiq aşağı düşübsə, deməli, orada qanunsuz qoşulmalar var. Buna qətiyyən yol vermək olmaz.

Bütün bu qanunsuz qoşulmalar tezliklə aradan qaldırılmalıdır. Yerli və mərkəzi icra orqanları, lazım gələrsə, hüquq-mühafizə orqanları bu işlərə cəlb edilməlidir ki, burada bu xaosa son qoyulsun. Ən dəhşətlisi odur ki, heç kim buna məsuliyyət daşımır. Qanunsuz qoşulmalara qarşı heç bir cəza mexanizmi, yaxud da ki, nəzarət mexanizmi yoxdur. Çünki bütün qurumlar hesab edir ki, bu, onun işi deyil. İndi əgər komissiya işləməsəydi, bu komissiyanı mən yaratmasaydım və bunu üzə çıxarmasaydım, belə də davam edəcəkdi. Ona görə mütləq bu məsələ tezliklə öz həllini tapmalıdır.

İtkilərlə bağlı. İtkilərin kəskin azaldılması ilə bağlı kompleks tədbirlər görülməlidir. Əlbəttə, itkilərin əsas mənbəyi torpaq kanallardır, amma təkcə torpaq kanallar deyil. Digər mərhələlərdə də itkilərə yol verilir. Bəzi hallarda bu itkilər süni şəkildə şişirdilir. Bəzi hallarda heç itki olmur, amma suyun həcmi itkilərə silinir. Mənə verilən məlumata görə, burada da xoşagəlməz hallar kifayət qədər geniş vüsət alıb. Ona görə, birincisi, biz bu itkiləri azaltmalıyıq. Çünki 40-50 faiz itki dözülməz səviyyədir. Mən yenə də deyirəm, əgər itkilər aradan qaldırılsa, bizim mövcud su mənbələrimiz və su resurslarımız kifayətdir.

İçməli su layihələrinə, meliorasiya layihələrinə böyük vəsait qoyulur. İndi müasir texnologiyalar var. Həmçinin boruların istismar müddətinin uzadılması üçün yeni texnologiyalar var, onlardan istifadə etmək lazımdır. Amma elə bil ki, bu itkilər kiməsə sərf edir. Çünki itkilər olan yerdə uçot olmur. Nəyi istəyirsənsə, itkilərə silmək olar. Ona görə ayrıca bir proqramın içində xüsusi bir istiqamət olmalıdır və qrafik tutulmalıdır ki, itkilərin azaldılması hansı templə gedəcək, hansı ildə hansı səviyyəyə düşəcək və əgər düşməyəcəksə, buna məsuliyyət daşıyan qurumların rəhbərləri cəzalandırılmalıdır. Yoxsa ildən-ilə mən bunu eşidirəm - itkilər, itkilər. Yaxşı, itkilər var, amma bunun qarşısını almağın yolu da var. Bu illər ərzində məgər bu yolu tapmaq mümkün deyildi?! Deməli, kimsə maraqlıdır ki, bu itkilər olsun. Hər kəs nəticə çıxarsın.

Dağ çaylarının sularının yığılması ilə bağlı təkliflər səsləndi. Mən bunu dəstəkləyirəm. Artıq bizim dağ çaylarımızda mövcud olan resursların geniş təhlili aparılıb. Ona görə sututarların, kiçik su anbarlarının tikilməsi və dağ çaylarının bizim əsas su xətlərinə birləşdirilməsi məsələlərinə də mütləq baxılmalıdır. Hesab edirəm ki, biz bu işi qısa müddət ərzində görə bilərik. Yenə də çox işlək bir nəzarət mexanizmi olmalıdır.

Bir məsələ də su ehtiyatlarının qiymətləndirilməsi ilə bağlıdır. Bu qiymətləndirmə aparılarkən, eyni zamanda, müəyyənləşdirilməlidir ki, bizim su ehtiyatlarımızın artırılması ehtimalı nə dərəcədə realdır, bu, mümkündür, yoxsa yox. Bəlkə də bizim bilmədiyimiz elə sahələr var ki, orada mənbələr var, sadəcə olaraq, işlər görülməyib, kəşfiyyat aparılmayıb. İndi burada mənə məlumat verilir ki, yeraltı və yerüstü su mənbələri sovet dövründə qiymətləndirilib. Görün, bunun üstündən nə qədər vaxt keçib. Üstəgəl yeni texnologiyalar. Bizim bəlkə də haradasa geniş su mənbələrimiz var, biz, sadəcə, onu bilmirik.

Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisini də sovet vaxtında əldə olunmuş bilgilər əsasında icra etmişik. O vaxt bu məsələ ortaya çıxmışdı, təkliflər səsləndirilmişdi. Ancaq o vaxt biz mərkəzi ümumittifaq fondlardan asılı olduğumuz üçün bu sahəyə vəsait ayrılmamışdı, ona görə icra edilmədi. Ancaq layihə olmasa da, hər halda bütün bilgilər var idi ki, bu bölgədə geniş və çox gözəl, təmiz su mənbələri var. Ona görə bu qiymətləndirilmə aparılarkən su ehtiyatlarımızın artırılma ehtimalı da mütləq təhlil edilməlidir.

Torpaq kanalların yenidən qurulması ilə bağlı artıq təklif verildi. İndi qısamüddətli və uzunmüddətli proqram tutulmalıdır. Dediyim kimi, xarici mütəxəssislər, yeni texnologiyalar cəlb olunmalı, pilot layihələr icra edilməlidir. Siz o pilot layihələrin icrası üçün bir neçə yer seçin ki, biz bu işi bir neçə kanalda başlayaq və sonra bunu təqribən bir neçə ay, bəlkə bir il ərzində sınayaq. Əgər səmərəli olarsa, bu yeni texnologiyalardan istifadə edə bilərik.

Verilən təkliflər arasında ilkin mərhələdə 22 kanalın yenidən qurulması nəzərdə tutulur. Ona görə bu kanallar yenidən necə qurulacaq, bax, əsas məsələ bundadır. Əgər buna nail ola bilsək, biz təqribən 300 min hektara yaxın əkin sahəsinin su ilə təminatını tam həll edəcəyik.

Mil-Qarabağ kollektorunun yenidən qurulması məsələsi də gündəlikdədir. Bu sahədə hansı işlər görülüb və hansı təkliflər var? Şahin Mustafayev, siz məlumat verin.

Şahin Mustafayev: Cənab Prezident, qeyd etdiyiniz kimi, təkliflərin içərisində 22 kanalın yenidən qurulması və əsaslı təmiri təklifi verilmişdi. Artıq Siz qeyd etdiniz ki, bu kanallar təxminən 300 min hektara yaxın əkin sahəsinə xidmət edəcək. Bu kanallarda hazırda təxminən 30-40 faiz ətrafında su itkisinə yol veririk. Biz bu kanalları təmir etsək, onda qarşısı alınan su itkiləri hesabına əkin sahələrinin suvarılmasını daha yaxşı təmin edə bilərik. Eyni zamanda, əkin sahələrini genişləndirmək də mümkün ola bilər. O ki qaldı, kollektorun əsaslı təmirinə, bu da çox vacib layihədir. Biz burada da ciddi problemlər görürük və ilk növbədə, bu kollektorun təmir olunması məqsədəuyğun hesab edilmişdir. Biz komissiyada buna baxmışıq. “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin təklifini əsas götürərək, ilk növbədə, bu kollektorun əsaslı təmiri məsələsini gündəmə gətirmişik.

Cənab Prezident, yanaşma belə oldu ki, biz, ilk növbədə, magistral kanalların, onlardan çıxan birinci dərəcəli və ikinci dərəcəli su kanallarının təmirini prioritet hesab etdik. Yəni, kompleks olaraq bir blok qurtarandan sonra, digər blokda işlərin başlanması nəzərdə tutulur. Beləliklə, kompleks şəkildə bir blok magistral kəmər, ondan çıxan birinci dərəcəli, ikinci dərəcəli kanallar və onlardan çıxan paylayıcı şəbəkələr birdəfəlik təmir olunsun. Yəni, biz işləri yarımçıq qoymayaq və blok-blok qurtaraq. Verilən təkliflər əsasən Araz çayından, bəzi hissəsi isə Kür çayından qidalanan və aran regionunu əhatə edən su kəmərləri ilə bağlıdır. Komissiyanın təklifi ondan ibarətdir ki, ilk növbədə, texniki-iqtisadi əsaslandırmalar, layihə-smeta sənədləri hazırlanmalıdır, ondan sonra prioritetlər üzrə yekun qərar qəbul olunmalıdır ki, maksimum səmərə təmin edilsin.

Prezident İlham Əliyev: Kollektorun uzunluğu təqribən 100 kilometrdən çoxdur. Bu, çox böyük layihədir. “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri bu barədə nə kimi məlumat verə bilər?

Əhməd Əhmədzadə dedi:

- Möhtərəm cənab Prezident, cəbhə bölgəsində yaranmış gərgin vəziyyətdə, pandemiyanın dünyada tüğyan etdiyi bir vaxtda su təsərrüfatı məsələləri, su itkilərinin qarşısının alınması ilə bağlı belə tədbirin keçirilməsinə görə, ilk növbədə, Sizə dərin minnətdarlığımı bildirirəm. Burada deyilənlərin hamısı çox düzgün, vaxtında qaldırılmış məsələlərdir. Bu məsələlərlə bağlı onu deyə bilərəm ki, 17 il ərzində Siz Azərbaycanda bu sahədə çox böyük işlər görmüsünüz. Əgər bu gün Taxtakörpü su anbarı, Şəmkirçay su anbarı olmasaydı, Bakı, Sumqayıt şəhərlərinin su təchizatında, şimal zonasının suvarma məsələlərində çox ciddi çətinliklər olardı. Bu gün həqiqətən quraqlıq şəraitində Bakıda su təchizatında, içməli su məsələsində təhlükəli vəziyyət yarana bilərdi. Amma gördüyünüz tədbirlər nəticəsində həm şimal zonasında, həm də Bakı və Sumqayıt şəhərlərində bunu heç kəs hiss etməyib. Hazırda Bakıya verilən suyun 70 faizi Ceyranbatan su anbarından götürülür. Bu da Taxtakörpü su anbarından götürülən suyun hesabınadır. Şəmkirçay su anbarının tikilməsi isə qərb bölgəsinin problemlərini çox yüksək səviyyədə həll edib. Bunun xeyrini həmin zonanın əhalisi də hiss edir.

Cənab Prezident, quraqlıq səbəbindən son 70 ildə Mingəçevir su anbarı istifadəyə veriləndən birinci dəfədir ki, indiki bu səviyyəyə düşüb. Sizin yaratdığınız komissiya çox fəal işləyir, çox yaxşı işlər görülür. Biz səhmdar cəmiyyət olaraq bu Sərəncamın icrası ilə bağlı 2020-2030-cu illər üçün proqram tərtib edib komissiyaya təqdim etmişik. Həmin proqramda Sizin qarşıya qoyduğunuz vəzifələrin hamısı, yəni su itkilərinin azaldılması, su ehtiyatlarından istifadə olunması, müasir texnologiyaların tətbiqi, suyun idarə edilməsi üçün institusional dəyişikliklərin aparılması öz əksini tapıb. Proqrama komissiyada baxırlar, yəqin ki, yaxın vaxtlarda Sizə təqdim olunacaq. Qeyd edilən 22 magistral kanalın, eyni zamanda, Mil-Qarabağ kollektorunun və bir neçə su anbarının tikintisinə başlanması, əsasən də bu işlərin görülməsi üçün layihə-smeta sənədlərinin hazırlanması, müasir texnologiyalara uyğun işlənməsi nəzərdə tutulub. İndi müasir texnologiyalar var, bu işlər də yəqin ki, layihələndiriləndə, icra olunanda bu texnologiyalara uyğun aparılacaq.

Cənab Prezident, Mil-Qarabağ kollektoru Baş Mil-Muğan kollektorunun davamıdır. Kollektorun tikintisi çoxdan layihələndirilib, İslam İnkişaf Bankının hesabına texniki-iqtisadi əsaslandırma aparılıb. Vəsaitlə bağlı olaraq həmin sahə hələ bir qədər sonraya saxlanıldı. Amma onun çəkilməsi çox vacibdir, çünki həmin zonada Sizin gördürdüyünüz böyük su təsərrüfatı işləri, Şəmkir sonasından başlayaraq Goranboy, Samux rayonlarında görülən işlər, ümumiyyətlə, çöl sularının atılması üçün həmin kollektorun yenidən qurulmasını tələb edir. O, kiçik iş deyil, gərək bir neçə il onun üzərində effektli işlənilsin.

Biz builki quraqlıqla bağlı bütün imkanları kənd təsərrüfatını su ilə təmin etmək, birinci növbədə isə içməli su məsələsini əsas götürmüşük. Şimal zonasında müəyyən əkinlərin aparılmasında təkliflərimiz ondan ibarət olub ki, bu zonanın suyu əsasən Bakının, Sumqayıtın içməli suyu ilə birgə gedir və onu kənd təsərrüfatı sahəsinə yönəltmək paytaxtın su təchizatında hər halda bir qədər çətinlik yarada bilər. Siz bilirsiniz, kəndlərimizin əksəriyyətində indi su xətləri çəkilir. Çay sularından istifadə olunur. Mobil qurğular qurulub, o qurğulara gərək su verilsin, bu işlər görülsün. Yəni, biz alternativ su mənbələrindən də, kollektorların suyundan da istifadə edirik. İndi Kür çayının suyuna kollektorlardan saniyədə 48 kubmetr su qatırıq. Bu da bizim əlimizdən tutur ki, pambıq sahələrini suvara bilək. Qarabağ kanalına ümumi imkanın 70 faizi qədər su götürülür. Şirvan kanalına 60 faizə qədər su götürürük. Bu 60-70 faizlə, növbəliliyi artırmaqla Kənd Təsərrüfatı Nazirliyi, onun yerlərdəki idarələri, icra hakimiyyətləri ilə birlikdə qrafiklə 580 minə yaxın fermerlə müqavilə bağlanılıb. 580 min fermer bilir ki, onların suyu haradan gələcək və necə gedəcək. Kənd Təsərrüfatı Nazirliyinin sistemi vasitəsilə hər bir şəxs bilir ki, nə vaxt su ilə təmin olunacaq. Ümumiyyətlə, qısa müddətdə su təsərrüfatı sahəsində kadastrın hazırlanması təmin olunub. Kadastrda 200 min meliorasiya obyektinin adı var ki, bu gün onları tapmaq olur. Yəni, uçotu aparmaq üçün, Sizin qarşıya qoyduğunuz məsələlərin həlli üçün görülən işlər öz effektini verəcəkdir. Biz komissiyaya lazım olan materialları təqdim etmişik. Əgər tapşırıq versəniz, xarici mütəxəssislərin də dəvət olunması ilə bu işi Sizin tələbləriniz səviyyəsində görə biləcəyik.

Diqqətinizə görə minnətdaram.

Prezident İlham Əliyev: Biz sudan elektrik stansiyalarının fəaliyyətində də istifadə edirik və əlbəttə, həm su elektrik stansiyalarının, eyni zamanda, istilik elektrik stansiyalarının fəaliyyəti, əlbəttə ki, sudan asılıdır. Çünki bu soyutma işləri olmadan istilik elektrik stansiyaları fəaliyyət göstərə bilməz. İndi qeyd etdiyim kimi, biz son vaxtlar elektrik stansiyalarının reabilitasiyası, müasirləşdirilməsi ilə bağlı böyük işlər gördük, itirilmiş gücləri bərpa etdik, haradasa 800 meqavat səviyyəsində. Bu yaxınlarda Mingəçevir İstilik Elektrik Stansiyasının yenidənqurmadan sonra açılışı olmuşdur və stansiya 2400 meqavat elektrik enerjisi generasiya edir. Əlbəttə ki, bu sahədə soyutma məqsədilə sudan qənaətlə istifadə edilməlidir. Eyni zamanda, Xəzər dənizinin səviyyəsi aşağı düşüb. Bu, ilk növbədə, Sumqayıt İstilik Elektrik Stansiyasının fəaliyyətinə çox mənfi təsir göstərir, o da 525 meqavat gücündə olan stansiyadır. İstisna edilmir ki, “Şimal-1”, “Şimal-2” elektrik stansiyalarının soyutması ilə bağlı problemlər yarana bilər. Orada da ümumi generasiya gücü 800 meqavatdır. İndi Azərenerjinin sədri məlumat versin, Sumqayıt Elektrik Stansiyasının soyudulması üçün estakada tikilir və bu tikinti nə yerdədir və nə vaxt başa çatacaq? Ümumiyyətlə, Xəzərin suyunun aşağı düşməsi ilə bağlı hansı qabaqlayıcı tədbirlər görülür ki, biz özümüzü bu vəziyyətdən sığortalaya bilək.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dedi:

- Təşəkkür edirəm, möhtərəm cənab Prezident.

Siz çox doğru qeyd etdiniz. Xəzərin səviyyəsinin son ildə bir metr yarımadək aşağı düşməsi nəticəsində sahilin “ləpədöyən” deyilən hissəsindən soyutma sistemi üçün dövrə nasoslarının suyu gətirdiyi, qəbul etdiyi bir ərazi seçilmişdi ki, bu, doğru deyildi. Ona görə biz vəziyyəti Sizə məruzə etdik. Sizin göstərişinizlə bütün tədbirlər planı həyata keçirildi və dənizə doğru 750 metr estakadanın tikintisi artıq başa çatıb. Bu ayın sonunda 6 ədəd çox güclü nasos artıq Bakıda olacaq. Sizə söz verdiyim kimi, biz oktyabrın axırı, noyabrın əvvəllərində Sumqayıtda yaranan su probleminin həllinə nail olacağıq. O ki qaldı, dənizin səviyyəsinin düşməsindən itirdiyimiz elektrik enerjisinə, son həftənin reallığı odur ki, bu gün əgər havaların isti keçməsinə görə texniki göstərici olaraq biz qoyulmuş gücdən 8 faiz itiririksə, 8 faiz də səviyyənin aşağı düşməsindən itiririk. Hazırda Sumqayıt elektrik stansiyası 420-430 meqavat gücündə fəaliyyət göstərir. Yəni, bunun təsiri bu qədərdir. Bu, maya dəyərinə də çox ciddi təsir edir. Eyni problem, demək olar ki, “Şimal-1”, “Şimal-2”də də var. Biz ancaq dərinləşdirici lilsovuran qurğulardan istifadə edərik. Hələlik orada da 8-10 faiz itki var. Cəmi 800 meqavatlıq elektrik stansiyası - 400 “Şimal-1” və 400 “Şimal-2”. “Şimal-1”in rotorunun köhnə olması səbəbindən biz orada 30 meqavat itiririk, qalır 370. Amma havanın və dənizin təsirindən bu gün 320 meqavatla işləyir. Dənizin səviyyəsinin aşağı düşməsi nəticəsində biz “Şimal-2”də də təxminən 30 meqavat itiririk. Bu gün cəmi 670 meqavatla tam stabil gücdə çalışırıq.

Prezident İlham Əliyev: İndi Xəzər dənizinin suyunun səviyyəsinin dəyişməsi təbii səbəblərə bağlıdır. Bunu, bildiyimə görə, heç alimlər də bu günə qədər müəyyən edə bilmirlər, nə üçün bir müddət su gedir, ondan sonra suyun səviyyəsi qalxır. Bu, dövri xarakter daşıyır, ona görə biz istənilən vəziyyətə hazır olmalıyıq. Son illər ərzində hər il Xəzərin səviyyəsi aşağı gedir, ona görə bütün lazımi tədbirlər görülür, estakada yaxın aylarda istifadəyə veriləcəkdir. O ki qaldı, “Şimal-1”, “Şimal-2”, bu günə qədər hələ ki, suyun səviyyəsinin düşməsi o qədər də təsir etməyib. Amma əgər gələcəkdə bu proses davam edərsə, biz buna hazır olmalıyıq. Bütövlükdə bütün su təsərrüfatı məsələlərinin həllində, əlbəttə ki, energetika sektoru da fəal olmalıdır və koordinasiya tam olmalıdır və bu, mövsümi xarakter əsasında biz öz generasiya güclərimizi işə salmalıyıq. Bizim indi tələbatdan təxminən 1000 meqavat artıq generasiya gücümüz var, ona görə biz istənilən stansiyanı ya söndürə bilərik, ya da onun fəaliyyət əmsalını aşağı sala bilərik ki, bu işlər tam uzlaşma şəklində həll olunsun. İçməli su layihələri ilə bağlı Qorxmaz Hüseynov məlumat versin.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dedi:

- Möhtərəm cənab Prezident, təşəkkür edirəm. Siz bu gün içməli su təsərrüfatında olan həm uğurlardan, həm də nöqsanlardan geniş danışdınız. İcazə versəniz, mən də bununla bağlı bir neçə məsələyə toxunmaq istəyirəm. Son zamanlar iqlim dəyişikliyi ilə bağlı regionlarda, bir neçə rayonda suyun verilişində fasilələr yaranmışdır. Bu, əsasən Xızı, Altıağac rayonlarında su mənbələrində suyun azalması ilə bağlı olmuşdur. Eyni zamanda, Zaqatala şəhərində dağ çaylarında baş verən daşqınlar zamanı mənbədə bulanıqlıq artdığına görə şəhərə suyun verilişində fasilələr yaranır. Siz çox doğru qeyd etdiniz ki, alternativ su mənbələrinin tapılması mühüm məsələlərdir. Zamanında bu layihələr hazırlanarkən ehtiyatlar qiymətləndirilib, amma iqlim şəraitinin bu cür dəyişməsi ola bilsin ki, nəzərə alınmayıb. Lakin biz qabaqcadan bu dinamikaları nəzərə alaraq, həm suyun keyfiyyət parametrlərində, həm həcmində bir neçə rayonla bağlı məsələ qaldırdıq və Sizin Sərəncamınızla Lerik, Qobustan, Ağstafa, Gədəbəy, Şamaxı və Tovuz rayonlarında bu işlər həyata keçirildi. Şamaxı və Tovuz şəhərlərində hələ bu layihələr tam başa çatmasa da, birinci mərhələdən sonra şəhərə suyun verilişində problemlər nisbətən aradan qaldırıldı. Lakin digər rayonlarda isə həmin alternativ mənbələr hesabına suyun verilişində heç bir problem yaranmamışdır.

Uçqun bulağı Xaçmaz şəhərinin qədim su mənbəyidir. Həmin mənbədə suyun həcmi çox olduğundan onu Bakı xəttinə qoşmuşduq, hazırda yaranan vəziyyətdə iki məhəllədə suyun verilişində fasilə, yəni, suyun həcmində azalma müşahidə ediləndə biz həmin suyu Xaçmaz şəhərinə birləşdirdik. Lakin cənab Prezident, təkcə Xaçmaz şəhəri deyil, bir çox şəhərlərdə - Şamaxı, Qax, Qəbələ və sair şəhərlərdə, xüsusilə beynəlxalq maliyyə qurumlarının vəsaiti ilə layihələndirilən rayonlarda layihələr 2009-2012-ci illərə əsasən hazırlanıb. Bu layihələr hazırlanarkən şəhərin mövcud ərazisi nəzərə alınmışdır. Amma sonradan bildiyiniz kimi, ölkəmizdə Abşeron yarımadasında, regionlarda şəhərlər sürətlə böyüyür və bu böyümə nəticəsində təkcə Şamaxıda min ev bu gün layihədən kənarda qalıb. Yəni, layihə zamanı bu evlər yox idi. Xaçmazda 1450, Qaxda 682, Qəbələdə 500 ev və sair. Belə hallar bir çox rayonlarda var və biz bununla bağlı yeni layihələr hazırlayırıq ki, gələcəkdə investisiya proqramı çərçivəsində bu kəndlərin problemi həll olunsun.

Prezident İlham Əliyev: Axı, hər dəfə mən açılışlarda olanda siz mənə məlumat verirdiniz ki, bu layihələr elə hazırlanıb ki, 2030-cu ilə qədər artan əhalini nəzərə alsın. İndi isə deyirsən ki, əhali artıb 1000 ev orada tikilib, ona görə su çatmır. Bəs necə ola bilər ki, 30-cu ilə qədər siz bunu planlaşdırırdınız ki, indi 600 ev tikilib və su çatmır?

Qorxmaz Hüseynov: Cənab Prezident, üzr istəyirəm, bizim suyun hesabatı 2030-cu il nəzərə alınmaqla, əhali artımı nəzərə alınmaqladır. Amma infrastruktura ayrılan vəsait mövcud ərazi üçün nəzərdə tutulduğundan yenidən maliyyələşib, yenidən qurulmalıdır, xüsusilə beynəlxalq maliyyə qurumları tərəfindən maliyyələşən rayonlarda. Çünki beynəlxalq maliyyə qurumları bu layihələrə əlavə vəsait ayırmayıb.

Prezident İlham Əliyev: Onlar ayırmayıb, onda müraciət edəydiniz hökumətə, biz dövlət investisiya proqramından vəsait ayırardıq. Onlar ayırmayıb, siz də oturmusunuz ki, onlar ayırmayıb, mən də otururam heç nə etmirəm. Bəs yaxşı heç kim bilmir ki, yeni evlər tikilir, Azərbaycanın əhalisi artır və artacaq? Hər dəfə mənə deyirdiniz ki, 2030-cu ilə qədər hər şey nəzərdə tutulub - mənbə də, infrastruktur da. İndi də deyirsən ki, yox 600 ev orada tikilib, 1000 ev burada tikilib, ona görə su çatmır.

Şahin Mustafayev, bu məsələ ilə bağlı nə kimi arayış verə bilərsən? Bu məsələ araşdırılıb, yoxsa yox?

Şahin Mustafayev: Cənab Prezident, biz hələlik bunu detallarla araşdırmamışıq, amma tapşırığınızla biz hər rayon üzrə xüsusilə yarımçıq qalan - Siz çıxışınızda qeyd etdiyiniz rayonlar üzrə, indidən araşdırmalıyıq ki, dediyiniz kimi 10 il, 15 il müddətində tam təmin olunsun.

Prezident İlham Əliyev: Həm yarımçıq qalan, həm də bitmiş hesab olunan layihələr. İndi sən demə belə çıxır ki, digər evlər nəzərə alınmayıb. Ya su mənbəyi düzgün seçilməyib, ya yoxdur, ya da ki, yeni evlər tikilib. Əlbəttə, yeni evlər tikiləcək. Azərbaycanın hər bir yerində yeni evlər tikilir, o demək deyil ki, o evlər tikiləndə onlar susuz qalmalıdır. Deməli, bu, bəri başdan nəzərə alınmalı idi, ona görə siz bu məsələləri təhlil edin. Xarici maliyyə qurumları tərəfindən maliyyələşən layihələrə əlavə vəsaitin ayrılmasına da baxın, yerlərdə də dəqiq hesablamalar aparılsın. Prezident Administrasiyasına da tapşırıram, bu rəqəmləri təhlil edin, hansı şəhərdə, o şəhərlərdə ki, içməli su layihələri başa çatıb, hansı şəhərlərdə və hansı evlərə su verilmir. Çünki mən açılışlarda olanda mənə məruzə edilir, cənab Prezident, bu şəhər 100 faiz su ilə tam təmin edilib, 24 saat fasiləsiz su verilir. Bu məlumatı mənə verirlər. İndi sən demə, mən açılışlarda iştirak etdiyim şəhərlərdə bəzi evlərdə su yoxdur. Belə şey olmaz, bu, nəzərə alınmalıdır. Mənə məlumat verilirdi, təqdimatlarda göstərilirdi ki, 2030-cu ilə qədər, hətta 2035-ci ilə qədər əhalinin artımı nəzərə alınıb. Sən demə, nəzərə alınmayıb. Bunu çox ciddi araşdırmaq lazımdır və mənə bir neçə mənbədən məlumat verilməlidir - həm komissiya tərəfindən, həm də yerli icra orqanları tərəfindən və “Azərsu”dan.

Prezident İlham Əliyev: Qorxmaz Hüseynov, davam et.

Qorxmaz Hüseynov: Cənab Prezident, Abşeron yarımadasına gəldikdə isə Siz də qeyd etdiyiniz kimi, biz 2011-ci ildə Sizin xüsusi tapşırığınızla yarımadada əhalinin artımını, inkişafı nəzərə alıb, baş plan hazırladıq. Hazırlanmış baş plana əsasən, işlərin icrasına 2012-ci ildən etibarən başlanıldı. Mən bir neçə rəqəmi demək istəyirəm, 2011-ci ildə Abşeron yarımadasına 598 milyon kubmetr su verilirdi. 2019-cu ildə isə 526 milyon, yəni 12 faiz az su verilmişdi. Lakin həmin vaxtda yarımadada abonent sayı 50 faiz artmışdır, yəni 684 min abonentə qarşı 1 milyon 17 min abonent olmuşdur.

Görünən odur ki, itirilən suyun həcmi 20 faiz azalmışdır. Yeni infrastruktur qurulmuş, yəni 2600 kilometrdən çox su şəbəkəsi çəkilmişdir. Bu, ümumi baş planın birinci mərhələsi üzrə görüləcək işin 34 faizi idi. 252 kilometr magistral xətdən cəmi 54 faiz icra olunmuşdur, 16 su anbarı tikilmişdir. Bu da tikiləcək ümumi anbarların 33 faizini təşkil edirdi.

Cənab Prezident, aparılan təhlillər göstərirdi ki, şəhərdə olan böyük su itkilərinin qarşısını almaq üçün bu infrastruktur layihələrinin tamamlanması vacib şərtdir. Şəhərin xüsusilə Binəqədi, Sabunçu, Suraxanı, Xəzər rayonlarının ərazisində çox böyük genişlənmə, tikinti işləri aparılmışdır və daha çox fərdi həyət evləri tikilmişdir. Burada həm əhalinin artımı, həm genişlənən ərazi, həm də ki, yaşıllıqların artırılması suya olan tələbatı artırmışdır. Amma mən bir daha qeyd etmək istəyirəm ki, Abşeron yarımadasına verilən su şəhərin su təminatına tam bəs edə bilər. Biz bu il keçən illə müqayisədə bir kubmetr/saniyə, yəni, təxminən gündə 85 min kubmetr az su qəbul edirik, şəhərə az su ötürürük. Bu da məlum səbəblərdən Ceyranbatan gölündə Taxtakörpünün su ehtiyatlarının balanslaşdırılması, bir də Kür çayında suyun verilişində çətinliklə bağlıdır. Lakin əgər biz infrastrukturu tamamlayarıqsa, artıq qalan itirilən suyu bərpa edib, əhaliyə verə bilərik. Çox böyük ərazilərdə magistral xətlər şəbəkə kimi istismar olunur. Həddən çox qanunsuz birləşmələr var, xüsusilə bağ massivlərində. Magistral xətlər üzərində vətəndaşlar tərəfindən xüsusi nasosxanalar quraşdırılır. Bu, bu günün, dünənin məsələsi deyil, bu, illərin məsələsidir. Ona görə də magistral xətlər, əslində, anbarları qidalandırmaq üçündür. Anbarlar isə qəza vaxtı suyun verilişini və pik saatlarda suyun təchizatını qarşılamaq üçündür. Bizim anbar, magistral xətt layihələrimiz başa çatdıqdan sonra bu tikinti normalarına cavab verməyənlər - hansı ki, bu 26 faizdir, amma görülən işlərdən əvvəl bu 56 faiz idi, biz bunu 26 faizə salmışıq. Yay ayları istisna olmaqla, əslində, digər mövsümdə su çatışmazlığı yoxdur. Bu, qapalı sistem deyil, bu gün özbaşına tikililər hamısı açıq sistem olduğu üçün suyun germetikliyi itir və sistemdə boşalma yaranır. Nəticə etibarilə həmin ərazilərdə suyun verilişində çətinliklər yaranır, eyni zamanda, daimi su alan ərazilərdə təzyiqlərin düşməsi ilə biz fasiləli rejimlərə keçmək məcburiyyətində qalırıq. Cənab Prezident, ona görə də fürsətdən istifadə edib, demək istəyirəm ki, bu layihələrin başa çatdırılması üçün xüsusi tapşırıqlar verməyiniz məqsədəuyğundur. Söz yox ki, dediyiniz məsələlərdə “Azərsu” ASC-nin, şəxsən mənim günahım var. Qanunsuz istifadələrə qarşı mübarizə yəqin ki, lazımi səviyyədə aparılmır. Qanunsuz qoşulmalara qarşı mübarizələri lazımi səviyyədə apara bilməmişik və bu səbəbdən də infrastrukturun yenilənməsi üçün tədbirlər görülməlidir.

Cənab Prezident, bir neçə kəlmə də suyun keyfiyyəti ilə bağlı demək istərdim. Mən Sizə məruzə etdim, Siz xüsusi tapşırıq verdiniz ki, Ceyranbatanda ən müasir qurğu tikilsin. Çünki həmin vaxt Ceyranbatanda 3 nöqtədən su birbaşa göldən götürülüb şəhərə verilirdi. Biz o qurğunu tikməklə, əslində, suyun həcmini artırmamışdıq, sadəcə, şəhərə verilən suyun keyfiyyətini ən yüksək standarta gətirmişdik. Su həmin göldən birbaşa götürülür, bütün şəbəkəyə qarışırdı. Ona görə də demək olar ki, bütün sularımızın keyfiyyət parametrləri aşağı idi. Bu gün Abşeron yarımadasına verilən bütün suyun keyfiyyət parametrləri həm bulanıqlıq baxımından, həm bakterioloji çirklənmə baxımından tam standartlara uyğundur. Təbii ki, lokal çirklənmələr mövcuddur. Buna görə də biz həm mərkəzi laboratoriyalar yaratmışıq, həm də 9 regional laboratoriyamız fəaliyyət göstərir.

Cənab Prezident, itkilərlə bağlı bircə kəlmə deyim, hansı rayonlarda ki, layihələr tam başa çatıb, itkilər 14-22 faiz civarında dəyişir. Təbii ki, burada idarəetmədən də çox şey asılıdır. Amma harada ki, layihələr başa çatmayıb, itkilər bəzi yerlərdə 50 faizdən də çoxdur. Ona görə də bir daha demək istəyirəm ki, infrastrukturun yenilənməsi ilə biz buna nail ola bilərik.

Prezident İlham Əliyev: Sayğaclaşdırma ilə bağlı işi siz nə vaxt başa çatdıracaqsınız?

Qorxmaz Hüseynov: Cənab Prezident, sayğaclaşdırma 89 faiz icra olunub, 227 min sayğacsız abonentimiz var, 128 min isə istismar müddətini bitirmiş sayğac.

Prezident İlham Əliyev: Amma bu, ölkə üzrədir, rayonlarda aşağı səviyyədədir.

Qorxmaz Hüseynov: Abşeron yarımadasında 89,5 faizdir, regionlarda bir az aşağıdır, təxminən 114 min. Amma regionda aşağı olmasının bir səbəbi də var, cənab Prezident. Balakəndə, Qazaxda, Yevlaxda, Neftçalada hələ layihələr icra olunmadığına görə həmin yerlərdə sayğaclaşma aparmağımızın elə də bir mənası yoxdur. Ona görə biz o layihələri kompleks icra edirik.

Prezident İlham Əliyev: Aydındır. Neftçala rayonunda vəziyyətlə bağlı nə deyə bilərsiniz?

Qorxmaz Hüseynov: Hazırda Neftçalada vəziyyət gərgindir, cənab Prezident. Orada baş verən məlum hadisə ilə bağlı Neftçala şəhəri və rayonun 38 kəndi içməli sudan məhrum olub. Fövqəladə Hallar Nazirliyi, rayon icra hakimiyyəti və bizim dəstəyimizlə orada həm maşınlarla və modul tipli qurğularla su daşınır. Çənlər quraşdırılıb, rayonda həyətlərə və həmin çənlərə suyu verməklə biz vətəndaşlara...

Prezident İlham Əliyev: İndi məsələ əsaslı şəkildə nə vaxt həll olunacaq?

Qorxmaz Hüseynov: Cənab Prezident, məsələnin həlli üçün Siz keçən il 5 milyon vəsait ayırmışdınız, bu il investisiya proqramında 5 milyon vəsait ayrılıb. Biz layihənin tikintisinə başlamışıq və daha etibarlı mənbə olaraq Sizin iştirakınızla təməlqoyması və bir neçə rayonda açılışı olan Şirvan-Muğan magistral xəttindən Salyan ərazisinə 44 kilometr magistral xəttin tikintisinə artıq başlanılıb. Bu ilin noyabrında başa çatması planlaşdırılır və eyni zamanda, bu xəttboyu bütün kəndlərə də biz gələcəkdə investisiya proqramı...

Prezident İlham Əliyev: Yəni, nə vaxt Neftçala şəhəri və o kəndlər, nə vaxt o məsələ həll olunacaq? Vətəndaşlar bunu eşitmək istəyir.

Qorxmaz Hüseynov: Cənab Prezident, noyabr ayında biz içməli suyu şəhərin özündə və şəhər şəbəkəsindən qidalanan qəsəbələrdə mövcud şəbəkəyə bağlayacağıq. Amma həmin kəndlərə xətlərin çəkilməsi üçün əlavə vəsait ayrılması üçün biz təklif hazırlayacağıq.

Prezident İlham Əliyev: Bəs, noyabr ayına qədər məsələ necə həll olunacaq?

Qorxmaz Hüseynov: Yalnız maşınlarla, indiki vəziyyətdə suyu biz qismən veririk ki, texniki məqsədlərə istifadə edilsin.

Prezident İlham Əliyev: Zeynal Nağdəliyev, məlumat verin, bu maşınlarla ki, deyir, suyu çatdırırıq, bu, kifayət edir şəhərə? Bu haqda məlumatınız var?

Zeynal Nağdəliyev: Cənab Prezident, ümumiyyətlə, məlumat belədir ki, su qıtlığı var.

Prezident İlham Əliyev: Mən bilirəm su qıtlığı var. Deyirəm, Qorxmaz Hüseynov deyir ki, maşınlarla çatdırırıq, su ilə təmin edirik. Mən soruşuram, doğrudan belədir, yoxsa yox?

Zeynal Nağdəliyev: Su verilir, amma icazə verin, cənab Prezident, araşdırım Sizə məruzə edim.

Prezident İlham Əliyev: Araşdır. Şahin Mustafayev, siz bu məsələyə komissiyada baxmısınız?

Şahin Mustafayev: Bəli, cənab Prezident, biz bu məsələyə baxmışıq. Neftçala şəhərində vəziyyət çox ağırdır, gərgindir, maşınlarla su daşınır. Məruzə olunduğu kimi, noyabr ayında bunu başa çatdıracaqlar. Qorxmaz Hüseynov məruzə etməlidir, orada investisiya problemləri də var. Biz sonuncu komissiyada İqtisadiyyat Nazirliyinə də məlumat verdik, tapşırıldı ki, onlar da baxsınlar, çatışmayan vəsait haqqında araşdırmalar aparsınlar ki, Sizə məruzə olunan müddətdə bu məsələ öz həllini tapsın.

Eyni zamanda, cənab Prezident, biz məsələyə bir qədər qlobal yanaşmaq istərdik. Çünki bir sıra bizim yaşayış məntəqələrimiz birbaşa Kür çayından su götürürlər, necə ki, Neftçala götürürdü. Bu, gələcəkdə, qeyd etdiyiniz kimi, bilmək olmaz suyun həcmi necə olacaq. Biz qış aylarında məcbur olacağıq ki, Mingəçevir su anbarında ehtiyatlarımızı yığaq. Belə olan halda, ola bilsin ki, gələcəkdə bizim məntəqələrdə - Kür çayından birbaşa su götürən məntəqələrdə su çatışmazlığı olsun. Ona görə də biz düşünürük ki, bu məsələnin üzərində də çalışmaq lazımdır. Alternativ imkanlar araşdırılmalıdır ki, Kür çayından birbaşa içməli su götürən yaşayış məntəqələrinin təchizatını davamlı və dayanıqlı edək.

Prezident İlham Əliyev: Mütləq çalışın, tezliklə bu məsələ öz həllini tapsın. O vaxta qədər indi maşınlarla su daşınır, mənə dəqiq məlumat verərsiniz, bu, vətəndaşları təmin edir, yoxsa yox? Əgər təmin etmirsə, onda əlavə imkanlar tapmaq lazımdır ki, maşınlarla vətəndaşları təmin edə biləcək səviyyədə su daşınıb, onlara çatdırılsın.

Bizim bir məsələmiz də narahatlıq doğurur. Bu da çaylarboyu yerləşən kəndlərdə modul tipli təmizləyici qurğuların vəziyyətidir. Çünki mənə yerlərdən məlumat gəlir ki, bəzi hallarda bu qurğular işləmir. Bu qurğular vaxtilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi xətti ilə quraşdırılmışdı. Səhv etmirəmsə haradasa 400-ə yaxındır, yaxud da 400-dən çox belə qurğu quraşdırılmışdır. Amma sonra bəzi məlumatlara görə, bunların istismar müddətində buraxılmış səhvlər, eyni zamanda, burada nəzarətsizlik nəticəsində bu qurğular ya sıradan çıxmışdır, ya da, onlar öz keyfiyyətini itirmişdir. Bir sözlə, bu məsələ ilə bağlı çox ciddi təhlil aparılmalıdır və mənə məruzə edilməlidir. Ekologiya və Təbii Sərvətlər naziri, bu məsələ ilə bağlı nə deyə bilərsiniz?

Nazir Muxtar Babayev: Hörmətli cənab Prezident. Sizin tapşırığınızla 2009-cu ildən başlayaraq 465 modul tipli təmizləyici qurğu quraşdırılmışdır. Bu qurğular uzun müddətdir ki, içməli suyu Kürboyu kəndlərinin istifadəsinə verirdi. 2018-ci ilə qədər bu qurğular Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən istismar edilirdi və onlara nəzarət olunurdu. 2018-ci ildən sonra artıq “Azərsu” tərəfindən istismar olunub. Sizin tapşırığınızla, xüsusən də Neftçalada olan su problemləri ilə bağlı birgə monitorinq aparıldı. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi və “Azərsu” tərəfindən aparılan monitorinqlərə Prezident Administrasiyanın Dövlət nəzarəti şöbəsinin mütəxəssisləri cəlb olunmuşdu. Monitorinq aparıldı. Cənab Prezident, demək olar ki, əksər modul tipli qurğular işlək vəziyyətdədir və çalışır. Amma onların bəziləri 2009, 2010, 2011, 2012-ci illərə qədər tikilmişdir, onlar daha çox köhnəlib. Onların ya yenisi ilə əvəzlənməsi və ya o yerlərdə su ilə mərkəzləşdirilmiş qaydada təminat daha məqsədəuyğun olar.

Sizin verdiyiniz tapşırığınıza əsasən bu gün monitorinq işləri mütəmadi olaraq aparılır. Bütün Kürboyu bu modul stansiyalarla suyun həm keyfiyyəti, həm də tədarükü yoxlanılır. Buradakı əksər rayonlarda bu işlər hazırda “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən aparılır. Bir neçə yerdə, xüsusən də Neftçala rayonunda bu problemlər mövcuddur. Amma Sizin tapşırığınızla orada içməli suyun daşınması mərkəzləşdirilmiş qaydada təmin ediləcəkdir və bu problemlər qismən həll olunacaqdır. Birbaşa Kürdən qidalanan kəndlərdə içməli su ilə bağlı daha bir neçə problem də var. Kür çayında və ondan çıxan kanallarda suyun səviyyəsinin aşağı düşməsi, istər-istəməz modul tipli qurğuların normal davamlı fəaliyyətinə də təsir göstərmişdir. Bir neqativ təsir bundan ibarətdir. Amma inanıram ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti də sırf bu qurğuların və Kürboyu kəndlərin su təminatı üzrə uzunmüddətli proqram hazırlayıb. Həmin qurğuların istismar müddətləri bitdikcə, onlar ya yenisi ilə əvəz olunacaq, ya da orada mərkəzləşdirilmiş formada su verilməsi nəzərdə tutulur. Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Bu məsələ də mütləq komissiya tərəfindən araşdırılsın. Yəni, mənim bu məsələ ilə bağlı imzalayacağım Sərəncama da daxil edilsin. Bunun təşviqi və bundan sonrakı addımlar nədən ibarət olacaq? Çünki bu, çox önəmli bir infrastruktur layihəsi olub və biz mütləq bu modul qurğuları işlək vəziyyətdə saxlamalıyıq. Əlbəttə, dediyinizdə də həqiqət var. Kür çayının səviyyəsinin aşağı düşməsi ilə əlaqədar burada da bəzi problemlər yaranıb. Ona görə geniş təhlil aparılmalıdır və Prezident Administrasiyası bu məsələ ilə bağlı yerlərdən məlumat alıb mənə təqdim etməlidir.

“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri, artezian quyularının qazılması ilə əlaqədar məlumat verin, neçəsi qazılıbdır və ilin sonuna qədər hansı işlər görüləcək?

Əhməd Əhmədzadə: Möhtərəm cənab Prezident, bu il Siz artezian quyularının qazılması limitini bir qədər artırıb əlavə vəsait ayırmısınız. Hər il 300 quyu qazılırdısa, bu il artıq 400 quyu qazılacaq. Goranboy rayonu üçün də 43 quyu ayrıca nəzərdə tutulub – birlikdə 443 quyu. Onların qazılması üçün bayaq ortaya çıxan suallar var idi ki, bunun üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi rəqəmlərlə, ölçülərlə quyuların yeri yerli icra hakimiyyətləri ilə birlikdə müəyyənləşdirilib. Tender sənədləri hazırlanaraq bu işlərə başlanılıb. Artıq 200-ə yaxın quyuda işlər tamamlanıb, elektrik enerjisinə qoşulması məsələsi qalıb. Biz “Azərişıq”dan xahiş etmişik ki, bunları qoşsunlar, istifadəyə verək. Biz ilin axırınadək 443 quyunun hamısını qazıb istismara təhvil verəcəyik. Yəni, bu quyular çox vacibdir. Cənab Prezident, amma respublikada yeraltı suların səviyyəsinin aşağı düşməsi prosesi də gedir. Əvvəllər quyu saniyədə 40 litr su verirdi, indi 25 litr su verir. Köhnə quyuların suyu azalıb və eyni zamanda, enerji sərfiyyatı artıb. Bu il biz quraqlığa görə harada ki, su mənbəyi məlumdur, artezianlar və nasos stansiyaları var, orada tam sutka ərzində əhalini su ilə təmin edirik. Bizim artezian quyular içməli suyu, suvarma suyunu seçmir. Harada nə imkan var, eyni zamanda, mal-qara baxılması üçün su verilib. Sizin su təsərrüfatı ilə bağlı gördüyünüz işlərdən kəndlərdəki camaat da çox razıdır.

Cənab Prezident, indi içməli su ilə bağlı çox söhbətlər getdi. Mən bir mütəxəssis, uzun müddətdir bu sahədə çalışan şəxs kimi demək istəyirəm ki, Bakı şəhərinin su təchizatı məsələsində planlaşmada, ümumiyyətlə, işin aparılmasında müəyyən məsələlər nəzərə alınmayıb. Bakı şəhərinə su daxil olur, hamı deyir ki, içməli sudur. Biz içməli su da veririk. Amma bunun 50 faizdən azı içməli su kimi gedir. Yerdə qalanı texniki su kimi, sənaye müəssislərinə, başqa sahələrə, eyni zamanda, yaşıllıqların suvarılmasına sərf olunur. Sovet dönəmində Bakıya iki cür su girirdi - biri texniki su, biri içməli su. Şollar içməli su, Ceyranbatandan götürülən su isə texniki su idi. Bu məsələyə - Bakının texniki su məsələsinə baxılmalıdır, həm suvarma üçün, həm də sənaye müəssisələri üçün. İndi Sumqayıtın yaxınlığında böyük sənaye kompleksi yaradılıb. Bunların hamısı su ilə işləyir, susuz işləyən sənaye yoxdur. Bu məsələyə baxılmalıdır.

Prezident İlham Əliyev: Komissiya baxacaq, bu məsələyə də baxacaq. Elə komissiya ona görə yaradılıb ki, bu məsələyə və bütün başqa məsələlərə baxsın.

Müşavirənin yekunu olaraq, Prezidentin Sərəncamı hazırlanmalıdır. Bütün tapşırıqlar orada yer almalıdır, eyni zamanda, proqram artıq imzalamağa hazır olmalıdır. Hesab edirəm ki, bütün bu işlərdə aidiyyəti qurumlarla yanaşı, ictimaiyyət nümayəndələri də iştirak etməlidir. Komissiya öz işinə ictimaiyyət nümayəndələrini də cəlb etsin. İlk növbədə, alımlər bu işlərdə fəal rol oynamalıdırlar. Su ehtiyatlarımızın qiymətləndirilməsində və su ehtiyatlarını artırma ehtimalının dəyərləndirilməsində və bütün digər işlərdə alimlər mütləq iştirak etməlidirlər. Bu işlərə Ekologiya üzrə mütəxəssisləri mütləq cəlb edin. Biz sudan elə istifadə etməliyik ki, bunun ekoloji tarazlığa mənfi təsiri olmasın. Çünki biz tarixdən bilirik ki, bəzi ölkələrdə böyük su layihələri icra edilirdi. Amma mənbələr və su ehtiyatları düzgün təhlil edilmirdi. Ona görə indi suvarma üçün bunun yaxşı təsiri olubdur, amma ekoloji vəziyyəti gərginləşdiribdir. Ona görə mütləq ekologiya üzrə mütəxəssislər cəlb edilməlidir. Qeyri-hökumət təşkilatlarını cəlb edin. Vətəndaş cəmiyyəti nümayəndələri də bu işlərdə fəal olsunlar. Sizin bəlkə də görə bilmədiyiniz məsələləri onlar diqqətə çatdıracaqlar. Media nümayəndələrini cəlb edin. Hesab edirəm ki, geniş mətbuat konfransı keçirilməlidir. Ümumiyyətlə, bütün dövlət qurumları mətbuatla çox sıx əlaqədə olmalıdır. Görülmüş işlər haqqında müntəzəm olaraq məlumat verməlidirlər.

Bizim bu müşavirəmiz də bir növ vətəndaşlara verilən hesabatdır. Eyni zamanda, vətəndaşlar bilsinlər ki, biz hansı işləri görməyi planlaşdırırıq, onlardan da təkliflər gözləyirik. Çünki əgər bu müşavirələri biz qapalı şəkildə keçirsək, heç kim bilməyəcək, onda yerlərdən təkliflər gəlməyəcək. Ona görə bu müşavirə də ictimaiyyət üçün açıq olacaq. Yerlərdən təkliflər, əlbəttə, hesab edirəm ki, işimizə kömək göstərəcək.

Təbii ki, bütün bu işlər böyük vəsait tələb edir. Ona görə hökumət və aidiyyəti qurumlar, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, digər qurumlar xərclər smetasına çox dəqiqliklə baxmalıdırlar. Qətiyyən imkan vermək olmaz ki, xərclər süni şəkildə şişirdilsin. Bütün icra ediləcək layihələr açıq tender əsasında görülməlidir. Çünki bəzi hallarda bizdə korporativ maraqlar üstünlük təşkil edir. Elə hallar var ki, bir və ya bir neçə şirkət bütün tenderlərdə qalib gəlir. Əlbəttə, elə layihələr var ki, bunu ancaq təcrübəsi olan və böyük layihələrdə iştirak edən şirkətlər icra edə bilər. Bu, təbiidir. Ancaq bu layihələrlə bağlı bir çox sahələrdə kiçik, orta həcmli, o qədər də böyük peşəkarlıq, kvalifikasiya tələb etməyən layihələr də olacaqdır, kontraktlar da olacaqdır. Ona görə yerli sahibkarlar da hazır olsunlar. Çünki biz doğrudan da böyük infrastruktur layihələrinin icrasını davam etdirəcəyik. Ona görə ictimai nəzarət təmin edilməlidir, smetalara, xərc smetalarına çox ciddi dövlət nəzarəti də olmalıdır.

Əlbəttə ki, bütün bu işləri səmərəli şəkildə davam etdirmək üçün vahid idarəetmə mexanizmi işlənməlidir. Bu tapşırığı da mən verirəm. Bunu da hazırlayın ki, bundan sonra bu işlər ancaq koordinasiyalı şəkildə görülsün - komissiya, aidiyyəti qurumlar. Bu gün su təsərrüfatında fəaliyyət göstərən dörd qurumumuz var - “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyəti, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi. Ona görə bu qurumlar bundan sonra geniş ictimaiyyət, alimlər, ekoloqlar, Prezident Administrasiyası, Nazirlər Kabineti ümumi rəhbərlik etməlidirlər, nəzarət etməlidirlər ki, bütün bu işlər planlı şəkildə həll olunsun, biz yaxın gələcəkdə su təhlükəsizliyimizlə olan problemləri də həll edək. Necə ki, enerji təhlükəsizliyi məsələləri həll olundu, nəqliyyat təhlükəsizliyi məsələləri həll olundu. İndi biz ərzaq təhlükəsizliyi məsələlərinin həllinə yaxınlaşırıq. Su təhlükəsizliyi məsələləri də öz həllini tapmalıdır. Sağ olun.