Neftçalada Gənclərin İnkişaf və Karyera Mərkəzi fəaliyyətə başlayıb.

2020-09-26 Baxış: 123
img

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) növbəti nümayəndəliyi Neftçala rayonunda yerləşən Heydər Əliyev mərkəzlərində fəaliyyətə başlayıb. Bu münasibətlə keçirilən onlayn tədbirdə rayon icra hakimiyyətinin başçısı, Gənclər Fondunun icraçı direktoru, yerli Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri və rayon gəncləri olmaqla 300 nəfər iştirak edib.

MAYAKİNFO xəbər verir ki, açılış tədbirində çıxış edən rəsmi nümayəndələr Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti, ölkəmizdə gənclər üçün yaradılan imkanlar barədə danışıblar.

Bildirilib ki, ölkə başçısının müvafiq Sərəncamına əsasən yaradılan nümayəndəliklərin fəaliyyəti dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir. Yeni yaradılan nümayəndəliklərdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq. Nümayəndəliklər vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanacaq, həmçinin fəal vətəndaş kimi öz regionlarının inkişafına töhfələrini verəcəklər. Çıxış edənlər gəncləri GİKM-ə gəlməklə bu imkanlardan yararlanmağa və sıx əməkdaşlığa dəvət ediblər.

Daha sonra virtual şəkildə  mərkəzin imkanları barədə qonaqlara ətraflı məlumat verilib. Fəaliyyət göstərən 29 regionun fəaliyyətlərini əks etdirən video çarx da qonaqlara təqdim olunub. Tədbir istedadlı region gəncinin musiqili çıxışı və təlim xarakterli oyunlarla davam etdirilib.

Region gəncləri, həmçinin, onlayn şəkildə “Gənc Könüllü” proqramına qoşulmaq üçün qeydiyyatdan keçiblər.

Bununla Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin nümayəndəliklərinin fəaliyyətə başladığı şəhər və rayonların sayı 30-a çatıb. Bu ilin sonunadək ölkənin bütün şəhər və rayonlarında mövcud Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin açılması nəzərdə tutulur.