Ad günündə şəhidlik zirvəsinə ucalan cəsur zabit - Xəyyam Əzizov.

2020-12-17 Baxış: 1762
img

Neftçala, 17 dekabr, İsmayıl Cəfərli

1995-ci il noyabrın 8-də Neftçalanın Qoltuq kəndində dünyaya göz açan Xəyyam Əzizovun hələ uşaqlıqdan hərb sənətinə böyük həvəsi vardı. O, 2010-cu ildə sənədlərini Cəmşid Naxçıvanski adına hərbi məktəbə təqdim edərək burada oxumağa başlayıb və əla qiymətlərlə bitirib. Xəyyam müdavim yoldaşlarından ayrılanda onlara bu ürək sözlərini yazmışdı - "Əziz kursant yoldaşlarım, doğma Azərbaycanımızı göz bəbəyi kimi sevməyi, onu qorumağa hər an hazır olmağı, lazım gələrsə, Vətəni canımızdan üstün tutmağı bacaran zabit olasınız. Sizə bu müqəddəs və şərəfli xidmət yolunda uğurlar arzulayıram". Xəyyam məhz bu yolda da şəhidlik zirvəsinə ucaldı, Vətəni canından üstün tutdu.

2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərb sənətinin sirlərinə dərindən yiyələnən Xəyyam, elə həmin ildən Rəşadətli Ordumuzun Xüsusi Təyinatlı Qüvvələrində leytenant kimi fəaliyyətə başlayır. Qısa bir zamanda yeni hərbi-elmi bilikləri mükəmməl öyrənən Xəyyam bir çox xarici ölkələrdə hərbi təlimlərə qatılır. Rusiyada keçirilən hərbi paradda Silahlı Qüvvələrimizi layiqincə təmsil edən hərbçilərimizdən biri olur.

O, həmişə məzuniyyətə, ailəsinin yanına gələndə daha çox qardaşı ilə söhbətləşərdi. Dilinin əzbər sözlərindən biri də bu idi – “işğalçı ermənilərin başını əzməyə çox az qalıb”.

“Sentyabrın 27-də başlayan Vətən müharibəsində mənim qardaşım da iştirak edib. O, döyüşlərdə böyük şücaət göstərib. Xəyyam əvvəlcə Füzuli, Zəngilan rayonlarının, Hadrut qəsəbəsinin və sonda noyabrın 5-dən 6-na keçən gecə Şuşa uğrunda gedən döyüşlərdə qrup rəhbəri olaraq qəhrəmanlıq göstərib. Onun silahdaşları ilə birgə Şuşa şəhərinin alınmasında böyük rolu olub. 2783 şəhidin hər biri tarix yazdı, mənim qardaşım da onlardan biridir”, - deyə Xəyyamın qardaşı Rəfael bildirir.

Qırx dörd gün davam edən Vətən müharibəsində Xəyyamın da olduğu cəsur döyüşçülərdən ibarət qrup düşmənə sarsıdıcı zərbələr endirərək onları torpaqlarımızdan iti qovan kimi qovur. Bir neçə uğurlu əməliyyatlarda iştirak edən Xəyyam Əzizov düşmənin diversiya qrupunun məhv edilməsində xüsusi qəhrəmanlıq göstərir.

Anası Aidə Əzizova deyir ki, Xəyyam onların üzünü ağ edib, düşmən qarşısından geri çəkilməyib: “Vətən müharibəsi başlandığı gündən oğlum Qarabağda 42 gün şücaətlə vuruşdu. Bu 42 gündə hər həftədə bir dəfə zəng edib hal-əhval tuturdu. Oktyabrın 29-u sonuncu danışığı oldu. Dedi ki, darıxmayın, az qalıb, qələbəmiz olacaq, ondan sonra qayıdacam evə. Müharibənin sonuncu günü şəhid oldu. Onun xatirələri haqqında danışmaq mənim üçün çox çətindir. Şəhidlik böyük zirvədir, qürurdur. Mənim də oğlum qürurla yaşadı, şərəflə həlak oldu".

Şəhid zabitimizin atası Əli Əzizov da oğlu ilə qürur duyduğunu söyləyir. Bildirir ki, oğlu Vətən yolunda, torpaq uğrunda şəhid oldu. “Sağ olsun, oğlumla ata kimi qürur duyuram. Doğrudan da, igidliyi, qəhrəmanlığı ilə Vətənə layiqli oğul oldu, əməli ilə hər kəsin başını uca etdi. Xəyyamla sonuncu dəfə oktyabrın 29-u danışdım. Saat 10-a 10 dəqiqə qalmış. Ondan sonra danışmadıq. On iki gün xəbər ala bilmədik oğlumdan. Ayın 6-dan 7-nə keçən gecə yaralanıb, ad günündə - noyabrın 8-i şəhid olub. Ali Baş Komandanımıza da minnətdaram ki, oğlumun qəhrəmanlığına görə onu da təltif etdi”.

Xəyyamın ən böyük arzusu Qarabağ torpaqlarını azad görmək idi. Arzusuna çatan şəhidimiz Şuşa azad olunan gün, öz doğum günündə 25 yaşının tamamında ən uca zirvəyə ucalır. Dekabrın 15-də müzəffər Ordumuzun Ali Baş Komandanı, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə və vicdanla yerinə yetirmiş hərbçilərdən biri kimi Xəyyam Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. Qəhrəmanlığın və şücaətin qarşısında baş əyirik .

Ruhun şad olsun, Şəhidim!