Dövlət Sərhəd Xidmətinin Neftçalada keçirdiyi əməliyyat nəticəsində 5916 blok qaçaqmal siqaret aşkarlanıb.

2020-12-30 Baxış: 904
img

Dövlət Sərhəd Xidməti (DSX) dəniz sərhədlərinin etibarlı mühafizəsi, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində rejim qaydalarına nəzarətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə üzrə zəruri tədbirləri davam etdirməkdədir.

DSX-nin mətbuat mərkəzindən MAYAKİNFO-ya bildiriblər ki, dekabrın 29-da Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsi üzrə xidməti təşkil edən sərhəd gözətçi gəmisi tərəfindən Neftçala rayonunun Həsənabad kəndi istiqamətində iki üzmə vasitəsi müşahidə olunub. Tanınma üçün zəruri tədbirlər həyata keçirilərək hər birində iki nəfər heyət üzvü olan “Bayda” tipli üzmə vasitələri olmaları müəyyənləşdirilib. Sərhəd gözətçi gəmisinin “Dayan” komandasına tabe olmayan şəxslər üzmə vasitəsinin sürətini artıraraq ərazidən şərqə doğru uzaqlaşmağa cəhd edib, əlavə iki sərhəd gözətçi gəmisinin cəlb olunduğu axtarış-təqibetmə əməliyyatı nəticəsində baydalar sahil nəzarəti bölmələri ilə qarşılıqlı əlaqədə saxlanılıblar.

Həmin gün sərhəd gözətçi gəmisi tərəfindən Neftçala rayonunun Şirvanlı kəndi istiqamətində sutkanın qaranlıq vaxtı kiçik həcmli üç üzmə vasitəsi aşkarlanıb. Sərhəd gözətçi gəmisinin “Dayan” komandasına tabe olmayaraq, sürəti artırmaqla cənub-şərqə doğru ərazidən uzaqlaşan üzmə vasitələri təqib edilib, hərəkət zamanı həmin üzmə vasitələrindən dənizə qutuya bənzər əşyaların atılması müşahidə olunub.

Qaranlıq hava şəraitində dənizə atılmış əşyaların axtarışı üçün digər sərhəd gözətçi gəmisi cəlb olunub, təqibi davam etdirilən kiçik həcmli üzmə vasitələri cənub-şərq istiqamətində Azərbaycan Respublikasının ərazi sularını tərk edərək müşahidədən itiblər. Naməlum əşyaların atıldığı dəniz sahəsinə baxış nəticəsində 60 qutu aşkarlanıb, qutuların içərisində 5916 blok, hər blokda 10 ədəd olmaqla 59160 ədəd müxtəlif növ siqaret olduğu müəyyənləşdirilib.

Bununla yanaşı, Xəzər dənizinin cənub istiqamətində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb, dəniz istiqamətləndirici nişanına bağlanmış 1 ədəd selofan torbanın içərisində ümumi çəkisi 745 qram narkotik vasitəyə (515 qram marixuanaya, 230 qram heroinə) oxşar maddə aşkarlanaraq götürülüb.