Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun yeni dünyaya gələn övladı xəstəxanadan çıxarılıb

2021-02-16 Baxış: 936
img

Vətən Müharibəsi Qəhrəmanı, şəhid baş gizir İsmayılov Camal Vidadi oğlunun yeni dünyaya gəlmiş üçüncü övladı fevralın 15-də doğum evindən çıxarılıb.

MAYAKİNFO xəbər verir ki, şəhid övladının xəstəxanadan evə buraxılması mərasimində qəhrəman döyüşçünün ailə üzvləri və silahdaşları iştirak ediblər.

Tədbirdə oğlunun qəhərmanlığından danışan şəhid atası Vidadi İsmayılov bildirib: “Oğlumun iki qızı var idi. Yeni doğulan körpəmiz isə oğlandır. Camalın arzusu ilə nəvəmin adını Alparslan qoyduq. Bu münasibətlə oğlumun döyüş yoldaşları, silahdaşları bizimlə birlikdə bu sevinci bölüşürlər. Mən onlara dərin minnətdarlığımı bildirirəm. Fəxr edirəm ki, Vətən Müharibəsi Qəhrəmanının atasıyam. Başda Müzəffər Ali Baş Komandanımız İlham Əliyev olmaqla, oğlumun komandiri general-leytenant Hikmət Mirzəyev və döyüşdə canlarında keçən şəhidlərimizlə qürur duyuram”.

Şəhidin anası Filarə İsmayılova bütün şəhidlərimizə Allahdan rəhmət diləyərək vurğulayıb: “Arzum budur ki, nəvəm də atası kimi igid və qəhrəman övlad olsun, Vətəninə, millətinə bağlı böyüsün. Heç vaxt unutmasın ki, o, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun oğludur”.

E.Camalovun həyat yoldaşı Fatimə İsmayılova Vətən uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanların heç vaxt ölmədiklərini, daim xalqın qəlbində yaşadıqlarını bildirib. O, şəhid həyat yoldaşı olduğu üçün qürur duyduğunu vurğulayaraq, oğlunu atasına layiq övlad kimi yetişdirəcəyini deyib.

Qeyd edək ki, baş gizir Camal İsmayılov 1984-cü ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində dünyaya göz açıb. İgid döyüşçü 2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olub.

Camal İsmayılov Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın, Cəbrayılın, Qubadlının, Hadrutun və Laçın dəhlizinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 23-də Laçın dəhlizi uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıb.

Azərbaycanın ərazi bütövlüyünün bərpasında xüsusi xidmətlərinə və ərazilərimizin işğaldan azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Camal İsmayılov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.