Bu millətin qəhramanlığı soyundan gəlir!

2021-03-09 Baxış: 706
img

           Tarixin bütün dövrlərində, Vətənimizin, doğma Azərbaycanımızın üz-üzə qaldığı bütün sınaqlar, eləcə də xalqımızın adı ilə bağlı olan qəhrəmanlıq səlnamələri bizi öz kökümüzə daha möhkəm tellərlə bağlamış, bizi böyük xalq etmişdir.  Ata-babalarımızın zaman-zaman keçdiyi hünər yolu qəlbi Vətən sevgisi ilə çağlayan hər bir Azərbaycan əsgərinin ruhuna hopmuş, ona rəşadət nümunəsi olmuşdur. Tarixi faktlar göstərir ki, xalqımız əsrlər boyu ağrılı-acılı, enişli-yoxuşlu dönəmlərdən keçmiş, ağır sınaqlarla üz-üzə durmuşdur. XX əsrdə xalqımızın başına gələn müsibətlər bu sınaqların bir parçası olmuşdur. Biz 20 Yanvar faciəsindən, Xocalı soyqırımından keçdik, müqəddəs torpaqlarımız uğrunda gedən döyüşlərdə saysız-hesabsız şəhidlər verdik, lakin sarsılmadıq. İndi də sarsılmırıq. Çünki Vətən müharibəsində arxamızda duran və bizi qələbədən–qələbəyə ruhlandıran, Müzəffər Ordumuz var idi.  Bu ordunun və ona Komandanlıq edən Ali Baş Komandanın sayəsində biz qalib gəldik. Onların sayəsində torpaqlarımızın bütövlüyünü bərpa etdik. Yenilməz bayrağımız və ordumuzun varlığı qürur mənbəyimizdir. Xalqımızın birliyi Müzəffər ordumuzun rəşadətli əsgərlərini döyüşdən-döyüşə ruhlandırdı. Nəticədə Azərbaycan əsgərinin qəhrəmanlığı və döyüş əzmi sayəsində bütöv Azərbaycan olduq. Qanlı müharibədə əlbəyaxa döyüşlərə girən, Vətən namusunu hər şeydən uca tutan qəhraman oğullarımız heç nədən, heç kəsdən qorxmadı, arzusuna çatmaq üçün var qüvvəsi ilə döyüşdü. Budur Azərbaycan əsgərinin döyüş əzmi, budur Azərbaycan ordusunun vüqarı, mübarizliyi! Bəli, əsgərlərimiz torpaqdan boy atıb, torpaqdan ucalıb. Torpaq bizim anamız, beşiyimiz və son mənzilimizdir. "Torpaq-uğrunda ölən varsa, Vətəndir". Deməli, torpağı Vətən edən, bayrağını uca tutan onun qəhrəman əsgərləri və Müzəffər ordusudur. Azərbaycan ordusuna, onun əsgərlərinə eşq olsun. Ordumuz qürur mənbəyimizdir.

 

Ülviyyə Abdullayeva