Azərbaycanın beynəlxalq münasibətlərdə müsbət imic formalaşdırıb

2021-03-10 Baxış: 449
img

Bu gün Azərbaycanın həyata keçirdiyi uğurlu daxili və xarici siyasət Ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da gücləndirmiş, qətiyyətlə demək olar ki, regionda əsas güc mərkəzinə çevirmişdir. Ölkəmizin əlverişli geosiyasi məkanda yerləşməsi, böyük enerji ehtiyatlarına malik olması, bütün beynəlxalq təşkilatların, böyük dövlətlərin Ölkəmizə maraq göstərməsinə, ən yüksək səviyyədə əlaqələr qurmaq istəmələrinə səbəb olmuşdur. Bu münasibətlər isə illərlə davam edən uğurlu, uzaqgörən siyasət nəticəsində baş vermişdir. Bu gün dünyada yüzlərlə əlverişli geosiyasi və fiziki məkanlarda yerləşən dövlətlər vardır. Lakin onların hamısı dünya üçün maraqlı deyil. Çünkü bu marağı cəlb edən bir çox amillər mövcuddur. Bura daxil olan ən mühüm məsələlərdən biri heç şübhəsiz etibarlı tərəfdaşlıq və müttəfiqlik məsələsidir. Bu amillər isə Azərbaycanda mövcuddur. Bu illərlə aparılan uğurlu xarici siyasət, etibarlı müttəfiqlik və tərəfdaşlıq nəticəsində mümkün olmuşdur. Dünya miqyasında Azərbaycan təkcə sürətli sosial-iqtisadi inkişafına görə yox, digər sahələr üzrə də əldə edilən möhtəşəm nailiyyətləri baxımından da liderlər cərgəsində yer alan ölkə kimi qəbul olunur. Şübhəsiz ki, bu uğurlar Dövlət başçımızın apardığı müdrik siyasət nəticəsində əldə olunmuşdur. Cənab Prezidentin diplomat olması, əsl sərkərdə olması sayəsində bu gün Azərbaycan Respublikası dünyada müsbət imic qazanmışdır. Ölkə rəhbəri hər zaman olduğu kimi dünya mediyasına açıqdır və məşhur “4 saatlıq müsahibə” buna bariz nümunədir. “Jurnalistlərin dostu” olan dövlət başçımızın bu müsahibəsi də bütün dünya tərəfindən böyük diqqət və maraqla izlənmişdir. Müsahibədə bir cox suallar cavablandırılmışdır ki, onların əksəriyyəti Vətən Müharibəsi və gələcək perspektivləri əhatə etmişdir. Artıq Azərbaycan bölgədə işbirliyini təmin edən bir ölkə kimi tanınır. 2011-ci ildə Qoşulmama Hərəkatına yekdil səslə qəbul edilməyimiz və 2019-2022-ci illərdə yenə yekdilliklə Hərəkata Rəhbərliyin Ölkəmizə həvalə edilməsi, bizim heç bir ölkə ilə problemimizin olmaması və xarici siyasətdə səmimi münasibətlərimizdən qaynaqlanmışdır. Bu səbəbdən də haqq mübarizəmizdə Qoşulmama Hərəkatına üzv ölkələrin hər biri ölkəmizi yekdilliklə dəstəkləmişdir. Bu gün regionda və region xaricindəki strateji tərəfdaş ölkələrin silahlı qüvvələri ilə regional təhlükəsizliyin təmin olunması, beynəlxalq strateji əhəmiyyətli layihələrin mühafizəsi və beynəlxalq təhlükəsizliyə töhfə vermək məqsədilə çoxtərəfli əməkdaşlıq həyata keçirilir. Mövcud vasitələr, müvafiq plan və proqramlardan istifadə etməklə regionda qarşılıqlı maraqlar əsasında xarici tərəfdaşlara əməkdaşlıq təklif edilir. Ölkəmizin hər bir vətəndaşı Azərbaycan kimi sülhsevər, qayğıkeş, öz iradəsi və birliyi ilə seçilən bir ölkədə yaşaması ilə fəxr edir. Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi də xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulub. Əminliklə demək olar ki, Azərbaycan xalqını uğurlu gələcəyə aparan bu siyasət növbəti illərdə də davam etdiriləcək, Respublikamız cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf tempini sürətləndirərək, qabaqcıl dövlətlər arasında layiqli yerini daha da möhkəmləndirəcəkdir.  

 

Mehriban Dadaşova

 

Neftçala şəhər sakini