7 kiloqrama yaxın narkotik vasitəni dövlət sərhəddindən ölkəyə keçirmək istəyən Neftçala sakini saxlanılıb.

2021-04-09 Baxış: 1443
img

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən MAYAKİNFO-ya bildiriblər ki, Xidmət əməkdaşlarının sayıqlığı nəticəsində ümumi çəkisi təxminən 54 kiloqram 662 qram narkotik vasitələrə bənzər maddələrin və 2726 ədəd müxtəlif növ psixotrop tərkibli dərman preparatlarının dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Aprelin 7-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayonunun Arayatlı kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində içərisində üç nəfərin olduğu qara rəngli “Hyundai İX-35” markalı 10-VS-789 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması sərhəd naryadının diqqətini cəlb edib.

Əkin sahəsinə yaxınlaşaraq oradan bağlama götürüb uzaqlaşmağa cəhd edən şübhəli şəxs sərhəd naryadının “dayan” əmrinə tabe olmayaraq qaçmağa çalışarkən saxlanılıb. Neftçala rayon sakini 1989-cu il təvəllüdlü Dadaşov İxtiyar Loğman oğlu olması müəyyənləşdirilmiş şəxsin əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 6 kiloqram 812 qram narkotik vasitəyə (4774 qram “tiryək”, 1018 qram “heroin” və 1020 qram “marixuana”) bənzər maddələr aşkarlanaraq götürülüb.

Hadisə yerində olan avtomobildəki digər şəxslərin Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Mahmudov Həsən Fərasət oğlu və Sabirabad rayon sakini 1982-ci il təvəllüdlü Abbasova Sevda Eyvaz qızı olmaları müəyyənləşdirilib, araşdırma zamanı onlar törətdikləri cinayət əməllərini etiraf edərək əraziyə narkotik vasitə götürməyə gəldiklərini bildiriblər.

Qeyd olunan fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.