Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır.

2021-04-13 Baxış: 538
img
Xalqın firavan həyatı dövlətin gücünə, dövlətin inkişafı isə xalqın həmrəyliyinə, vətənsevərliyinə, birliyinə bağlıdır. Bu ayrılmaz  keyfiyyətlər ən böyük sosial birlik olan xalqın həyatında önəm daşıyır, onun dövlətini  qoruyub saxlamasında ən böyük vasitəci olur. Biz xalqımızın dövlətimizlə nə qədər bir olduğunu Vətən müharibəsində görə bildik, təkcə görmədik, eyni zamanda bütün dünyaya bəyan etdik. Dövlətimizin işğalla barışmadığını, sülh naminə səbr etdiyini, lakin səbrin də bir sonu olduğunu hər kəs bilirdi. 44 gün əsgəri üçün nigaran qalan anaların həmrəyliyini, Şəhid ailələrinə ürək ağrısı ilə yanan izdihamı gördük. Hər an döyüş bölgəsindən gələn xəbərləri nigaran izləyən gözlər, dayanmadan cəbhəyə göstərilən həmrəylik, vuruşmaq üçün könüllü  yazılan soydaşlarımızın düşüncəsini bütün dünya seyr etdi. Və bu gün biz qalib bir xalqın nümayəndəsi olaraq əsir yurdlarımızın azadlığı yolunda canından keçən vətən övladlarının ailələrinə, yaralı qazilərimizə dəstək olmaqla xalq birliyimizi qoruyur, tariximizin bu şərəf səhifəsində adlarını qızıl xətlə yazmış Şəhidlərimizi yaşatmağa çalışırıq. Xalqa əmanət ailələrinə, doğmalarına  yaxın olmaqla onların ağır kədərindən yük alırıq. Şəhidlər xalqın baxan gözü, dünənindən sabahına  yol çəkən qan yaddaşıdır. Bu istiqamətdə ən böyük layihələr  isə dövlətimiz tərəfindəh rəsmi olaraq həyata keçirilir, icrası üçün tapşırıqlar  verilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılmış “YAŞAT” fondu bu sahədə ilk addımlar kimi dəyərləndirilir, vacib işlərin həyata keçirilməsində əsas icraedici qrum kimi fəaliyyətini məsuliyyətlə yerinə yetirir. Həmrəyliyin birlik olaraq həyata keçirliməsi,  sosialyönümlü fəaliyyətdə  sanki  bir  institusional təşəbbüs kimi meydana çıxmaqdadır. Hər kəs öz mövqeyində Şəhid  ailələrinə dəstək olmaq, yaralı qazilərimiz üçün bacardığı yardımı etmək niyyəti  ilə  səy  göstərir. Elə “YAŞAT” fondu da dövlət və xalqın birlik halında dəstək fəaliyyətinin ən bariz nümünəsidir. Birlik – “Dəmir Yumruqdur”. Biz birliyimizlə hər çətinliyin öhdəsindən gələcəyik.   Azərbaycan Respublikası Prezidentinin digər, 4 yanvar 2021-ci il tarixli Fərmanı ilə  işğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsi məqsədilə yaradılmış Qarabağ Dirçəliş Fondu da bu sahədə aparılan ardıcıl sosial layihələrin gerçəkləşdirilməsinə xidmət etməkdədir. Uzun illər öz yurdundan didərgin düşən insanların yenidən doğma ocaqlarına qaytarılması sahəsində ən vacib tədbirlər icra edilməkdədir. Eyni zamanda həmin ərazilərdə erməni vandalizmi səbəbindən dağıdılmış mədəniyyət xalqımızın sərvətidir. Biz birlikdə bu vandalizmin kökünü kəsəcək, dağıdılmış  milli-mənəvi, maddi sərvətlərimizin bərpası üçün çalışacağıq. Artıq cəmiyyətimizdə sosial institut fəaliyyətinə çevrilən bu tədbirlər dövlətimizin yaxından dəstəyi ilə genişlənməkdədir. Şəhid  ailələrinə  istər maddi, istərsə də mənəvi dəstək olmaq vacib amildir. Bu sahədə  Mərkəzi Bank və Azərbaycan  Banklar  Assosiasiyasının fəaliyyəti də  geniş şəkildə icra olunmuş və olunmaqdadır. İnanırıq ki, həyata keçirilən bu layihələr, hər zaman olduğu kimi, yenə də xalqımızın həmrəyliyi, dövlətimizlə  sıx  birliyi  nəticəsində layiqincə davam edəcəkdir.

 Bədirə Niftəliyeva
 Neftçala rayon ziyalısı