Şəhid Fərid Əsgərovun xatirəsi anılıb

2021-08-14 Baxış: 518
img

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində Vətən uğrunda qəhrəmancasına şəhid olan Fərid Ərəstun oğlu Əsgərovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

MAYAKİNFO xəbər verir ki, əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Vətən torpaqlarının azadlığa qovuşmasında şəhidlərimizin və qazilərimizin mühüm rolundan bəhs edilib. Bildirilib ki, 2021-ci ilin iyun ayında şəhid Fərid Əsgərova məxsus isimliklər, əsginaslar və kiçik qeyd vərəqi bərpa məqsədilə mərkəzə daxil olmuş. Şəhidə məxsus əşyalar tez bir zamanda bərpa olunaraq ailəsinə təhvil verilib.

Qeyd edilib ki, Fərid Əsgərov 1996-cı il mayın 21-də Neftçala rayonunun Qaçaqkənd kəndində hərbçi ailəsində anadan olub. Lənkəran Dövlət Universitetinin İngilis dili fakültəsində təhsil alıb. 2017-ci və 2018-ci illərdə Beyləqan ərazisində N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. Hərbi xidmətdən sonra Bakıda mühafizə idarəsində çalışıb. O, 44 günlük Vətən müharibəsinə könüllü olaraq qatılıb, oktyabrın 3-də cəbhəyə yollanıb. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edərək igidliklər göstərib. Noyabrın 4-də Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.