Xalqın rifahına və dövlətin inkişafına həsr olunmuş çoxşaxəli fəaliyyət!

2021-08-25 Baxış: 342
img

Əminliklə deyə bilərik ki, Azərbaycanın hərtərəfli inkişafında cənab Prezident İlham Əliyevin ən böyük köməkçisi ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır. Mehriban xanımın peşəkar fəaliyyəti Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü, Azərbaycan Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvü olarkən də diqqəti çəkmiş və bu günümüzdə özünün ən parlaq təzahürünü tapmışdır. Mehriban xanım ölkəmizdə və dünyada xeyriyyəçi, humanist fəaliyyəti ilə seçilən, mədəniyyətə, idmana qayğı ilə yanaşan, elm, təhsil, səhiyyə sahələrində respublika və beynəlxalq miqyasda böyük işlər görən ictimai-siyasi xadim kimi tanınır. İlk olaraq onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkəmizin inkişafına verdiyi töhfələrə, fəaliyyətə diqqət yetirmək lazımdır. Bu fond 2004-cü il may ayının 10-da fəaliyyətə başlayarkən, Ümummilli lider Heydər Əliyevin zəngin irsini öyrənməyi, təbliğ etməyi, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə əyani təsəvvür yaratmağı qarşısına məqsəd qoyub. Lakin Mehriban xanım Əliyevanın böyük humanizmi, dərin bilik və təşkilatçılıq bacarığı, təşəbbüsləri sayəsində Fondun fəaliyyət istiqaməti daha geniş miqyas almış, hətda sərhədləri aşaraq, beynəlxalq səviyyədə ümummili maraqların təbliğatısına və müdafiəçisinə çevrilmişdir. Mehriban xanım Əliyevanın əsas fəaliyyət istiqamətlərinə ölkə əhalisinin bərabər, əlçatan və keyfiyyətli təhsillə təminatı, əhalinin sağlamlığının qorunması, sosial baxımdan daha həssas əhali qruplarının problemlərinin həlli, ölkədə idman hərəkatının davamlılığının təmin olunması, ekoloji problemlərin həllinə dəstək göstərilməsi, tibbi, sosial dəstək  layihələrinin reallaşdırılması, işğaldan azad olunan torpaqların bərpasında humanitar missiyanın həyata keçirilməsi və s. kimi fəaliyyətlər aiddir. Mən təhsil işçisi olaraq Mehriban xanımın təhsillə bağlı gördüyü işləri işıqlandırmaq istərdim. Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təhsillə bağlı bir çox önəmli layihə və proqramlara start vermişdir. Elm və təhsilin davamlı inkişaf konsepsiyasının uğurla gerçəkləşdirilməsində Heydər Əliyev Fondunun son 10 illik fəaliyyəti xususi vurğulanmalıdır. Onların arasında “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı xüsusi qeyd edilməlidir. Layihə çərçivəsində Azərbaycanın ən müxtəlif bölgələrində yüzlərlə yeni məktəb binasının tikilərək, əsaslı təmir edilərək istifadəyə verilməsi və lazımi avadanlıqlarla təchiz olunması dövlətin bu sahədə həyata keçirdiyi işlərə əvəzsiz töhfə olmuşdur. Belə ki, “Yeniləşən Azərbycana yeni məktəb” proqramı ölkəmizdə çox böyük əks-səda doğurmuşdur. Fondun prezidenti Mehriban xanım Əliyeva görülən işlərlə bağlı demişdir: “Biz ilk dəfə bu proqramı təqdim edəndə “dəyirmi masa” keçirmişdik. Çox adam inanmırdı, şübhə ilə yanaşırdı ki, bu necə ola bilər, üç-dörd ay ərzində 132 məktəb tikiləcək, özü də əksəriyyəti ucqar rayonlarda, ölkəmizin dağlıq rayonlarında inşa olunacaqdır. Amma biz sübut etdik ki, əgər inam varsa, iradə varsa, əgər işləri düzgün qurmaq bacarığı varsa, hər bir problem çox qısa bir zamanda  öz həllini tapa bilər”.  Məhz Azərbaycanın Birinci xanımının təşəbbüsü, səyi nəticəsində ölkəmizin milli-mənəvi  dəyərlərinə  verilən qiymət  onun dünya miqyasında tanınmasına, məşhurlaşmasına səbəb olmuşdur. Bu gün də Ölkənin Birinci vitse-prezidenti uğurla fəaliyyətini davam etdirir və xalqımızın, ölkəmizin inkişafı yolunda yorulmadan çalışır.

 

                Ruhəngiz Nəcəfova

                Neftçala rayon sakini, ziyalı, müəllim