Dövlətimizin şəhid və qazi ailələrinə diqqət və qayğısı müqayisəedilməzdir

2021-08-30 Baxış: 365
img
Bu gün Azərbaycan Respublikası və cəmiyyəti üçün düşmənə qarşı hərbi əməliyyatlarda iştirak edən şəxslərinin müharibədən sonrakı mövcud durumu, şəhid və qazi ailələrinin sosial-psixoloji vəziyyəti çox önəmlidir. Bu kimi çağırışların öhdəsindən məhz, sözün əsl mənasında bütün parametrlərinə görə sosial dövlət kriteriyalarına cavab verən və siyasətində əsas amili vətəndaş olan dövlətlər gəlir. Son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə ən yüksək səviyyədədir. Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələri, habelə Vətən müharibəsi iştirakçıları bu gün dövlətin onlara qarşı münasibətini ən yüksək səviyyədə təşəkkürlə qarşılayır, razılıq edirlər. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan sərəncamlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəmətli qayğısı çoxsaylı ailələrə böyük sevinc etməklə yanaşı, hamılıqla təqdirəlayiq hal kimi qiymətləndirilir. Elə bunların nəticəsidir ki, şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda bu insanların mənzil və avtomobillərlə təmin olunması da, ölkə ictimaiyyəti tərəfindən yüksək minnətdarlıqla qarşılanır. Bütün bu islahatlar cənab Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilir və bu gün də davam etdirilməkdədir. Qeyd edək ki, müharibədən sonra 9000 mindən çox insana sosial ödənişlər verilib. Yaralı və sağlamlığını itirmiş hərbiçilər protezlərlə təmin olunub, onlar normal həyata qayıdıblar. Bundan başqa müharibə dövründə öz evlərini, əmlaklarını itirmiş şəxslər də dövlət başçısı Ali Baş Komandan cənab İlham Əliyevin diqqətindən yayınmamışdır. Onlar üçün də fərdi evlər tikilib və tikilməkdə davam edir. Bütün bunlar Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin birbaşa tapşırıqları əsasında həyata keçirilir. Bu bir daha təsdiq edir ki, hazırda Azərbaycanda vətəndaşların mənafeyi öndə gəlir. Dövlət siyasətinin mərkəzində Azərbaycan xalqı dayanıb.
             Pərvanə Zeynalova,
             Neftçala rayon sakini, müəllim