Qoşulmama Hərəkatına üzv dövlətlər Ölkəmizin 44 günlük Haqq savaşını yekdilliklə dəstəkləmişdir

2021-10-19 Baxış: 308
img
             Qoşulmama hərakatı (Non-Aligned Movement – NAM) heç bir bloka tərəf olmayan 120 dövlətin üzv olduğu, 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi beynəlxalq təşkilatdır. Qoşulmama hərakatı təsis olunduğu 1961-ci ildən bəri beynəlxalq sülhün, təhlükəsizliyin ədalət və həmrəyliyin təmin olunmasında müstəsna rol oynamışdır. Bu təşkilatın fəaliyyətinin əsasında 1955-ci ildə İndoneziyada keçirilən Bandunq konfransında qəbul olunmuş prinsiplər dayanır. Bu prinsiplər beynəlxalq tərəfsizlik, heç bir siyasi-hərbi bloka daxil olmamaq, ölkələrin suveren hüquqlarının qorunması, ümumiyyətlə dünyada sülhün, ədalətin bərpa edilməsidir. Azərbaycan Respublikası məhz, 30 ilə yaxın müddətdə suveren hüquqlarının, ərazi bütövlüyünün pozulması səbəbindən işğal olunmuş torpaqlarımızı işğaldan azad etmək üçün beynəlxalq hüquq müstəvisində bir çox beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak etmiş və mümkün bütün platformalarda təcavüzkar Ermənistan Respublikasının işğala son qoyması üçün beynəlxalq hüquqi sənədlərin qəbul olunmasına çalışmışdır. Məhz işğalçı Ermənistan üzərindən 44 günlük Vətən Müharibəsi nəticəsində qazanılan bu qələbədə hərbi qələbə ilə yanaşı, diplomatik və hüququ sahədə də görülən işlərin çox böyük önəmi olmuşdur. Öz xarici siyasətində heç bir hərbi alyansa üzv olmamağı, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasını, beynəlxalq hüquq normalarının aliliyinin təmin olunmasını ən vacib məsələ məsələ kimi qəbul edən Azərbaycan Respublikası 2011-ci ildən Qoşulmama Hərakatının üzvüdür. Ölkəmizin ərazi bütövlüyü üzv dövlətlər tərəfindən hər zaman birmənalı şəkildə tanınıb və bizim haqlı mövqeyimiz beynəlxalq səviyyəli məsələlərdə daim dəstəklənib. Təsadüfi deyil ki, təşkilata qısa bir müddətdir ki, üzv olmağımıza baxmayaraq üzv dövlətlər tərəfindən Azərbaycan Respublikasının bu təşkilata sədrliyi 2016-cı ildə yekdilliklə dəstəkləndi. Ölkəmizin 2019-2022-ci illərdə Təşkilata sədrlik etməsi qazanılmış böyük etimadın nümunəsi idi. Onu da qeyd edək ki, üzv dövlətlər Azərbaycanın Təşkilata şədrliyinin daha bir il, 2023-cü ilə qədər uzadılması barədə qərar qəbul ediblər. Belə bir məsuliyyətli dövrdə, COVİD-19 infeksiyasının bütün dünyada mənfi nəticələrinin göründüyü bir zamanda ölkəmiz Hərəkatda sədrliyə çox məsuliyyətli yanaşmış və bu işin öhdəsindən layiqincə gəlmişdir. Azərbaycan Respublikası təmannasız olaraq bir neçə ölkəyə tibbi ləvazimat və vaksin yardımı göstərmiş, problemin aradan qaldırılması üçün Ümumdünya Səhiyyət Təşkilatına maliyyə dəstəyini əsirgəməmişdir. Ölkəmizin bu humanist davranışı böyük minnətdarlıqla qarşılanmaqla yanaşı digər dövlətlər üçün nümunə göstərilmişdir. Bu münasibət əlbəttə ki, Ölkəmizin beynəlxalq imicinin formalaşmasına səbəb olmuşdur. Təsadüfi deyil ki, 30 ilə yaxın müddətdə işğala məruz qalan ərazilərimizin beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməklə azad edilməsi prosesi zamanı Təşkilat öz mövqeyini ortaya qoymuş, üzv dövlətlər yekdilliklə Azərabycanın haqlı mövqeyini dəstəkləyərək, digər beynəlxalq təşkilatlar üçün nümunə nümayiş etdirmişlər.
           Sənan Muradbəyli
           Neftçala rayon sakini, gənc