Qubadlı yenidən qurulur və inkişaf edir

Azərbaycanın
cənub-qərb hissəsində yerləşən Qubadlı rayonu, tarixi, mədəniyyəti və təbiətinin
zənginliyi ilə seçilən bölgələrimizdəndir.
25
oktyabr tarixi isə Azərbaycan xalqı üçün xüsusi rəmzi məna daşıyır. Bu gün
Qubadlı şəhərinin işğaldan azad olunduğu və eyni zamanda “Qubadlı şəhəri günü”
kimi qeyd olunduğu tarixdir. Bu günün qeyd olunması yalnız bir şəhərin azad
edilməsini deyil, həm də xalqımızın qəhrəmanlığını, torpaqlarımıza olan
bağlılığını və müstəqil dövlətimizin gücünü təcəssüm etdirir.
Qubadlı
rayonunun tarixi çoxəsrlik dövrləri əhatə edir. Bölgə qədim zamanlardan Azərbaycan
türklərinin məskunlaşdığı ərazilərdən biri olmuşdur.
Qubadlı toponimi tarixi mənbələrdə həm etnik, həm də coğrafi mənşəyi ilə bağlı
müxtəlif izahlarla anılır. Rayonun ərazisi çoxsaylı arxeoloji abidələr, qədim
yaşayış yerləri, məbədlər və qalalarla zəngindir. Bu isə Qubadlının qədim mədəniyyət
və sivilizasiya ocağı olduğunu sübut edir.
1993-cü
ilin avqustunda Ermənistan silahlı qüvvələri tərəfindən Qubadlı rayonu işğal
edilmiş, nəticədə minlərlə sakin doğma yurdlarından didərgin düşmüşdür. Rayonun
kəndləri, sosial infrastruktur obyektləri, tarixi və mədəni abidələri
dağıdılmış, meşələr yandırılmışdır. Qubadlı sakinləri isə uzun illər ərzində
doğma torpaqlarına qayıtmaq həsrəti ilə yaşamışlar. Lakin Azərbaycan Ordusunun
2020-ci il Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə nəticəsində bu həsrət
sona çatdı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə
25 oktyabr 2020-ci ildə Qubadlı şəhəri işğaldan azad olundu. Bu hadisə
xalqımızın tarixində yeni bir qürur səhifəsi açdı. Qubadlının azadlığı həm də ədalətin,
sülhün və milli birliyin təntənəsi idi.
Qəhrəman Azərbaycan əsgəri bu torpaqları azad etməklə həm də şəhidlərimizin
ruhunu şad etdi, xalqımızın azadlıq uğrunda mübarizəsini tarixə qızıl hərflərlə
yazdı.
Prezident
İlham Əliyev Qubadlı şəhərinin azad olunması ilə bağlı xalqa müraciətində bu qələbəni
bütün Azərbaycan xalqına, şəhid ailələrinə və qazilərə ithaf etmişdi. Bu qələbə
həm də dövlətimizin hərbi, siyasi və diplomatik qüdrətinin göstəricisi oldu. Bu
gün Qubadlıda geniş bərpa və yenidənqurma işləri aparılır. İşğaldan azad
edilmiş digər ərazilərimizdə olduğu kimi, burada da “Böyük Qayıdış” proqramı çərçivəsində
müasir infrastruktur layihələri həyata keçirilir. Yeni yollar, körpülər, məktəblər,
xəstəxanalar, sosial obyektlər və yaşayış evləri inşa olunur. Qubadlı şəhərinin
baş planı hazırlanmış, müasir şəhərsalma prinsiplərinə uyğun bərpa prosesi sürətlə
davam etdirilir. Artıq Qubadlıya ilk sakinlərin qayıdışı üçün zəruri şərait
yaradılmışdır.
Bu, dövlətin və xalqın birgə səyləri nəticəsində mümkün olmuş böyük nailiyyətdir.
25 oktyabr tarixi bu gün həm də Qubadlı sakinlərinin birliyini, dövlətə və
Prezidentə olan etimadını ifadə edən gündür.
Qubadlı
şəhəri günü münasibətilə hər il respublikanın müxtəlif bölgələrində tədbirlər,
sərgilər və anım mərasimləri keçirilir. Bu tədbirlər həm Qubadlının tarixini gənc
nəslə tanıtmaq, həm də torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş qəhrəmanların
xatirəsini yaşatmaq məqsədi daşıyır. Qubadlı bu gün azad, müasir və yenidən
dirçələn bir şəhər kimi Azərbaycanın gücünü, iradəsini və milli birliyini
simvolizə edir. Qubadlı şəhəri günü təkcə bir bölgənin bayramı deyil, bütün Azərbaycanın
qürur günüdür. Bu gün hər bir vətəndaş Qubadlıya baxaraq dövlətimizin qüdrətini,
xalqımızın birliyini və gələcəyə olan inamını görür.
Qoy
25 oktyabr – Qubadlı Şəhəri Günü xalqımız üçün daim qürur, birlik və azadlıq
simvolu olaraq yaşasın!
İsmayıl
İbrahimov,
YAP
Hacıqabul rayon təşkilatının sədri.
Digər xəbərlər



