Qubadlı şəhərinin işğaldan azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı

2025-10-24 Baxış: 15
img

25 oktyabr Qubadlı şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin beşinci ildönümüdür.

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı və 44 gün davam edən əks-hücum əməliyyatlarının 29-cu günü, oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edilib.

Vətən müharibəsi zamanı rayonun şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaratdı.

Lakin, bu heç də asan olmayacaqdı: Ermənistan silahlı qruplaşmaları şəhərdə güclü istehkamlar qurmuşdular, yüksəkliklər düşmənin tam nəzarətində idi. Bu mənada, Qubadlını azad etmək üçün, ilk növbədə, həmin yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Söz yox ki, Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi, ilk növbədə, şəhərə hakim olan yüksəklikləri götürdü. Ətrafda yerləşən kəndlər, o cümlədən Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri oktyabr ayının 23-də işğaldan azad edildi.Oktyabrın 24-dən 25-nə keçən gecə Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev 25 oktyabr 2020-ci il tarixində xalqa etdiyi müraciətində Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan yaşayış məntəqələrinin və Qubadlı şəhərinin Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmasını elan etdi. Daha sonra, 25-26 oktyabrda Qubadlı rayonunun Qiyaslı, Əbilcə, Qılıcan kəndləri; 30 oktyabrda Kavdadıq, Məmər, Mollalı kəndləri; 2 noyabrda İşıqlı, Muradxanlı, Milanlı kəndləri; 4 noyabrda Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndləri; 7 noyabrda Qəzyan, Balasoltanlı, Mərdanlı kəndləri; 9 noyabrda Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaraimanlı, Xəndək, Həmzəli, Mahruzlu, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli kəndləri düşməndən azad edildi. Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin Qubadlı şəhərin girəcəyində hərbi baza yaratması səbəbilə Qubadlı şəhərini azad etmək o qədər də asan olmayıb. Qubadlını azad etmək üçün ilk növbədə ermənilərin istehkamları məhv edilərək bəzi yüksəkliklər ələ keçirilib. Ermənistan ordusu Qubadlıda xeyli canlı qüvvə itirib. Qubadlı şəhəri işğaldan azad olunan dördüncü böyük yaşayış məntəqəsi idi. Qubadlı rayonu həm də Ermənistanla Azərbaycan arasında rəsmi dövlət sərhədində yerləşən ərazidir. Dolayısı ilə Ermənistanla rəsmi dövlət sərhədini də bərpa etmiş olduq.

30 ilə yaxın müddət ərzində işğal altında olarkən viran qoyulmuş, infrastrukturu tam dağıdılmış bu ərazidə Azərbaycan Ordusunun şəxsi heyəti üçün səhra şəraitinə uyğun nəzərdə tutulmuş müxtəlif təyinatlı modul tipli komplekslər inşa edilərək ən müasir tələblərə cavab verən avadanlıqlarla təchiz olunub.

Şəxsi heyət üçün yeməkxana, ayrıca mətbəx və qabyuma otağı, eləcə də kiçik həcmli birləşdirilmiş hamam-sanitar qovşağından ibarət mobil komplekslər quraşdırılıb. Şəxsi heyət daim isti yemək və məişət xidmətləri ilə təmin edilir. Burada qərargah binası, əsgər yataqxanaları, tibb məntəqəsi və digər infrastukturlar yaradılıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Qubadlı rayonunun azad edilməsi ilə digər yaşayış məntəqələrimizin də azad edilməsi üçün əlverişli şərait yarandı və böyük Qələbəni yaxınlaşdırdı.

Azərbaycan Ordusu ölkəmizə qarşı yönəlmiş tecavüzün dəf edilməsini, ər Azərbaycan Ordusu ölkəmizi istənilən xarici təhdidlərdən qorumağa daim hazırdır.

Hər bir hərbi qulluqçu bütün təminat növləri (maddi, mənəvi, tibbi təminat, məişət şəraiti) ilə təmin edilir. Hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mütəmadi olaraq işlər görülür.

Aparılan islahatlar nəticəsində peşəkar kadrlar yetişir, yüksək dəqiqliklə hədəfi məhv etmə qabiliyyətinə malik müasir silahlar alınır və bununla da Ordumuz daha da qüdrətlənir.

 

 

            Elman Nəcəfov,

YAP Hacıqabul rayon təşkilatının ərazi partiya təşkilat sədri,

Hacıqabul rayon Statistika İdarəsinin rəisi.