İşğaldan azad edilmiş rayonlarımızda aparılan geniş abadlıq quruculuq işləri onu sübut edir ki, Azərbaycan xalqı bu torpaqlarda əzəli və əbədi yaşayacaqdır

2021-10-23 Baxış: 321
img

Mənfur düşmən 30 ilə yaxın bir dönəmdə işğal altında saxladığı dədə-baba torpaqlarımızda bütün infrastrukturu məhv etməklə yanaşı, demək olar ki, maddi-mədəniyyət nümunələrinin də əksəriyyətini ya məhv etmiş, ya da özününküləşdirməyə çalışmışdır. Ölkə başçısı cənab İlham Əliyevin işğaldan azad edilmiş rayonlara etdiyi səfərlər zamanı bir daha bizlər bu vandalizmin əyani şahidi oluruq. Düşmənin törətdiyi vandalizmin misli-bərabəri yoxdur. Qafqazın ən gözəl şəhərlərindən biri hesab edilən Ağdam şəhəri haqlı olaraq “Qafqazın Xirosiması” adlandırılır. Ən dəhşətli mənzərəni biz həm də Fizuli şəhərində görürük. Ümumiyyətlə strateji mövqeyinə görə çox əhəmiyyətli olan bu şəhərdə bir dənə də olsun salamat bina yoxdur. Düşmən bu ərazini tamamilə ölü zonaya çevirib. Ərazi başdan başa hərbi istehkamlardan ibarətdir. Düşmən Ordumuzu həm də bu istiqmətdə gözlədiyi üçün buranı tamamilə minalamışdı. Bu gün dünya şahidi olur ki, düşməndən azad edilmiş bütün rayon və şəhərlərimizdə istehsal müəssisələri, yaşayış evləri, ictimai binalar, xəstəxana və təhsil müəssisələri tamamilə məhv edilib. Düşmən özü də çox gözəl başa düşürdü ki, nə vaxtsa bu torpaqlardan qovulacaqdır. Məhz ona görə bu ərazilərdə daşı-daş üstündə qoymayıb. Ermənistan bütün bu etdiyi vandalizmə, beynəlxalq səviyyəli hüquq pozmalara görə cavabdehdir və bütün bu etdiklərinin hüquqi cəzasını alacaqdır. Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklər təkcə Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri sivilizasiyaya qarşı törədilmiş vəhşilikdir. Bu gün dövlətimiz tərəfindən Ermənistanın törətdiyi cinayətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə bir çox işlər görülür. Bu istiqamətdə görülən işlər sırasında işğaldan azad olunmuş ərazilərə diplomatik korpusun nümayəndələrinin, yerli və xarici KİV təmsilçilərinin, müxtəlif beynəlxalq hüquq təsisatlarının üzvlərinin səfərlərinin təşkilini təqdirəlayiq hal kimi qeyd etməliyik. Bu gün istər Qarabağ regionunda, istərsə də Cənubi Qafqazın siyasi həyatında yeni düzən formalaşıb. İşğaldan azad edilmiş ərazilərə yeni, doğma nəfəs gəlib. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinə artıq start verib və bu işlər uğurla davam etdirilir. 17 oktyabrdə azadlığının bir ilini qeyd etdiyimiz Fizuli şəhərində beynəlxalq aeroportun ən qısa müddətdə, özü də çətin şərtlər altında tikilməsi və istifadəyə verilməsi Azərbaycanın gücünü-qüdrətini nümayiş etdirir. Ölkə başçısı cənab İlham Əliyevin işğaldan azad edilmiş rayonlara mütəmadi səfərlər etməsi və yenidənqurma işləri ilə yerində tanış olması Dövlət başçısının bu məsələlərə nə dərəcədə həssas yanaşdığını sübut edir. Ərazilərin bərpası qısa zamanda həmin rayonlarda yeni iş yerlərinin yaradılmasını və güclü iqtisadi inkişafın təmin edilməsini şərtləndirəcəkdir. Aparılan yenidənqurma və bərpa işləri yalnız Ölkə səviyyəsində deyil, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional səviyyədə inkişafı sürətləndirəcəkdir. Erməni vandalizminə məruz qalan torpaqlarımıza “Böyük Qayıdış”ın şahidi olacaq, çox tez bir zamanda məskunlaşmanın şahidi olacağıq.

Fətalı Hüseynov

Neftçala rayon gənci