Füzuli şəhəri öz müstəqilliyinə qovuşdu

2021-10-23 Baxış: 384
img

Azərbaycanın ən qədim insan məskənlərinin yerləşdiyi tarixi Füzuli rayonunun inzibati vahid kimi əsası 1827-ci ildə qoyulmuşdur. Fizuli rayon statusunu isə 1930-cu ildə almışdır. İlk adı Qaryagin olan rayon 1959- cu ildə dahi şairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi münasibətilə Füzuli adlandırılmışdır. 1968-ci ildə tarixçi-arxeoloq Məmmədəli Hüseynov tərəfindən rayon ərazisində yerləşən Azıx mağarasında aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi nümunələr buranın, ümumilikdə Azərbaycanın daha qədim insan məskənlərindən biri olduğunu deməyə əsas verir. Fizulinin strateji mövqeyi, yerləşdiyi təbii relyef buranı ermənilər üçün çox cəlbedici etmişdi. Hərçənd ki, I Qarabağ müharibəsinin gedişində rayonlarımızı səriştəsiz idarəçilik və xəyanətdən istifadə edərək işğal edən ermənilər 1993-cü il avqustun 23-də Füzuli şəhəri daxil, Horadiz qəsəbəsi və rayonun 82 kəndini də işğal edə bildilər. Düşmən torpaqlarımızı işğal edərkən heç bir beynəlxalq hüquqa sığmayan şəkildə dinc sakinləri öldürür, onları əsir götürür, öz yurd yuvalarından didərgin salırdı. Fizuli işğal edilərkən on minlərlə sakinimiz məcburi köçkünə çevrildi. İşğal olunmuş yaşayış məntəqələrimiz vandal erməni quldurları tərəfindən talan edildi, dağıdıldı, yandırıldı. Bu faktdır ki, işğal dövrü ərzində düşmən Fizuli şəhərini tamamilə dağıdıb. Mülki, inzibati, infrastruktur obyektləri sökülərək, İrana, Ermənistana satılıb. Vandal ermənilər Fizulidə bir dənə də olsun salamat bina saxlamamışdılar. Şəhərə nəzər saldıqda bura sanki, atom bombası atıldıqdan sonra yaranmış xarabalığı xatırladır. Buraya səfər edən beynəlxalq qurumların nümayəndələri gördükləri mənzərə qarşısında şoka düşürlər. Maddi-mədəniyyət nümunələri ilə zəngin olan Fizulinin nadir tarixi abidələri, eləcə də Azıx mağarası erməni vandalizminin qurbanına çevrilib.Qeyd edək ki, I Qarabağ Müharibəsi zamanı rayon sakinlərindən 657 nəfəri şəhid olub, 181 nəfər itkin düşüb. Torpaqlarımızın müdafiəsi uğrunda mərdlik nümayiş etdirmiş 6 nəfəri fizulili Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Ancaq Vətən uğrunda şəhid olan, sağlamlığını itirən oğullarımızın müqəddəs torpağa düşmüş qanları yerdə qalmadı. 27 illik işğaldan sonra, Azərbaycanın Şanlı Ordusu 2020-ci il 17 oktyabr tarixində Füzulini düşmən tapdağından azad etdi. Füzuli şəhərinin azad edilməsi xalqımıza mənəvi güc verdi. Bundan sonra Azərbaycan Silahlı Qüvvələri qələbə həvəsi ilə digər torpaqlarımızın azadlığı uğrunda yollarını davam etdilər. Bu gün Füzuli şəhəri azaddır və bu azadlıq sevincini bizə yaşadan, canlarını Vətən yolunda fəda edən igid oğullarımızın ruhları şaddır. Füzuli bizimdir, Qarabağ Azərbaycandır!

Şəfiqə Məmmədova

Neftçala rayon sakini