Avropa İttifaqı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında əsas tərəfdaşlardan biridir.

2021-12-20 Baxış: 712
img
Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr bu günədək bir sıra çox əhəmiyyətli məsələlərdə qarşılıqlı hörmət və əməkdaşlıq çərçivəsində həyata keçirilib, bu gün də bu əlaqələr uğurla inkişaf edir. Avropa İttifaqı ilə Azərbaycan arasında səmərəli əməkdaşlığın hüquqi təminatçısı isə 2018-ci ildə paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədidir və yeni tərəfdaşlıq sazişi üzərində işin 90 faizdən çoxu artıq başa çatıb. Bu əməkdaşlığın hüquqi əsası və bu günkü davamlı inkişaf dinamikası ilə yanaşı, perspektivləri də olduqca mühümdür. Belə ki, ittifaqın 9 üzv dövləti, yəni quruma üzv ölkələrin üçdəbiri ilə strateji tərəfdaşlığa dair sənədlər imzalanıb. Xüsusilə enerji sahəsindəki əməkdaşlıqlar və əldə olunan nəticələr regionların və ölkələrin birgə inkişafına, gələcək hədəflərinin uğurla icra olunmasına əsaslı zəmin yaradır. XXI əsrin ən böyük infrastruktur layihələrindən biri olan 3500 km uzunluğunda Cənub Qaz Dəhlizi, eyni zamanda layihənin son komponenti olan Trans-Adriatik xəttinin işə salınması ilə Azərbaycan qazı Avropa məkanına, daha dəqiq desək, İtaliya, Yunanıstan və Bolqarıstana çatdırılır. Gələcəkdə Azərbaycan qazının ixrac coğrafiyası Avropa İttifaqının digər üzv ölkələrinə də genişləndirilə bilər. Qeyd edək ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində də Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr qarşılıqlı anlaşma və əməkdaşlıq mövqeyi ilə seçilir. Avropa İttifaqının təşəbbüsü ilə aparılan danışıqlar praktiki əhəmiyyət daşıyır və bu ittifaqın təşəbbüsləri təqdirəlayiqdir. Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat infrastrukturunun, xüsusilə də dəmir yolu xəttinin çəkilməsi kimi məsələlərin müzakirəsi olduqca səmərəlidir. Azərbaycanın bu məsələlərdəki haqlı mövqeyi və regionda sülhün, təhlükəsizliyin təmin edilməsi istiqamətində atdığı addımların yüksək qiymətləndirilməsi Ölkəmizin beynəlxalq uğuru ilə yanaşı, həm də haqlı mövqeyinin dəstəklənməsi deməkdir. Azərbaycanın Ermənistana sülh çağırışları və nəqliyyat dəhlizlərinin açılması məsələlərini irəli sürməsi regionun, ümumilikdə isə dünyanın inkişafına mühüm töhfədir. Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, daha sonra isə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən birgə üçtərəfli görüş bu baxımdan əhəmiyyətlidir. Həmin görüşdə Azərbaycanın haqlı mövqeyini təsdiq edən çıxışların edilməsi və Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin nizama salınması və Cənubi Qafqazda sülhün bərqərar olunması üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasının vacibliyinin önə sürülməsi Azərbaycanın siyasi və diplomatik qətiyyətindən xəbər verir. Bir sözlə, Azərbaycanın milli maraqlarına xidmət edən razılıqların əldə olunması ilə yekunlaşmış üçtərəfli görüş Ölkəmizin siyasi tarixində mühüm əhəmiyyət kəsb edir. 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar (Moskva) və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklər Ermənistan tərəfindən birmənalı olaraq yerinə yetirilməlidir. Eyni zamanda Avropa İttifaqı işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə səylərinə, münaqişədən əziyyət çəkmiş insanlara, xüsusilə yenidənqurma fəaliyyətlərinə, sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində də məşvərətçi statusda dəstək göstərə bilər. Azərbaycanın səyləri və birmənalı mövqeyi ondan ibarətdir ki, regionda hər hansı yeni müharibə riskləri minimuma endirilsin, regionun iqtisadi inkişafını təmin edəcək və insanların rifahına xidmət edəcək ən yaxşı yol kommunikasiyaları açılsın, aktiv dialoqun qurulması nəticəsində bütün neqativ və təhlükə yarada biləcək məsələlər danışıqlar yolu ilə öz həllini tapsın. Bir sözlə, sülh razılaşması üzərində iş aparılmalı və düşmənçiliyə son qoyulmalıdır. 28 il ərzində aparılan danışıqlarda hər hansı bir nəticəni hasil etməyən ATƏT-in Minsk qrupu isə yalnız Ermənistanla Azərbaycan arasında sülh sazişinin hazırlanması, sərhədlərin delimitasiyası, insanlar arasında təmasların yaradılması və digər məsələlərdə öz töhfəsini verə bilər. Xüsusilə həlli təxirəsalınmaz tədbirlər tələb edən və regionun simasını və inkişaf dinamikasını dəyişəcək çox mühüm məsələdən biri də məhz Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizinin açılması ötən il noyabrın 10-da Rusiya Prezidenti, Ermənistanın baş naziri və Azərbaycanın Prezidenti İlham Əliyev tərəfindən imzalanmış üçtərəfli Bəyannamədə öz əksini tapan və Ermənistanın bununla bağlı lazımi şəraiti təmin etməsi üçün öz üzərinə götürdüyü bir öhdəlikdir. Bütün çətinliklərə rəğmən Azərbaycandan Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikasına dəmir yolu, həmçinin magistral yol inşasına dair artıq razılıq əldə edilib. Zəngəzur dəhlizi təkcə Naxçıvan Muxtar Respublikasına çıxış əldə etmək deyil, həm də Ermənistanın Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi üçündür. Ermənistan həm də Azərbaycan ərazisindən Rusiya ilə dəmir yolu əlaqəsi əldə edir. Üçtərəfli bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir. Bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda Azərbaycan Laçın dəhlizində eynisində israr edəcək. Bu qətiyyətli mövqe Azərbaycanın Müzəffər Prezidenti İlham Əliyev tərəfindən ən yüksək beynəlxalq tribunalardan səsləndirilir. Azərbaycan dövlətinin mövqeyi sarsılmazdır və dəmir yumruq iradəlidir. Ermənistan öz üzərinə götürdüyü bütün öhdəliklərə əməl etməli və onların icrasına süni manelər yaradılmamalıdır.
Fərhad Baxışov
Neftçala rayon gənci, fəal