Tarixi irsin qorunması və müasir urbanizasiya Azərbaycanın şəhərsalma modelində vəhdət təşkil edir.

Hər bir xalqın milli kimliyi onun tarixi
yaddaşı, mədəni irsi və memarlıq ənənələri ilə sıx bağlıdır. Şəhərlər isə bu
yaddaşın canlı daşıyıcıları hesab olunur. Müasir dövrdə urbanizasiya prosesinin
sürətlənməsi bir çox ölkələrdə tarixi-mədəni irsin qorunmasını ciddi çağırış
qarşısında qoyur. Azərbaycan isə Prezident İlham Əliyev rəhbərliyi ilə həyata
keçirilən siyasətdə modernləşmə ilə milli-mədəni dəyərlərin qorunmasını paralel
inkişaf etdirən nadir ölkələrdən biri kimi diqqət çəkir.
Bakıda keçirilən Ümumdünya Şəhərsalma
Forumunun 13-cü Sessiyasında Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər də
bu yanaşmanın mahiyyətini əks etdirdi. Dövlət başçısı çıxışında şəhərlərin
yalnız yaşayış məkanı deyil, həm də tarix, mədəniyyət və milli kimlik
daşıyıcısı olduğunu vurğuladı. Azərbaycanın həyata keçirdiyi şəhərsalma siyasətində
məhz bu prinsip əsas xətt kimi çıxış edir.
Son illər Azərbaycanda aparılan
genişmiqyaslı quruculuq işləri göstərir ki, ölkəmiz urbanizasiya prosesinə
yalnız texniki və iqtisadi məsələ kimi yanaşmır. Şəhərsalma siyasətində milli
memarlıq üslubu, tarixi irsin mühafizəsi və mədəni mühitin qorunması xüsusi yer
tutur. Bu baxımdan Bakı şəhəri ən uğurlu nümunələrdən biridir.
Paytaxtın siması son iyirmi ildə əsaslı
şəkildə dəyişsə də, qədim Bakı ruhunun qorunmasına xüsusi diqqət yetirilir.
UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş İçərişəhər kompleksi dövlət tərəfindən
qorunur, burada bərpa və konservasiya işləri beynəlxalq standartlara uyğun şəkildə
həyata keçirilir. Qız qalası, Şirvanşahlar Sarayı və digər tarixi abidələrin
qorunması Azərbaycanın öz milli-mədəni irsinə münasibətinin göstəricisidir.
Bakının müasir inkişaf modeli qədimliklə
yeniliyin vəhdəti üzərində qurulub. Bir tərəfdən şəhərdə müasir memarlıq layihələri,
yeni bulvarlar, parklar və yaşayış kompleksləri yaradılır, digər tərəfdən isə şəhərin
tarixi yaddaşı qorunur. Bu yanaşma Bakını dünyanın bir çox sürətlə urbanizasiya
olunan şəhərlərindən fərqləndirir.
Azərbaycanın şəhərsalma siyasətində
regionların tarixi-mədəni xüsusiyyətlərinin qorunması da mühüm istiqamətlərdən
biridir. Şəki, Şamaxı, Qəbələ, Naxçıvan və digər qədim şəhərlərdə həyata
keçirilən bərpa layihələri milli memarlıq irsinin gələcək nəsillərə ötürülməsinə
xidmət edir. Xüsusilə Şəki Xan Sarayı və ətraf tarixi məkanların beynəlxalq səviyyədə
tanınması Azərbaycanın mədəni irs siyasətinin uğurlu nəticələrindəndir.
İşğaldan azad edilmiş ərazilərdə həyata
keçirilən yenidənqurma prosesi də milli-mədəni irsin qorunması baxımından
xüsusi əhəmiyyət daşıyır. Ermənistanın işğalı dövründə yüzlərlə tarixi və dini
abidə dağıdılıb, məscidlər və qəbiristanlıqlar vandalizmə məruz qalıb.
Prezident İlham Əliyev forumdakı çıxışında bu məsələyə xüsusi toxunaraq işğal nəticəsində
Azərbaycan şəhərlərinin məqsədli şəkildə məhv edildiyini beynəlxalq auditoriyanın
diqqətinə çatdırdı.
Bu gün isə Azərbaycan həmin ərazilərdə
yalnız yeni binalar tikmir, eyni zamanda tarixi irsin bərpasını həyata keçirir.
Xüsusilə Şuşa şəhərində aparılan işlər bu baxımdan xüsusi diqqət çəkir. Azərbaycanın
mədəniyyət paytaxtı olan Şuşada tarixi memarlıq üslubunun qorunmasına həssas
yanaşılır. Tarixi məhəllələrin, dini abidələrin və mədəniyyət ocaqlarının bərpası
milli yaddaşın yenidən dirçəldilməsi kimi qiymətləndirilir.
Şuşada keçirilən beynəlxalq tədbirlər,
musiqi festivalları və mədəni layihələr şəhərin yalnız fiziki deyil, mənəvi
baxımdan da yenidən canlandırıldığını göstərir. Bu siyasət onu sübut edir ki,
Azərbaycan üçün şəhərsalma yalnız tikinti prosesi deyil, milli kimliyin
qorunması və gələcək nəsillərə ötürülməsi missiyasıdır.
Müasir urbanizasiya dövründə ekoloji və
estetik məsələlər də şəhərsalma siyasətinin vacib hissəsinə çevrilib. Azərbaycanda
yeni layihələr hazırlanarkən şəhərlərin memarlıq görünüşü, yaşıl məkanların
artırılması və ictimai rahatlıq məsələləri xüsusi nəzərə alınır. Bu, xüsusilə
Bakı şəhərində həyata keçirilən layihələrdə aydın görünür. Yeni parklar, bulvar
əraziləri, piyada zonaları və ictimai məkanlar insanların rahatlığını təmin etməklə
yanaşı şəhərin estetik görünüşünü də formalaşdırır.
Diqqət çəkən əsas məqamlardan biri də Azərbaycanın
milli memarlıq elementlərini müasir layihələrdə yaşatmağa çalışmasıdır. Yeni
inşa edilən bəzi ictimai binalarda və mədəniyyət obyektlərində milli ornamentlərdən,
ənənəvi memarlıq motivlərindən istifadə edilməsi bu istiqamətdə aparılan siyasətin
göstəricisidir.
Bu gün Azərbaycan urbanizasiya prosesini
milli maraqlar və mədəni dəyərlərlə uzlaşdıran inkişaf modeli formalaşdırır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət göstərir ki,
sürətli inkişaf və modernləşmə milli irsin unudulması hesabına baş verməməlidir.
Əksinə, tarixi yaddaş müasir inkişafın əsas dayaqlarından birinə çevrilməlidir.
Tarixi irsin qorunması və müasir
urbanizasiya arasında yaradılan bu balans Azərbaycanın şəhərsalma modelinin əsas
üstünlüklərindən biridir. Məhz bu yanaşma ölkəmizin həm milli-mədəni kimliyini
qorumasına, həm də müasir dünyanın inkişaf çağırışlarına uyğun şəkildə irəliləməsinə
imkan yaradır.
Anarə Mustafayeva,
YAP Neftçala rayon təşkilatının fəal
üzvü
Neftçala rayon Heydər Əliyev Mərkəzinin
bələdçisi
Digər xəbərlər



