Qarabağ və Şərqi Zəngəzurda qurulan yeni şəhərlər Böyük Qayıdışın əsas dayağıdır.

2026-05-21 Baxış: 38
img

Otuz ilə yaxın işğal altında qalmış Qarabağ və Şərqi Zəngəzur bu gün dünyanın ən böyük yenidənqurma məkanlarından birinə çevrilib. Azərbaycan yalnız dağıdılmış şəhər və kəndləri bərpa etmir, eyni zamanda regionun gələcək onilliklər üçün inkişaf modelini formalaşdırır. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən Böyük Qayıdış proqramı artıq təkcə humanitar layihə deyil, sosial-iqtisadi inkişafı, milli həmrəyliyi və müasir şəhərsalma yanaşmalarını özündə birləşdirən strateji dövlət siyasəti kimi çıxış edir.

2026-cı il mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında Prezident İlham Əliyevin çıxışı zamanı səsləndirdiyi fikirlər də məhz bu reallığı bir daha nümayiş etdirdi. Dövlət başçısı Ermənistan işğalı nəticəsində Azərbaycan şəhərlərinin sistemli şəkildə dağıdıldığını diqqətə çatdıraraq bildirdi ki, bəzi yaşayış məntəqələri tamamilə yerlə-yeksan edilib. Ağdam şəhərinin “Qafqazın Xirosiması” adlandırılması işğal dövründə törədilmiş vandalizmin miqyasını açıq şəkildə göstərir.

Lakin Azərbaycanın fərqi ondadır ki, ölkəmiz dağıntıları yalnız faciə kimi təqdim etmir. Azərbaycan həmin əraziləri yeni inkişaf mərhələsinin başlanğıc nöqtəsinə çevirir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr regionun gələcəyini müəyyən edən kompleks dövlət proqramı xarakteri daşıyır.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən şəhərsalma siyasətinin əsas xüsusiyyəti onun sistemli və uzunmüddətli perspektivə hesablanmasıdır. Əvvəlki dövrlərdən fərqli olaraq burada plansız tikinti və xaotik məskunlaşma modelindən imtina edilir. Hər şəhər və rayon üzrə ayrıca Baş plan hazırlanıb. Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər və digər yaşayış məntəqələrinin inkişaf konsepsiyaları müasir urbanistika prinsiplərinə uyğun şəkildə qurulur.

Bu yanaşmanın əsas xəttini “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası təşkil edir. Artıq Qarabağ dünyanın ən müasir texnoloji və ekoloji həllərinin tətbiq olunduğu bölgələrdən birinə çevrilməkdədir. Zəngilanın Ağalı kəndində tətbiq olunan “ağıllı kənd” modeli yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün nümunə hesab olunur. Rəqəmsal idarəetmə, alternativ enerji, su resurslarının effektiv istifadəsi, müasir aqrar texnologiyalar və ekoloji balans burada əsas prioritetlər sırasındadır.

Bununla yanaşı, Böyük Qayıdış proqramının əsas məqsədi yalnız infrastruktur qurmaq deyil, insanların doğma torpaqlarına təhlükəsiz və rahat şəkildə qayıdışını təmin etməkdir. Məhz buna görə yeni yaşayış məntəqələrində sosial infrastrukturun qurulmasına xüsusi diqqət ayrılır. Məktəblər, xəstəxanalar, uşaq bağçaları, mədəniyyət müəssisələri və idman obyektləri yaşayış kompleksləri ilə paralel şəkildə tikilir. Bu, Azərbaycanın şəhərsalma siyasətində insan amilinin əsas prioritet olduğunu göstərir.

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı nəqliyyat layihələri də regionun gələcək inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Yeni beynəlxalq hava limanlarının tikintisi, avtomobil və dəmir yollarının çəkilməsi, tunel və körpü layihələri bölgənin iqtisadi potensialını artırır. Füzuli, Zəngilan və Laçında inşa edilən hava limanları yalnız nəqliyyat infrastrukturu deyil, həm də regionun beynəlxalq iqtisadi əlaqələrə inteqrasiyasının mühüm elementidir.

Xüsusi diqqət çəkən məqamlardan biri də Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan edilməsidir. Azərbaycan burada ekoloji dayanıqlığı əsas götürərək alternativ enerji mənbələrinin tətbiqini sürətləndirir. Günəş, külək və hidroenerji layihələrinin həyata keçirilməsi bölgənin enerji təminatını müasir standartlara uyğunlaşdırır. Bu isə həm ətraf mühitin qorunmasına, həm də uzunmüddətli iqtisadi səmərəliliyə xidmət edir.

Şuşa şəhərinin bərpası isə Qarabağda aparılan quruculuq işlərinin mənəvi-siyasi simvolu hesab olunur. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada həyata keçirilən layihələr zamanı şəhərin tarixi görkəminin və milli memarlıq xüsusiyyətlərinin qorunmasına xüsusi həssaslıq göstərilir. Burada aparılan işlər göstərir ki, Azərbaycan müasir inkişafı milli-mədəni irsin qorunması ilə paralel şəkildə həyata keçirir.

Qarabağda aparılan bərpa-quruculuq prosesi artıq beynəlxalq səviyyədə də diqqətlə izlənilir. Dünyanın müxtəlif ölkələrinin nümayəndələri və beynəlxalq təşkilatlar bölgədə həyata keçirilən layihələri müasir şəhərsalma təcrübəsinin uğurlu nümunəsi kimi qiymətləndirirlər. WUF13 forumunun Bakıda keçirilməsi zamanı da Qarabağda həyata keçirilən layihələr iştirakçılar üçün əsas maraq doğuran mövzulardan biri oldu.

Əslində, Qarabağ və Şərqi Zəngəzurda qurulan yeni şəhərlər Azərbaycanın gələcək inkişaf modelinin prototipi hesab oluna bilər. Burada həm müasir texnologiyalar, həm ekoloji yanaşma, həm sosial rifah, həm də milli dəyərlər vahid konsepsiya şəklində birləşdirilir. Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın postmünaqişə dövründə necə strateji və uzaqgörən yanaşma ortaya qoyduğunu nümayiş etdirir.

Bu gün artıq Qarabağ yalnız bərpa olunan region deyil. Qarabağ yeni Azərbaycanın qurulduğu ən böyük inkişaf məkanlarından biridir. Burada həyata keçirilən layihələr Böyük Qayıdışın yalnız fiziki deyil, siyasi, iqtisadi və mənəvi qayıdış olduğunu da təsdiqləyir.

 

Nicat Cəfərov,

YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri

Neftçala rayon Təhsil sektorunun müdiri