“Şəhərsalma və Memarlıq İli” — Azərbaycanın müasir inkişaf strategiyasında yeni mərhələ

2026-cı ilin Azərbaycanda “Şəhərsalma və
Memarlıq İli” elan olunması təsadüfi qərar deyil. Bu addım ölkədə son illərdə həyata
keçirilən genişmiqyaslı quruculuq siyasətinin, müasir urbanizasiya yanaşmasının
və milli memarlıq ənənələrinin qorunaraq inkişaf etdirilməsi strategiyasının məntiqi
davamıdır. Prezident İlham Əliyev tərəfindən yürüdülən inkişaf siyasətində şəhərsalma
artıq təkcə infrastruktur məsələsi deyil, dövlətin iqtisadi gücünü, sosial
rifahını, milli kimliyini və gələcək baxışını müəyyən edən əsas istiqamətlərdən
biri kimi çıxış edir.
Məhz bu baxımdan 2026-cı ildə Bakının
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına ev sahibliyi etməsi xüsusi əhəmiyyət
daşıyır. Dünyanın müxtəlif ölkələrindən minlərlə nümayəndənin iştirak etdiyi
forum Azərbaycanın qlobal urbanizasiya gündəliyində artan rolunu nümayiş
etdirdi. Prezident İlham Əliyevin forumdakı çıxışı isə təkcə tədbirin açılış
nitqi deyil, Azərbaycanın şəhərsalma fəlsəfəsini və gələcək inkişaf modelini əks
etdirən konseptual yanaşma kimi diqqət çəkdi.
Azərbaycanın müasir şəhərsalma siyasətinin
əsasında balanslı inkişaf prinsipi dayanır. Bir tərəfdən sürətli iqtisadi və
texnoloji yenilənmə həyata keçirilir, digər tərəfdən isə tarixi-mədəni irsin
qorunmasına xüsusi diqqət yetirilir. Bakı şəhəri bunun ən uğurlu nümunələrindən
biridir. Son iyirmi ildə paytaxtın siması əsaslı şəkildə dəyişib, yeni yollar,
parklar, ictimai məkanlar, sosial obyektlər və yaşayış kompleksləri inşa
olunub. Bununla yanaşı İçərişəhərin tarixi görünüşünün qorunması, milli
memarlıq elementlərinin saxlanılması və qədim şəhər mühitinin mühafizəsi dövlət
siyasətinin mühüm istiqaməti olaraq qalır.
Bu gün Bakı postsovet məkanında ən sürətlə
yenilənən şəhərlərdən biri hesab olunur. Vaxtilə ekoloji problemlərlə yadda
qalan “Qara şəhər” ərazisinin müasir “Ağ şəhər” layihəsinə çevrilməsi Azərbaycanın
urbanizasiya siyasətinin uğurlu nümunələrindən biridir. Burada yalnız yeni
binalar tikilməyib, həm də insan rahatlığını və ekoloji tarazlığı nəzərə alan
müasir şəhər modeli formalaşdırılıb. Yaşıl zonalar, piyadalar üçün geniş məkanlar,
müasir nəqliyyat infrastrukturu və enerji səmərəliliyi prinsipləri artıq şəhərsalma
siyasətinin ayrılmaz hissəsinə çevrilib.
“Şəhərsalma və Memarlıq İli”nin xüsusi əhəmiyyətini
artıran əsas məqamlardan biri də Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə
həyata keçirdiyi nəhəng quruculuq proqramıdır. Qarabağ və Şərqi Zəngəzurda
aparılan bərpa işləri təkcə dağıdılmış infrastrukturun yenidən qurulması deyil,
eyni zamanda regionun gələcək inkişaf modelinin formalaşdırılması deməkdir.
Ağdam, Füzuli, Şuşa, Zəngilan, Laçın və digər şəhərlərin Baş planları
hazırlanarkən müasir urbanistika, “ağıllı şəhər”, “ağıllı kənd”, yaşıl enerji və
dayanıqlı inkişaf prinsipləri əsas götürülüb.
Prezident İlham Əliyev forumdakı
çıxışında Ermənistan işğalı dövründə Azərbaycan şəhərlərinin məqsədli şəkildə
dağıdıldığını xüsusi vurğuladı. Ağdamın “Qafqazın Xirosiması” adlandırılması təsadüfi
deyil. Uzun illər ərzində həmin ərazilərdə bütün yaşayış məntəqələri yerlə-yeksan
edilmiş, tarixi və dini abidələr vandalizmə məruz qalmışdı. Bu gün isə Azərbaycan
həmin ərazilərdə tamamilə yeni şəhərsalma konsepsiyası həyata keçirir və bunu
beynəlxalq ictimaiyyətə inkişaf nümunəsi kimi təqdim edir.
Əslində, “Şəhərsalma və Memarlıq İli”
yalnız memarlıq sahəsinə aid təşəbbüs deyil. Bu qərar həm də milli inkişaf
modelinin ideoloji ifadəsidir. Çünki müasir şəhərlər yalnız binalardan ibarət
olmur. Şəhər insanların həyat keyfiyyətini, sosial münasibətləri, iqtisadi
imkanları və mədəni mühiti formalaşdıran əsas platformadır. Azərbaycanda həyata
keçirilən layihələrdə də insan amili əsas prioritet kimi çıxış edir. Yeni
salınan yaşayış massivlərində məktəblər, xəstəxanalar, parklar, idman obyektləri
və sosial xidmət infrastrukturu paralel şəkildə qurulur.
Son illər Azərbaycanda memarlıq sahəsində
milli üslubun qorunması istiqamətində də mühüm addımlar atılır. Xüsusilə Şuşa şəhərinin
bərpası bu baxımdan diqqət çəkir. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada
aparılan işlər zamanı şəhərin tarixi-memarlıq ruhunun qorunmasına xüsusi həssaslıq
göstərilir. Bu yanaşma onu göstərir ki, dövlət siyasətində modernləşmə milli-mədəni
kimliyin itirilməsi hesabına deyil, onun daha güclü şəkildə yaşadılması
prinsipi üzərində qurulur.
Müasir dövrdə urbanizasiya prosesi bütün
dünya üçün ciddi çağırışlar yaradır. Əhali artımı, ekoloji problemlər, nəqliyyat
sıxlığı və sosial infrastruktur yükü şəhərlərin idarə edilməsində yeni yanaşmalar
tələb edir. Azərbaycan da bu qlobal çağırışları nəzərə alaraq şəhərsalma siyasətini
beynəlxalq standartlara uyğun şəkildə inkişaf etdirir. Elektrik ictimai nəqliyyatının
genişləndirilməsi, yeni metro xətlərinin tikintisi, alternativ enerji həllərinin
tətbiqi və rəqəmsal idarəetmə sistemlərinin inkişafı bunun göstəricisidir.
Bu gün Azərbaycanın şəhərsalma siyasəti
region üçün nümunəvi model kimi qiymətləndirilir. Təsadüfi deyil ki, ölkəmiz
artıq yalnız enerji və nəqliyyat layihələri ilə deyil, həm də urbanistika və
dayanıqlı inkişaf sahəsində beynəlxalq təşəbbüslərin fəal iştirakçısı kimi
çıxış edir. WUF13 forumunun Bakıda keçirilməsi də məhz bu reallığın beynəlxalq
səviyyədə qəbul edilməsinin göstəricisidir.
“Şəhərsalma və Memarlıq İli” Azərbaycanın
gələcəyə baxışını ifadə edən strateji yanaşmadır. Bu yanaşmanın mərkəzində isə
güclü dövlət, rahat insan həyatı, milli-mədəni irsin qorunması və müasir
inkişafın vəhdəti dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən siyasət göstərir ki, Azərbaycan yalnız bugünün deyil, gələcək
onilliklərin şəhərlərini qurur.
Aytəkin Mahmudova,
YAP Neftçala rayon təşkilatı ərazi
partiya təşkilatının sədri
Neftçala rayon İnteqrasiya təlimli
İnternat tipli Gimnaziyanın direktoru
Digər xəbərlər



