Dünya Azərbaycanlılarının eyni məqsədlər uğrunda birləşdiyi Gün!

2021-12-28 Baxış: 581
img

         Milli günlər və bayramlar xalqın yaşadığı mühüm hadisələrdən uğurla çıxdıqları günün şәrәfinə qəbul edilir. Millətin, dövlətin, vətənin ölüm-dirim savaşından başı uca, üzü ağ çıxan xalqlar bu qüruru, sevinci xatırlamaq, unutmamaq və gələcək nəsillərə ötürmək üçün o günü bayram olaraq keçirirlər. Bu günlərdə qaranlıqdan aydınlığa çıxışın verdiyi mənəvi zövq və özünə inam hisslərinin bəxş etdiyi xoşbəxtlik hakim olur. 31 ildir dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd olunur. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi artıq bütün dünya azərbaycanlıları üçün zərurətə və mənəvi ehtiyaca çevrilib. 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan çox azərbaycanlılar tərəfindən bayram olaraq qeyd edilir. SSRİ-nin süqutunun son dövründə Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədə yürüşü, tikanlı məftilləri dağıtması iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı-bu taylı millətin həftələrlə Araz çayı sahilində gecə-gündüz birləşmək şüarı azərbaycanlıların bir millət olduğunu dünya miqyasında bir daha nümayiş etdirdi. Həmrəylik günü bu birləşmək məqsədinin simvolik nişanıdır. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik günü elan etdi. Bundan sonra elə həmin il bayramın bütün ölkədə rəsmi qeyd edilməsi barədə Azərbaycan Respublikası Ali Sovetində qərar qəbul olundu. Bu bayramın ilk dəfə dövlət səviyyəsində rəsmən qeyd olunması 1992-ci ildə baş tutdu. Beləliklə, 1992-ci ilin 31 dekabrından Dünya Azərbaycanlılarının Həmrəylik günü bayram olaraq qeyd edilir. Dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması milli diasporun formalaşmasında, xarici ölkələrdə Azərbaycan lobbisinin inkişafında başlıca məqamlardan biri oldu. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra ölkədə davamlı sabitlik və iqtisadi tərəqqinin əsası qoyulmaqla yanaşı, milli birliyə nail olundu, azərbaycançılıq anlayışı milli təfəkkür tərzinə çevrildi, Azərbaycan dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçün milli iftixar, mənəvi dayaq və güvənc yeri oldu. Ona görə ən yeni tariximizdə dünya azərbaycanlılarının milli həmrəyliyinə nail olunması ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən biridir. Ulu Öndərin milli birlik və azərbaycançılıq ideyaları bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş nəhəng dövlət xadimi və dünya şöhrətli siyasətçi Heydər Əliyevin qurduğu müasir müstəqil Azərbaycan bu gün əmin əllərdədir və Ulu Ödərin mütərəqqi ideyalarını hər zaman rəhbər tutan cənab Prezident İlham Əliyevin həyata keçirdiyi mükəmməl siyasət sayəsində dayanıqlı inkişaf edərək daha da qüdrətlənir. Bütün bunlar qəti əminlik yaradır ki, nə qədər Azərbaycan milləti və dövləti var dünya miqyaslı böyük tarixi şəxsiyyət Heydər Əliyev həmişə xatırlanacaq, onun parlaq siması qədirbilən insanların qəlbində daim yaşayacaqdır
               Elşən Ağalarov
               Neftçala rayon sakini, müəllim