Azadlığın çətin və şərəfli yolu…

2022-01-20 Baxış: 475
img
20 Yanvar faciəsi xalqımızın çoxəsirlik tarixində, qan yaddaşımızda əbədiləşən mübarizə yolumuzdur. Bu mübarizlik yolunda bərkiyərək, dönməz əqidə ilə bütün dünyaya haqq səsini duyuraraq zəfər sorağını bildirən Azərbaycan xalqı, həqiqətən, tarixin qara sınaqlarından alnıaçıq, üzüağ, şərəflə çıxmış, mərd övladlarının qürurunu tarix səhifəsində əbədiləşdirə bilmişdir. Biz kimliyimiz, necə bir xalq olduğumuz vətənimizi, dövlətimizi qorumaq üçün əsrlər boyu düçar olduğumuz ədalətsiz müqavilələrdən, haqsız ilhaq sazişlərindən bəlli olur, görünür. Lakin dünya xəritəsində kiçik görünsək də, dünyanın özü boyda şərəf və ləyaqətini qoruyan, yaşadan, eyni zamanda öz tarixini heç zaman unutmayan bir xalqıq. Azadlıq verilmir…alınır! Qanla alınmış azadlıq torpağa hopur, bu torpağın qatlarında yaşayır, suyunda, havasında, dağlarının dözümündə, yamacının boynu bükük çiçəyində, nəfəsində, çörəyində yaşadır azadlıq haqqını, nəsillərin yaddaşına, düşüncəsinə köçürür zamanla…Sanki torpağın qoynunda yatan əcdadlarımızın hənirtisi qoruyur bu mübarizliyi. İnsan ağlının dərk edə biləcəyi amillərdən daha güclü bir haray yaşayır hər qarış vətən torpağında. Əyilməzlik, mərdlik yolunu heç nəyə dəyişmə deyir bu gözə görünməz çağırış…Nəsillərin yaddaşından qopan bir etiraz idi xalqımızı 20 Yanvara aparan yol. Ərazilərimizdə, xüsusilə, Qarabağ torpağında dinc sakinlərimizə qarşı olan qətliamlar, tarixən dədə-baba torpaqlarından incidilərək qovulmaq, meşələri talan etmək mənfur düşmənin xislətindədir. Lakin onların bu vəhşi əməllərinin qarşısının alınmaması xalqımızın hiddətinə səbəb olmuşdu. 1985-ci ildən keçmış SSRİ rəhbərliyində fəaliyyətə başlayan M.Qorbaçovun bu hadisələrə ədalətsiz münasibəti, Qarabağ torpaqlarının Azərbaycandan qoparılması siyasəti isə artıq dözülməz hal idi. Öz haqqını tələb edən Azərbaycan xalqı bu hadisələrə biganə qalmır, dinc yolla etiraz bildirirdi. Nümayişə çıxmaq, haqqını tələb etmək xalqımızın ədalətə inamını göstərirdi. Lakin bu yol qanlı qətliam, dinc insanların rus tanklarının altında vəhşi qətliamı ilə nəticələnmişdi. 1987-1988 ci ildən başlayan nümayişlər getdikcə daha da artırdı. Bunu görən SSRİ rəhbərliyi bu nümayişlərin ədalətli həllini yox, öz hakim mövqelərindən istifadə edərək paytaxt Bakı şəhərinə, yaşadığımız Neftçala rayonuna, Lənkəran şəhərinə və digər ərazilərə qoşun yeritməklə həll etmək planı işləyib həyata keçirdilər. Xalqımız hələ də inana bilmirdi ki, xalqlar birliyi kimi qəbul etdiyimiz Sovet hökuməti onları əliyalın olduğu halda gülləbaran edə bilər…Lakin bu qanlı terror, vəhşi qətliam baş verdi, tarix boyu unudulmayan faciə yaşadı Azərbaycan xalqı. Bu faciə misli görünməmiş qətliam idi xalqımıza qarşı. Təkcə meydanda olanlar deyil, evində olan, yoldan ötən, yaralıları aparmaq istəyən həkim, təcili yardım maşınları hər biri bu faciənin qurbanına çevrilmişdi. Güllələr yağış kimi müxtəlif istiqamətlərə açılır, sadə, əliyalın insanlar güllələnirdi. Bu əməliyyata rəhbərlik edən SSRİ-nin Müdafiə Naziri marşal D.Yazov ən böyük terrorist kimi tarixin səhifəsində qalmış, əmri verən M.Qorbaçov isə xalqların güvəndiyi dövləti yerl- yeksan edən rəhbər kimi nifrətlə tarixə köçmüşdür. Xalqımızın o ağır günlərində, yanvar ayının 21-də Ulu Öndər Heydər Əliyev Moskvada Azərbaycan nümayəndəliyinin qarşısında, orada yaşayan həmvətənlərimiz tərəfindən təşkil edilmiş nümayişə gələrək qətliama öz etirazını bildirmişdi. Azərbaycan xalqına qarşı törədilən bu cinayəti beynəlxalq hüquqa, demokratiyaya, insanlığa, humanizmə qarşı törədilmiş cinayət kimi qeyd edərək hadisələrə siyasi qiymət vermiş, bu işdə mərkəzi və respublika hakimiyyətinin ciddi səhv addım atdıqlarını açıq şəkildə bildirmişdi. Həmin illərdə bu sözləri dilə gətirmək çox böyük siyasi qətiyyət tələb etsə də, uzaqgörən, öz xalqının taleyini hər işdən üstün bilən Ulu öndər bu addımı bütün ola biləcək çətinlikləri göz önündə tutaraq qeyd etmiş, köməksiz xalqının yanında olduğunu bildirmişdi. Nəzərə alsaq ki, həmin vaxt Ulu Öndər artıq siyasi hakimiyyətdə deyildi, həm də Moskvada yaşayırdı məsələnin məsuliyyətini anlamamaq mümkün deyil. Lakin xalqımızın Xilaskarı, Dahi şəxsiyyət bunu da bacarmışdı. Bu gün bu qanlı terror hadisəsindən 32 il keçməsinə baxmayaraq, xalqımız öz şəhidlərini böyük ehtiramla yad edir, onların xatirəsini əbədi yaşadır. Müstəqilliyimizə gedən yolda əyilməz oğulların şücaəti heç zaman unudulmayacaq. 2020-ci ildə Vətən Müharibəsində azad edilmiş torpaqlarımızn zəfər sorağı bir daha bütün dünyaya xalqımızın azadlıq səsini, haqqa güvəncini, heç zaman əsarət zənciri ilə barışmayacaqlarının əyani sübutu oldu. Ucalsın daim əziz Vətənimiz!, ondan ötrü, istiqlalı yolunda candan keçən ruhlar daim şad olsun!
            Bədirə Niftaliyeva
            Neftçala rayon sakini, ziyalı, ədib