“Zəngilanın azad olunmasına görə” medal

2025-10-20 Baxış: 123
img

Azərbaycan Respublikasında hər il 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur. Bu əlamətdar gün, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlıqla həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində Zəngilan şəhərinin və rayonun böyük hissəsinin işğaldan azad edilməsi ilə tarixə düşmüşdür.

 

Bu gün Zəngilan yalnız coğrafi məkandan ibarət bir şəhər deyil – bu torpaq Vətən sevgisinin, xalq-dövlət birliyinin və qələbə ruhunun təcəssümüdür.

 

Zəngilan rayonu 1930-cu ildə inzibati vahid kimi təşkil olunmuş, Azərbaycanın cənub-qərbində, Ermənistan və İranla sərhəddə yerləşir. Ərazi təbii sərvətlərlə, meşə örtüyü, dağ çayları və münbit torpaqlarla zəngindir. Tarixən bu bölgə qədim sivilizasiyaların yaşadığı ərazi olmuşdur. Burada çoxsaylı tarixi-mədəni abidələr, qəbiristanlıqlar, daş kitabələr aşkar olunmuşdur.

 

1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən Zəngilan rayonu işğal edildi. Nəticədə minlərlə ailə doğma yurd-yuvasını tərk etməyə məcbur oldu. Rayonun ərazisində yerləşən mədəniyyət abidələri dağıdıldı, təbii sərvətlər istismar olundu, ekoloji fəlakət yaşandı.

 

2020-ci ilin sentyabrında başlanan və Azərbaycan Ordusunun möhtəşəm zəfəri ilə nəticələnən Vətən Müharibəsi zamanı 20 oktyabr tarixində Zəngilan şəhəri və 6 kəndi (Havay, Məmər, Musalı, Çərəkən, Şəbbədin, Dağ Maşanlı) işğaldan azad edildi. Bu qələbə həm də Azərbaycanın İranla sərhədinə tam nəzarət etməsini təmin etdi.

 

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin gün xalqa müraciətində bu tarixi xəbəri sevinclə elan etdi. Onun rəhbərliyi ilə aparılan dəqiq siyasi və hərbi strategiya nəticəsində Azərbaycan Ordusu öz gücünü bütün dünyaya nümayiş etdirdi.

 

Zəngilanın azad olunması ilə əlaqədar Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Vətən Müharibəsində iştirak edən minlərlə hərbçi yüksək dövlət mükafatları ilə təltif olundu.

 

“Zəngilanın azad olunmasına görə” medalı – 2020-ci ilin dekabr ayında təsis edilmiş və Zəngilanın azad olunmasında xüsusi xidmətləri olan hərbçilərə təqdim olunmuşdur. Bu medal Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşən igidlərin fədakarlığını əbədiləşdirən rəmzə çevrilmişdir.

 

 “Vətən Müharibəsi Qəhrəmanı” – Zəngilan uğrunda döyüşlərdə fərqlənən bir sıra hərbçilər bu ən ali fəxri ada layiq görülmüşdür.



Fərqanə Ağalarova,

YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini

Şorkənd kənd ümumi orta məktəbin direktoru