20 Oktyabr - Zəngilan Şəhəri Günüdür.

20 oktyabr 2020-ci il tarixində Zəngilan rayonu
işğaldan azad edilmişdir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi
zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən
qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin
işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun
inzibati hüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan Silahlı
Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi
uğrunda əməliyyata başlamışdır. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham
Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli,
Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan
azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan
Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49
kəndi işğaldan azad edildi. Azərbaycan-İran sərhədi Zəngilanın işğaldan azad
olunması ilə tam bərpa edilmişdir. İşğal altında qalmış
132 kilometr sərhəd bərpa edilibdir. Müharibədən dərhal sonra sərhəd boyunca
bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlamışdır.
2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına
görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham
Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda
aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş
etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu
“Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Prezident
İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan
Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis
edilmişdir. Sözügedən Sərəncama əsasən 20 oktyabr Zəngilan şəhəri günü kimi
müəyyən olub.
Vətən müharibəsindən sonra Zəngilanın bütün
istiqamətlərində fəal işlər gedir. Bu şəhərin Baş planı artıq təsdiq edilib,
infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra
edilməkdədir. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə
Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından
mühüm faktor olmuşdur. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik
Zəngəzur dəhlizidir. Dəhlizin açılması isə uzun illər
blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı,
xalqımızın tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək.
Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivləri yaradacaqdır. Şərqi
Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla,
ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək
Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır.
Qeyd edək ki, işğaldan azad olunduqdan sonra birinci
pilot layihə də Zəngilanda icra edildi, Ağalı kəndində. 200 evdən ibarət gözəl
kənd salınıb. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və
infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur. Məşğulluq,
məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta
biznesə dəstək xidmətləri mövcuddur. 2022-ci ilin may ayında Ağalı kəndinin ilk
sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Ağalı ağıllı kəndi
dünyanın ən müasir kəndlərindən biridir. Qarabağın “yaşıl
enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda
günəş enerjisinin böyük potensialı var.
Zəngilanda təkcə pilot yaşayış layihəsi deyil,
həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata
keçirilir. “Dost Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə
şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir.
Zəngilan gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinə
töhfə verəcək. Artıq 6000 baş anqus cinsindən olan qaramal idxal edilib,
onların sayı 10 minə çatdırılacaq. Burada, Laçın və Kəlbəcərdə də böyük
yaşıllıq ərazilər var və hər zaman, keçmişdə də bu ərazidə maldarlıq inkişaf
etmişdir.
Səmədağa Hümbətov,
YAP Neftçala rayon təşkilatı ərazi partiya
təşkilatının sədri,
“İODICO” MMC-nin əməkdaşı
Digər xəbərlər



