Düşmənin “Ruhlar şəhəri”nə çevirdiyi Ağdam ən qısa zamanda yenidən ölkəmizin inkişaf etmiş mərkəzlərindən birinə çevriləcəkdir

2022-02-18 Baxış: 257
img

Azərbaycan elminə və mədəniyyətinə Süleyman Sani Axundov, Famil Mehdi,  Sara Qədimova, Qurban Primov, akademik  Zakir  Məmmədov, fəlsəfə elmləri doktoru Ziyəddin Göyüşov,  tarix elmləri doktoru Rəşid Göyüşov, minerologiya elmləri doktoru Xudu Məmmədov və onlarla başqa görkəmli şəxsiyyətlər bəxş etmiş Ağdam  rayonu  44 .günlük Vətən müharibəsindən sonra  bir güllə belə atılmadan düşmən işğaldan azad olunmuşdur. Bəli bu faktı xüsusi qeyd etməliyik, məhz Müzəffər  Prezident cənab İlham Əliyevin dərin düşünülmüş hərbi-siyasi savadı, qətiyyəti, məsələni həll etmək, onu qabaqcadan görmək məharəti sayəsində 27 il ərzində viran qoyulmuş doğma Ağdamımızı düşmən döyüşsüz təslim etmək məcburiyyətində qaldı.  Dövlət başçımız cənab İlham Əliyevin 2022-ci il fevralın 13-də Ağdam rayonuna gerçəkləşdirmiş olduğu tarixi səfərində bir sıra obyektlərin təməlinin qoyulması, bəzi müəssisələrin açılışlarının edilməsi məskunlaşmadan əvvəl ilk növbədə infrastrukturun, iş yerlərinin yaradılmasına göstərilən diqqətdən xəbər verir. Prezident  bir müddət əvvəl Ağdamın Baş planı ilə tanış olduqdan sonra demişdi ki, vaxtilə Ağdam şəhərinin ərazisi 700-800 hektar idi. İndi isə şəhəri iki dəfə böyüdürük. Ağdamda, işğaldan azad olunmuş digər ərazlərdə icra olunan layihələr onu göstərir ki, dövlətimiz  öz şəhərlərini yenidən qurmaq üçün həm kadr potensialına, həm də  maliyyə və texniki imkanlara malikdir. Müxtəlif xarici şirkətlərin bu işlərdə fəal iştirakı isə ölkəmizə olan dost münasibətin, inamın təzahürüdür. Dövlət başçısı hər dəfə olduğu kimi bu dəfədə Heydər Əliyev Fondu tərəfindən aparılan işləri yüksək qiymətləndirərək, Fondun Azərbaycanda dini-mədəni və tarixi irsə göstərdiyi diqqət və qayğının yüksək qiymətləndirdi. Cənab Prezident Ağdam Cümə məscidinin qarşısındakı çıxışında Azərbaycanda əlverişli biznes imkanlarının olmasını, sahibkarlar üçün çox gözəl şərait yaradılmasını nəzərə çatdıraraq iş adamlarını Ağdama və azad edilmiş digər ərazilərə sərmayə qoymağa, orada müasir layihələri reallaşdırmağa çağırdı. Sahibkarlara bu işlərdə mənəvi-siyasi dəstəkdən əlavə güzəştli kreditlərin verilməsi onları işğaldan azad edilmiş ərazilərə investisiya yatırmağa həvəsləndirməyə hesablanmışdır. Qeyd edək ki, Ağdamda inşa olunmuş iki yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı təmin olunacaqdır. Bundan əlavə Ağdamda ən müasir standartlara cavab verən mehmanxananın təqribən 2 ildən sonra fəaliyyətə başlayacağı planlaşdırılır. Bu isə rayonun turizm potensialının artmasına şərait yaradacaqdır. Ağdam şəhərinin yenidən qurulmasında  diqqət çəkən məqamlardan biri də onun yaşıl zonalara sahib olmasıdır. Təsdiq olunmuş Baş plana əsasən  şəhərə yaxınlaşan hər kəs onun ətrafında içində kiçik müəssisələr, turizm obyektləri, 8-12-20 yerlik otellər olan ən müasir bağlar-ictimai yaşıllıq məkanları  görəcəklər. Adətən, şəhərdə yaşıllıq zonaları üçün 15 faiz ayrılırsa,  Ağdamda meşə zolaqlarının sahələri 23 faizə çatacaqdır. Cənab Prezident Ağdamda yaşayış kompleksinin təməlinin qoyulması mərasimində də iştirak etmişdir. Qeyd edək ki, yeni Ağdam 100 min nəfər sakin üçün planlaşdırılır. Təsdiq edilmiş Baş plana görə, Ağdamda 1750 fərdi ev və 23 min mənzilin inşa olunacağı nəzərdə tutulur. Ağdam rayonundakı evlərin daha böyük həyətyanı sahələrlə təmin olunacağı planlaşdırılır. Ən müasir tibbi avadanlıqlarla təmin olunacaq Ağdam Mərkəzi Şəhər Xəstəxanasının inşası ağdamlılara ən müasir tibbi xidmətlərin göstərilməsi üçün imkanlar yaradacaqdır. Ağdamın bərpası ilə bağlı Təhsil Nazirliyinin təqdim etdiyi layihədə burada 15 müasir məktəbin inşası, Qarabağ Universitetinin yaradılması, Ağdamın  bütün Qarabağın təhsil mərkəzinə çevrilməsi  nəzərdə tutulur. Ağdama qaz xətlərinin çəkilişi,  içməli suyun gətirilməsi, o cümlədən Xaçınçay su anbarının təmiri layihələri artıq hazırdr ki, bu da keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına köçürülməsinə və onlar üçün layiqli həyat şəraitinin yaradılmasına  böyük əhəmiyyət verildiyini nümayiş etdirir. Bu gün Ağdamın yol-nəqliyyat infrastrukturu dünya standartlarına uyğun yenidən qurulur.  Füzuli-Ağdam və Bərdə-Ağdam  avtomobil yollarının, Bərdə-Ağdam dəmir yolunun çəkilişinə başlanıb. Bu yol Ağdamı Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirəcək ki, vətəndaşlarımızın və xarici turistlərin ölkə daxilindən və kənardan  Ağdama gəlmələrini əhəmiyyətli şəkildə asanlaşdıracaqdır. Artıq münaqişə Azərbaycanın öz iradəsi və gücü hesabına sona çatıb. Ölkəmiz işğal altında qalan torpaqlarımızı döyüş meydanında geri qaytarıb. Heç şübhə yoxdur ki, digər şəhər və kəndlər kimi Xirosimanı xatırladan bu dağılmış şəhər də yenidən bərpa edilərək Azərbaycanın ən inkişaf etmiş bölgələri sırasında olacaqdır. Ağdam rayonu yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, aqrar sənayenin, kənd təsərrüfatının gur inkişaf etdiyi rayonlarından birinə çevriləcəkdir. İntensiv quruculuq işləri azad edilmiş bütün rayonların sakinləriinin az vaxt içində öz yurdlarına dönməsinə şərait yaradır. Ən qısa zamanda həyat bu yerlərdə yenidən öz gur ritmi ilə qaynamağa başlayacaqdır. Həm döyüş, həm də siyasət meydanlarında düşmənə qalib gəlmiş Azərbaycan dövləti isə hər zaman olduğu kimi, öz vətəndaşlarının yanındadır.

 

           Firdovsi Tağıyev 

           Neftçala rayon sakini, ziyalı, müəllim