Qədirbilən Azərbaycan xalqı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirir!

2022-02-22 Baxış: 331
img

 Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycan xalqının dəmir iradəli birinci xanımı Mehriban xanım Əliyeva orta məktəbi qızıl medalla, ali məktəbləri fərqlənmə diplomları ilə bitirdikdən sonra sərbəst həyata atdığı ilk addımından xeyirxah əməlləri ilə nəinki Azərbaycanda, bütün dünyada sevildi. Bacarıqlı, xeyirxah, işgüzar xanım insanların sağlamlığı sahəsində göstərdiyi fəaliyyəti ilə çox fərqləndi. Fəlsəfə elmlər namizədi alimlik dərəcəsinə yüksəldi. Mehriban xanım inamla başladığı işləri uğurla yekunlaşdıraraq xalqın böyük rəğbətini qazandı. Azərbaycan üçün, Azərbaycan xalqının rifahı üçün  etdiyi fədakarlıq onun böyük qəhrəmanlığıdır. Çətin,  eyni zamanda xeyirxah əməlləri müqabilində Birinci xanımın aldığı mükafatlar, titullar hər bir Azərbaycan vətəndaşının   sevincinə səbəb olur, xalq onun uğurları ilə qürur hissi keçirir. Mehriban xanım Əliyeva 1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunu təsis edərək, ona rəhbərlik edir. Mehriban xanım milli incəsənətimizin inkişafı, təbliği, xarici ölkələrdə daha geniş tanınması, dünya mədəniyyətinə inteqrasiyası, yeni beynəlxalq əlaqələrin formalaşması məsələlərinin həyata keçirilməsində 3 istiqamətdə: mədəni tədbirlər, xeyriyyə aksiyaları, naşirlik fondu yaradaraq, Azərbaycan mədəniyyətini dünya mədəniyyətləri sırasında tanıtmışdır. Azərbaycan muğamını dünya miqyasında təbliğ etmək üçün onun rəhbərliyi ilə “Bakı Müğam Mərkəzi” yaradılmışdır. Sənət və sənətkarlara verdiyi böyük dəyərin, onlara göstərdiyi qayğının nəticəsidir ki, bir neçə Beynəlxalq festivalların: “Bakı payızı”, IX Şərq-Qərb Bakı Beynəlxalq kino festivalı, Beynəlxalq Bakı Caz Festivalının keçirilməsini təşkil edib, “Qarabağ xanəndələri” musiqili albomun buraxılması və onun dünyanın bir çox mötəbər incəsənət mərkəzlərində yayılmasına nail olmuşdur. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanın  maddi və qeyri-maddi irsinin, Azərbaycan xalqının  adət-ənənələrinin  və dəyərlərin dünyada tanıdılması üçün yüzlərlə təqdimatlar, sərgilər və tədbirlər keçirilmişdir. Mehriban xanımın dəstəyi ilə Azərbaycanın  görkəmli şəxslərinin yubileylərinin keçirilməsi UNESCO səviyyəsində qeyd edilmişdir. Fransada, İtaliyada, Rusiyada və başqa ölkələrdə keçirilən çoxsaylı tədbirlər nəticəsində dünya ictimayyəti ölkəmizi daha yaxından tanımağa, öyrənməyə başlamışdır. İnformasiya blokadasını yararaq ölkəmizin mədəniyyətini düzgün istiqamətləndirməyə, tarixini, adət-ənənəsini dünya xalqlarına çatdırmağa vasitəçi olmuşdur. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan, ingilis və rus dillərində çap olunan “Azərbaycan- İrs” jurnalı bu missiyanın təbliğinin öhdəsindən layiqincə gəlmişdir.    

2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilən Mehriban xanım Əliyeva bu sahədə də böyük uğurlar qazanaraq Azərbaycan idmanını və idmançılarını dünya idman sahəsində tanıtmağa müvəffəq olmuşdur. Mehriban xanım  2004-cü ildə Azərbaycan şifahi xalq ədəbiyyatı və milli musiqi irsinin qorunub saxlanılması  və inkişaf etdirilməsində xidmətlərinə görə UNESCO-nun, 2006-cı ildə humanitar sahədə genişmiqyası fəaliyyətinə görə İSESCO-nun Xoşməramlı səfirləri adına layiq görülmüşdür. Bəli 2004-cü il 10 may tarixində Ulu Öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi,onun milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanması məqsədi ilə  yaradılmış  Heydər Əliyev Fondunun  yaradıcısı və prezidenti məhz Mehriban xanım Əliyevadır. Fondun məqsədi milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına kömək etmək, elm, təhsil, mədəniyyət, səhiyyə və idman sahələrinin inkişafını təmin etməkdən ibarətdir. Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın bütün rayon və şəhərlərində yeni məktəblər inşa edilir, əsaslı təmir olunur. Uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq hərtərəfli  biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət göstərir. Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılmasına yardım göstərir.  Heydər Əliyev Fondunun dəstəyi ilə bilik və bacarığına görə ölkəmizi dünya olimpiadalarında təmsil edən şagird və tələbələrin uğurlu nəticələri dəstəklənir və qiymətləndirilir. Bacarıqlı, zehinli, elmli tələbələrə Prezident təqaüdləri verilir, dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilir və təhsil haqları Fond tərəfindən ödənilir. Fond tərəfindən səhiyyə sahəsinə böyük diqqət edilir, yeni səhiyyə binalarının istifadəyə verilməsi ilə yanaşı, həm də səhiyyə mərkəzləri müasir avadanlıqlarla təmin olunur. Fond müasir texnologiyalardan istifadə etmək üçün bacarıqlı  mütəxəssislərin yetişdirilməsinə dəstək olur. Mehriban xanım Əliyeva gənc nəslin milli ruhda dünyanın sivil ölkələri səviyyəsində yetişməsinə çalışır, onlara dəstək olur.  Heydər Əliyev Fondu şəhid ailələrinə, qazilərə, Azərbaycanın bütövlüyü uğrunda xidmətləri olan hər bir Azərbaycan vətəndaşına diqqət və qayğı ilə yanaşır, onlara maddi-mənəvi dəstək olur, yaşayış evləri, miniklə, işlə təmin etməkdə yardımçı olur. Yaralı qazilərin müalicə almaları üçün xarici ölkələrin tanınmış həkim və professorlarına müraciət edilir,  nüfuzlu xəstəxanalarına göndərilirlər. Mehriban xanım Əliyevanın bacarıqlı təşkilatçılığı,üzərinə götürdüyü vəzifəyə sadiqliyi, iradəsi, ardıcıl və qətiyyətli fəaliyyəti nəticəsində Fond həm respublikamızda, həm də xaricdə, nüfuzlu beynəlxalq qurumlarda böyük hörmət qazanmışdır. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə xalqımızın dini dəyərlərinə böyükqayğı göstərilir, Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı-Azərbaycan” layihəsi çərçivəsində   ölkəmizdə yeni məscidlər inşa edir, müqəddəs ziyarətgahların  təmir-bərpa işlərini həyata keçirir. Fondun dəstəyi ilə yüz illər boyu Azərbaycanda dost və qardaş şəkildə yaşamış müxtəlif dinlərə mənsub olan nümayəndələrə də şərait yaradılır, ibadət evləri  bərpa edilir. Həmçinin müxtəlif müsəlman ölkələrində xeyriyyə aksiyaları keçirilir. 2007-ci ildən başlayaraq Mehriban xanımın təşəbbüsü ilə ölkəmizdə  “Ağacəkmə” kampaniyası, böyük ekoloji layihələr icra edilməkdədir. “Hərəyə bir ağac əkək” kampaniyası hər il davam etdirilərək ətraf mühitin sağlamlaşdırılmasına xidmət edir, ekoloji problemlərin həlli sahəsində Azərbaycanın yaşıl örtüyünü zənginləşdirir, parklar və bağlar salınır. 2020-ci ildə Mehriban xanımın  təşəbbüsü ilə  Nəsimi ili çərçivəsində 650 min ağac əkilmiş və Bakı şəhərində Qafqaz Biomüxtəlifliyi Sammiti keçirilmiş, biomüxtəlifliyin qorunması məsələsi müzakirə edilmişdir. 2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban xanım Əliyeva böyük və əvəzedilməz fəaliyyətlərinə görə Azərbaycanın Birinci vitse-prezidenti təyin olundu. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva vətənini sevdiyi qədər də, onun qayğısını çəkir, dövlətçiliyini qoruyur, nüfuzunu artırır, dünyanın sivil ölkələri sırasında dayanıqlı olmağa var qüvvəsi ilə çalışır. Xalqın sevgisini qazanmış Birinci xanım öz çoxşaxəli fəaliyyətində hər zaman millətin dili, mədəniyyəti, tarixi və milli-mənəvi dəyərlərinə sadiq qalaraq Azərbaycançılıq ideologiyasına xidmət edir. Azərbaycan xalqı Birinci vitse- prezidenti, birinci xanımı Mehriban xanım Əliyevaya dövlətçiliyin qorunması və qüdrətlənməsi naminə  dəstək olur və  fəaliyyətində uğurlar arzulayır.   

 

              Elmira Tağıyeva

              Neftçala rayon sakini, müəllim