Xocalı soyqırımı - Qan Yaddaşımız!

2022-02-25 Baxış: 389
img

         Müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırım isə heç sağalmayan yarasıdır. Bu cür işğalçı qəsbkarlıq qan-qada, ölüm-itim, fəlakət, dağıntı və dəhşətli faciələri ilə yadda qalır. Ona görə də yaraları dərin və sağalmaz iz buraxır. Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç bir ümid qalmır. Elə Xocalı müsibəti kimi!..Bu dəhşətli hadisədən artıq 30 il ötür. 1992-ci il fevral ayının 25-dən 26 - na keçən gecə Ermənistan hərbi birləşmələri Xocalı şəhərində bəşər tarixinin ən qanlı soyqırımlardan birini törətdilər. Erməni silahlı qüvvələri Sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Azğınlaşmış ermənilər nə qocaya, nə cavana, nə uşağa aman vermədi. Soyqırımı törədənlər Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla öldürmüş, diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışdılar. Erməni təcavüzkarlarının hücumu zamanı burada üç minə yaxın insan qalmışdı. Soyqırım nəticəsində 613 nəfər öldürüldü. Onlardan 106 qadın, 63 uşaq, 70 qoca amansızcasına qətlə yetirilib. 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər isə itkin düşüb. Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilib. Mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilib. Əsir götürülənlərə amansız işgəncə verilib. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Qədim abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən böyük mədəniyyətə malik Xocalı şəhəri erməni vandalizmi nəticəsində xarabalığa çevrildi. Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, 3 mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Dövlətin və əhalinin əmlakına o dövrki qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur. Bu, aqressiya Ermənistanın tarixi torpaqlarımızı ələ keçirmək planının reallaşmasına şərait yaradan ən böyük amillərdən biri idi. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdi. Ancaq mənfur düşmən öz arzusuna çata bilmədi. Torpaqlarımız uğrunda qəhrəman oğullarımız canından keçərək şəhidlik zirvəsinə ucaldı.  Biz  Xocalının dərdli-naləli gecəsi barədə nə qədər yazsaq da, yenə də müsibət və dəhşətləri olduğu kimi təsəvvür etmək çətindir. “Bu soyqırım  bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”-deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı günü haqqında” qərar qəbul etdi. Ümummilli liderimizin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı sərəncamla hər il fevral ayının 26-sı saat 17.00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.  Heç bir cinayət, xüsusilə də insanlığa qarşı törədilmiş cinayətlər cəzasız qalmamalıdır və qalmadı da. 2020-ci il 27 sentyabr tarixində işğal altında olan torpaqlarımızın azad olunması uğrunda  başlanan  44 günlük əks-hücüm əməliyyatlarının sonunda tariximizin ən şərəfli səhifəsi yazıldı.  Müharibə ərzində ürəyi vətən sevgisi ilə döyünən, bütün bu acıların qisasını almaq üçün bağrı yanan vətənpərvər oğullarımız Ali Baş Komandanın rəhbərliyi ilə böyük şücaət göstərərək düşmənin başını əzməyə müvəffəq oldu. Əminliklə demək olar ki, Xocalı facıəsi qurbanlarının qisası döyüş meydanında namərdə ermənidən fərli olaraq mülki əhalidən deyil, onların “məğlubedilməz ordularından”  alındı. Şəhidlərimizin qızıl qanı yerdə qalmadı. Azərbaycan qalib ölkəyə çevrildi. Hər il Azərbaycan xalqı Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman övladlarımızın, Xocalıda və digər yerlərdə qətlə yetirilmiş minlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir.

 

                 Gülnarə Qasımova

                 Neftçala rayon sakini