Azərbaycan Sosial dövlətdir və atılan bütün addımlar bunu təsdiqləyir

2022-03-10 Baxış: 295
img

    Minimum əmək haqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması böyük iqtisadi mənbə tələb edir. Ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına qarşı proseslər bizim iqtisadi imkanlarımızı gücləndirir, vergi bazasını genişləndirir, kölgə iqtisadiyyatına qarşı çox ciddi zərbə vurur.

    Son illər aparılan siyasət və onun uğurlu nəticələri göstərir ki, bu istiqamətdə qarşıya qoyulan məqsədlərə nail olunur, daha geniş tədbirlərin reallaşdırılmasına hərtərəfli imkan yaradılır.

    Bu gün dünyada demokratik, hərtərəfli inkişaf etmiş dövlət kimi özünə layiqli yer tutan Azərbaycanda əhalinin sosial müdafiəsinin təmin edilməsi müstəqil dövlətimizin qarşısında duran strateji vəzifələrdən biridir. Elə buna görədir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ötən dövr ərzində əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirilmiş və mühüm uğurlar əldə olunmuşdur.

    Prezident İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı özlüyündə daha bariz şəkildə sübut edir ki, Azərbaycanda sosial siyasət dövlət siyasətinin prioritetidir. Cənab Prezidentin də vurğuladığı kimi, Azərbaycan Respublikası öz dövlət quruculuğunda, sosial-iqtisadi problemlərin həllində tutduğu starteji yolla gedir:

    Qeyd edək ki, son dövrlərdə dünyanın mənzərəsi müharibələrlə, müxtəlif zəmində baş qaldıran münaqişələrlə, digər bu kimi neqativ hallarla səciyyələnsə də, Azərbaycan sabitlik adası kimi fərqlənir və ölkədə möhkəm xalq-iqtidar həmrəyliyi hökm sürür.

    Qeyd etmək yerinə düşər ki, davamlı sabitliyi ilə fərqlənən Azərbaycanda gedən iqtisadi inkişaf ölkə vətəndaşlarının mənafeyinə yönələn güclü sosial siyasətlə tamamlanır. Qarşıya qoyulan vəzifə ondan ibarətdir ki, ölkəmizdə sosial sferada vəziyyət dünyanın inkişaf etmiş ölkələrindəkindən geri qalmamalıdır. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uzunmüddətli siyasət bilavasitə ölkənin sosial problemlərinin həlli, aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində olub. Məhz bu məqsədlə dövlət başçısının rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafı da daxil olmaqla bir neçə dövlət proqramı qəbul edilib. Bu çərçivədə regionların inkişafı, yeni kommunikasiyaların qurulması, iş yerlərinin açılması, mövcud regionun iqtisadi göstəriciləri nəzərə alınmaqla istehsal müəssisələrinin yaradılması ilə bağlı çoxsaylı layihələr həyata keçirilib.

    Respublikamızda yoxsulluğun tamamilə aradan qaldırılması istiqamətində davamlı tədbirlər uğurla öz həllini tapır. Məlumdur ki, hər bir ölkədə ən güclü sosial göstəricilərdən biri də işsizliyin səviyyəsi hesab edilir. Ötən illər ərzində Azərbaycanda, xüsusən də, özəl sektorda çoxsaylı iş yerlərinin yaradılması bu sahənin də perspektivindən xəbər verir.

    Azərbaycanda sosial infrastruktur quruculuğundan söhbət açarkən bütün respublika miqyasında təhsil müəssisələrinin, səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsini, ölkənin hər yerində məktəblərin, səhiyyə müəssisələrinin tikintisinin geniş vüsət almasını xüsusi qeyd etmək lazımdır.

    Qeyd edək ki, bu baxımdan ölkə əhalisinin ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər də dünyanın nüfuzlu qurumları tərəfindən yüksək qiymətləndirilməklə bu istiqamətdəki Azərbaycan modeli oxşar problemlərlə üzləşən ölkələr üçün nümunə kimi göstərilir. Azərbaycan dövlətinin bu istiqamətdə əldə etdiyi uğurlara heç şübhəsiz, Prezident İlham Əliyevin sosial siyasət strategiyasının əsasında qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının, onların məşğulluqlarının təmin edilməsinin, təhsil, səhiyyə xidmətinin tələb olunan səviyyədə qurulmasının, yoxsulluqlarının azaldılmasının, sosial müdafiəsinin gücləndirilməsinin əsas yer tutaraq xüsusi önəm daşıması sayəsində nail olunmuşdur.

    Bu gün də dövlətimizin başçısının rəhbərliyi altında məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər davamlı xarakter daşıyır. Prezidentin göstərişi ilə hər il Dövlət Neft Fondundan və digər mənbələrdən yeni qəsəbələrin salınması üçün vəsait ayrılır.

    Qeyd edək ki, sosial dövlət olan Azərbaycanda daim insanların həyat şəraitinin yaxşılaşmasına yönələn yeni sosial təşəbbüslər irəli sürülür. Belə təşəbbüslər, adətən, cəmiyyətin istəyi, sifarişləri əsasında formalaşır. Son illərdə Azərbaycanda irəli sürülən sosial təşəbbüslər sırasında aztəminatlı ailələr üçün uyğun qiymətə sosial mənzillərin tikintisi layihəsi mühüm yer tutur. Yeni sosial təşəbbüsə uyğun olaraq bütün respublika miqyasında aztəminatlı ailələrin uyğun qiymətə mənzil şəraitlərinin yaxşılaşdırılması strateji hədəf kimi qarşıya qoyulub.

    Ölkəmizdə şəhid ailələri və qazilər dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmuşlar.Onların sosial problemləri həll edilərək daim diqqət mərkəzində saxlanılır.

    Bütün bunlar isə onu deməyə əsas verir ki, Azərbaycanın dövlət başçısı yaranan şəraitdə şəhid ailələrinin,qazilərin, aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək məqsədilə belə ailələrin mənzil şəraitinin əsaslı şəkildə yaxşılaşdırılmasını nəzərdə tutan sosial mənzillərin tikintisi proqramının həyata keçirilməsinə böyük önəm verir. Cari ilin yenidən baxılan büdcəsinin xərclər istiqamətində sosial mənzillərin tikintisi proqramına böyük məbləğdə vəsait ayrılması da deyilənləri bir daha təsdiqləyir.

    Bir sözlə, ölkədə vətəndaşa qayğı kompleks şəkildə, hərtərəfli formada həyata keçirilir. Son illərdə maaşların, pensiyaların, digər sosial ödənişlərin dəfələrlə artırılması, aztəminatlı ailələrə göstərilən yardımlar və s. bunun daha bir təsdiqidir. Sadalananlar, bir daha göstərir ki, Azərbaycan dövləti daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir

Cavad Mirzəyev ,

YAP Neftçala rayon təşkilatının əməkdaşı