Qüdrətli Azərbaycan!

2022-03-11 Baxış: 302
img

Tarixə nəzər salsaq görərik ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra həm daxili, həm də xarici təsirlərə məruz qalaraq ağır sınaqlardan keçmişdir. Xalqımız min bir əziyyətlə qazanılmış müstəqilliyini və suverenliyini qorumaq üçün həmin dövrdə xarici qüvvələrdən çox daxili qüvvələrlə mübarizə aparmaq məcburiyyətində qalmışdır. Hələ ötən əsrin 90-cı illərinə səyahət etsək baş vermiş dövlət çevrilişlərini xüsusi qeyd etməliyik. Lakin bütün bu cəhdlər hər zaman uğursuz olmuş, dövlətçiliyimizin itirilməsinə imkan verilməmişdir. Məhz Ulu Öndər Heydər Əliyevin qətiyyəti və yüksək siyasi iradəsi sayəsində bütün təhlükələrin qarşısı alınmışdır. Bununla belə niyyətlərinə çata bilməyən düşmən dairələr ölkəmizin müstəqilliyinə, suverenliyinə zaman-zaman qəsdlər etməkdə davam etmiş, o cümlədən informasiya terrorunu daha genişləndirmişlər. Bunun üçün də həmin dairələr artıq təcrübədən keçmiş üsuldan – daxildə radikal müxalifət və “beşinci kolon” yetişdirib, onlardan öz mənfur məqsədləri üçün istifadə etməyə çalışmışlar. Həmin xəyanətkar dairələr daim cəmiyyətdə qarışıqlıq yaratmaqla, insanları çaşdırmağa çalışmış, ümumi inkişafa xələl gətirmək üçün xəyanətkar mövqelərini gizlətməyərək öz çirkin simalarını nümayiş etdirmişlər. Artıq əminliklə deyə bilərik ki, Azərbaycan xalqı ağı-qaradan gözəl seçə bilir. Cəmiyyətimiz bu anti-milli xislətləri yaxşı tanıyır. Bu mənada ki, Azərbaycan cəmiyyəti artıq siyasi yetkin bir toplumdur. Onu aldatmaq, yalanlara inandırmaq, səhv istiqamətə yönləndirmək mümkün deyildir. Lakin özlərini “siyasətçi” adlandıran, siyasi meydanda gülünc vəziyyətə düşmüş, xalq arasında heç bir nüfuzu olmayan anti-Azərbaycan qüvvələr, hətta daha irəliyə gedərək düşmən dəyirmanına su tökməyə, onların təbliğatını həqiqət kimi yaymağa çalışırlar. Xain toplumun davranışlarını biz Azərbaycan xalqı bir daha 44 günlük Vətən Müharibəsinin nəticəsində gördük. Tarixi Zəfərə kölgə belə salmağa çalışan, xalqımızın hissləri ilə oynayan, anti-Azərbaycan dairələrin əlində alətə çevrilən bu “toplum” un düşüncələri qüdrətli Dövlətimiz üçün heç bir əhəmiyyət kəsb etmir. Bu gün həmin anti-milli qüvvələr daha çox öz çirkin fikir və niyyətlərini ölkədən guya siyasi motivlərlə sıxışdırılaraq xaricə gedən “siyasi mühacirlər” vasitəsilə həyata keçirirlər. Ancaq Azərbaycan xalqı yaxşı bilir ki, bu gün xaricə yığışan, oradan da ölkəmiz haqqında ağlasığmaz, doğru olmayan, hətta söyüşlərlə dolu məntiqsiz fikirlər səsləndirən ünsürlər üçün müqəddəs heç nə yoxdur. Məhz bu xəyanətkar ünsürlər sözlərini burada Azərbaycan cəmiyyətinə sırımağa çalışanlar anti-Azərbaycan qüvvələr və “beşinci kolon” dur. Əlbəttə ki, müstəqil Azərbaycanın əldə etdiyi nailiyyətləri çoxaldıqca, nəinki regionda, həm də materikdə əhəmiyyətli dövlətə çevrildikcə məlum dairələrdən ona qarşı böhtan və iftiralar da artacaqdır. Lakin onlar unudurlar ki, hakimiyyətin, ölkə rəhbərliyinin və xalqın iradəsi, vətənpərvərliyi, milli təəssübkeşliyi, Ulu Öndər Heydər Əliyev kursuna, demokratik dəyərlərə sadiqliyi bütün bu cəhdləri alt-üst edəcək, Müzəffər Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli, qalib Azərbaycanı inkişaf, tərəqqi yolundan kimsə döndərə bilməyəcəkdir.

Şəkəralı İsmayılov

YAP Neftçala rayon təşkialtının fəal gənci, Vətən Müharibəsi iştirakçısı