1918-ci ilin mart soyqırımlarında qətlə yetirilənlərin sayı on minlərlə ölçülür

2022-03-31 Baxış: 302
img

1918-ci il martın 30-da şəhərdə atəş açıldı. Bu, erməni daşnak-rus bolşevik birləşmələrinin Bakı Sovetinin rəhbərliyi altında törədəcəkləri dəhşətli qırğınların, böyük faciələrin ilk səsi, sədası oldu. Bununla da Bakının və onun qədim sakinlərinin qara günləri başladı. Çoxdan planlaşdırılan soyqırımı aktı xüsusi amansızlıqla həyata keçirilirdi. Günahsız insanlara işgəncələr verilir, diri-diri yandırılır, evlərinə od vururdular.

Düşmənin hədəfində yalnız Bakının müsəlman əhalisi deyildi. Həm də bu şəhərin maddi-mədəni sərvətləri də talanırdı. Ermənilər qədim, gözəl Bakının sinəsinə dağ çəkir, mənəvi dəyəri böyük, gözoxşayan, hərəsi bir tarix olan tikililəri dağıdırdılar.

Şəhərdə  Bakı Sovetinin erməni  daşnak-rus bolşevik qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi qanlı qırğınlar zamanı ictimai və şəхsi binalara da çoх böyük ziyan dəymişdir. Belə ki, "Açıq söz" və "Kaspi" qəzetlərinin redaksiyaları yandırılmış, Qurani-Kərimin yenicə çap olunmuş 5 min nüsxəsini yandırıb külə döndərmişdilər.Bakıda ən iri məscid bombalanmışdı.  İsmailiyyə Хeyriyyə Cəmiyyətinin binası, Şirvanşahlar Sarayı ansambılına daхil olan ХIV əsrdə tikilmiş Keyqubad məscidi, Bazar küçəsindəki Хanlarovun evi , keçmiş "İsgəndəriyyə" mehmanхanasının binası dağıdılmışdı. Bazar və Qubernski küçələrinin tinindəki "İslamiyyə" mehmanхanası da dağıdılmışdı.

Azərbaycanlıların soyqırımı Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Salyan, Neftçalada da eyni qəddarlıqla həyata keçirildi, dinc əhali kütləvi şəkildə məhv edildi, kəndlər yandırıldı, tikililər, milli mədəni irsimiz, tarixi abidələr dağıdıldı. Bakıda azərbaycanlıların  soyqırımı hələ başa çatmamış, bu qanlı qırğınları qəzalarda  da həyata keçirməyə başlamışdılar.

St.Şaumyanın fitvası ilə erməni daşnak – rus bolşevik silahlı dəstələri, Şamaхıda Sovet hakimiyyəti qurmaq adı altında, Bakıda törədikləri dəhşətli qırğından sonra ikinci qırğını Şamaхı qəzasında törətmişdi. St.Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti erməni hərbi hissələrini Şamaхıya göndərərək yerli azərbaycanlılara qarşı dəhşətli qırğınlar törətmişdilər. On üç məhlə məscidi və məşhur müqəddəs Ocaq – Cümə məscidi yandırılmışdı. Bu məscid müsəlmanlara həm qibləgah kimi, həm də qədim abidə kimi əziz idi.  Şamaхı hadisələri ilə bağlı "Azərbaycan" qəzetində gedən bir yazıda qeyd olunmuşdu ki, Lalayevin Şamaхı müsəlmanlarına tutduğu divan bizim bu müharibə dövründə üzləşdiyimiz bütün dəhşətləri geridə qoyur.

Quba Soyqırımı Xatirə Kompleksi 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılıb. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib, Quba şəhəri talanlara və yanğınlara məruz qalıb, qəzanın müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilib. 2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı təsadüfən kütləvi məzarlıq aşkar edilib. Abidə üç hissədən: sivriuclu bıçaqları xatırladan iki konstruksiya – giriş və çıxışdan, mərkəzində qara xatirə daşı yerləşən əsas zaldan ibarətdir. Abidənin iti ucları şiddətli ağrını təcəssüm etdirir. İti ucların yerin altından üzə çıxması həqiqəti gizlətməyin mümkünsüz olduğunu əks etdirir. Abidə bütövlükdə brutto-betondan hazırlanıb. Faciə qurbanlarının xatirəsinə matəm sükutunu təcəssüm etdirmək məqsədilə layihədə hər hansı bəzəkdən istifadə olunmayıb. Muzeyin ekspozisiyasında 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının  5 qəzasında – Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman  əhalinin soyqırımı tarixi öz əksini tapıb. 19 bölmədən ibarət muzey ekspozisiyası Azərbaycan, rus və ingilis dillərində təqdim olunur.

"Azərbaycan" qəzetinin 1918-ci il 3 noyabr tarixli nömrəsində dərc edilmiş "Maraqlı bir sənəd” məqaləsi Salyan və Neftçalada yerli dinc əhaliyə qarşı törətdikləri qırğın və vəhşilikləri təsdiq edən bir sənəddir. Ermənilər gecələr gəmilərdə gecələyir, gündüzlər isə talançılıq edib yaramaz əməllərlə məşğul olurdular. Uzunbabalı kəndinin əhalisini tamam qırmışdılar. Qaralıda qadınları, uşaqları, körpələri  güllələmişdilər. Qaralı kəndində gənc bir kənd sakini Əsgər Əsgərovdan köhnə bir aynalı tüfəng tapdıqlarına görə kənd sakinlərinə amansız işgəncələr vermiş, onları güllələmişdilər. Kənd sakini 114 yaşlı mərhum  Zərxanım  nənənin söylədikləri insanı dəhşətə gətirir:  "Ermənilər heç kəsə aman vermirdilər. İnsalar canlarını götürüb hərə bir tərəfə qaçırdı. Atam bizi – məni və bacımı yeddi gündən sonra, anamı isə dörd gündən sonra tapa bilmişdi. Həmin günlərdə Kür çayından yeddi gün öldürülmüş insanların meyitləri axdı…”

Yaşlı nəslin nümayəndələri söyləyirdilər ki, Kürün sol sahilindəki Pirəbbə, Yuxarı Qaramanlı və İkinci Qaralı kəndlərinin əhalisi yaxınlıqdakı hər tərəfi düzəngah olan Dirov dağını etibarlı sığınacaq bilib burada gizlənmişdilər. Ötən əsrin 70-ci illərinə kimi yaşamış Kür Qaraqaşlı kənd sakini Sürəyya Abbasovanın əlini ermənilər biləkdən kəsmişdilər. Üç gün Babazanan dağının ətəyində – şoranlıqda, öldürülmüş qardaşlarının meyitləri yanında hüşsuz halda qalmış Sürəyyanı türk əsgərləri tapmışdılar.

Nəcəf Məmmədov da bunu belə xatırlayırdı ”Qonsumuz vardı  Məşədi Əli adında .Qaravəllinin zənən uşağını arabaya mindirib Babazənni tərəfə aparıb orda gizlətmişdi. Bundan xəbər tutan ermənilər geri çəkilərkən Dirov dağında gizlənənlərin heç birinə aman vermədən onları öldürmüşdülər. Dirov dağında tapılan insan skletləri də bu faktı təsdiqləyir. Kim bilir, bəlkədə Babazənən adının yozumunda bu hadisənin xatirəsi yaşayır.Yoxsa bir dağa nədən Babazənni adını verərlər ? Köhnə tarix kitablarında bu dağ Qafqazın ən tanınmış ziyarətgahlarından biri kimi yad olunur. Babazənni, Babizənən , Qadınlar qapısı, İsmətin, qızlığın, bakirəliyin sığındığı ümid qapısı kimi xatırlanır. Babazənni dağının yaxınlığındakı Dirovdağ da bu yaxınlarda erməni barbarlığının çox dəhşətli  bir nişanəsi - Burada insan sümüklərinin böyük bir  toplusu aşkarlandı. Kütləvi məzarlıq 1918 –ci ilin yadigarıdır. Qoca, uşaq və qadınların kütləvi  şəkildə qətlə yetirilməsinin tanığını  tarix  90 ildən  sonra insan sümükləri şəklində üzə çıxardı.

Erməni-rus hərbi qüvvələri Kür Qaraqaşlıya çatdığı gündən bir gün əvvəl köməyə gələn türk hərbi qüvvələri Salyanda Kür çayı boyunca yerləşib mövqe tutmuşdular. 5-ci Qafqaz ordusundan 100 nəfərə yaxın türk hərbi qüvvələri köməyə gəlmişdi. Kür Qaraqaşlı kəndində Kür çayının Qaraboğaz adlanan ərazisində yerli könüllülər və türk əsgər və zabitləri döyüşə hazır vəziyyət aldılar. Qazılmış səngərlərdə türk əsgərləri ilə yerli özünümüdafiə qüvvələri birlikdə yerləşirdilər.

"İyunun 28-də türk dəstəsinə hücum edən düşmən qoşunları bir nailiyyət  əldə edə bilmədi, iyunun 29-da düşmənin sağ tərəfdən mühasirəyə alma təşəbbüsü milis atlıları tərəfindən dəf edildi. İyulun 2-nə dəqər davam edən toqquşmada düşmən çox pis biçimdə parçalandı və pərişan bir vəziyyətdə, milis süvari alayının təqibi altında cənuba çəkilmək məcburiyyətində qaldı”.

Türklərin atdığı top atəşləri nəticəsində düşmənin bir gəmisi-"Demosfen,, vurulub sıradan çıxarılır. Gəmilərin daha 3-ü ağır, 2-si isə yüngül zədə aldı. Növbəti  vuruşma 1918-ci il iyulun 12-də Novavasilyevka-Bankə xəttində olmuşdur. Döyüşdə düşmənin böyük hissəsi məhv edilmişdir. Xilas ola bilənlər isə gəmilərlə qaçmışlar. Milli dövlətimizin hərbi qüvvələri və onlara köməyə gələn qardaş türk hərbçilərinin köməyi olmasaydı,  insan qırğınlarının sayı daha da çox olardı. Neftçalada  baş vermiş döyüşdə türk dəstəsindən 11 əsgər şəhid olmuşdur. Şəhid olmuş türk əsgər və zabitləri müsəlman qaydasında böyük ehtiramla Seyidlər kəndində dəfn edilmişlər. Hər il 31 Mart Azərbaycanlıların Soyqırımı Günü insanlar axın-axın bu abidə önünə gəlir, o faciədə şəhid olmuş bütün doğma insanların, o cümlədən qardaş köməyinə gəlib bizlərdən ötrü canını qurban vermiş türk oğullarının əziz xatirəsini anılır.


Gülmirə Səfərova

YAP Neftçala rayon təşkilatı Mədəniyyət Ərazi Partiya təşkilatının fəal üzvü