Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı Azərbaycan xalqının birliyinin göstəricisi idi.

2022-04-27 Baxış: 271
img

Bu günlərdə Qarabağın incisi sayılan Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı işğal altında olan torpaqlarımızın azad olunmasından sonra Azərbaycan diasporasının ilk böyük toplantısı kimi tarixə düşdü. Qurultayın gedişatı və keçirilən görüşlərdə Ölkə başçısı cənab İlham Əliyevin nitqindən irəli gələn fikirlər dünyanın nüfuzlu mətbuat və televiziyalarının diqqət mərkəzində saxlanıldı. Ölkə başçısı qurultayda səsləndirdiyi fikirlərdə dünya dövlətlərinə çağırış etməklə bir daha bəyan etdi ki, Azərbaycan istər Qarabağ regionunda, istərsə də cənubi Qafqazda əbədi sülhün təmin olunmasında ən maraqlı tərəfdir. Əlbəttə cənab İlham Əliyevin çıxışlarında bizlər Ermənistan tərəfinə bir daha sərt xəbərdalıq edilməsinin şahidi olduq. Ölkə başçısı geniş məzmunlu nitqində bir daha vurğuladı ki, regionda iqtisadi inkişafa, sülhə, əmin-amanlığa konkret olaraq maneə olan “Qarabağ münaqişəsi”nə Azərbaycan xalqının iradəsi, Şanlı ordumuzun şücaəti, ümumilikdə bütün dünya Azərbaycalılarının birgə səyi nəticəsində 44 gün ərzində son qoyuldu. Hər macalda, bütün aparılan çox tərəfli görüşlərdə “həlli yoxdur” deyən qüvvələrə başa salındı ki, bəli həyatda hər şeyin sonu olduğu ki, bu münaqişənin də sonu vardır.  Bu sonluqdan Ermənistanın kapitulyasiya aktına imza atmaqla məğlub dövlət olaraq ayrıldı, Azərbaycan isə ədalətli qələbə ilə, böyük Zəfərlə ayrıldı. Münaqişənin həlli yolunun yalnız sülh yolu olduğunu inandırmağa çalışan nüfuzlu beynəlxalq təşkilatlara Azərbaycan 30 ilə yaxın bir vaxt verdi. Bu müddət ərzində farmatından aslı olmayaraq aparılan bütün danışıqlarda Azərbaycan dünyanı əzəli torpaqlarından qəti sürətdə güzəştə getməyəcəyinə inandıra bildi. Düşmən isə bunu qimətləndirə bilmədi, aparılan sülh danışıqlarını hər macalda pozmaqla yekun nəticənin əldə olunmasına maneə oldu. Azərbaycan dövləti aparılan danışıqlarla yanaşı hər ötən gün bu məsələnin alternativ həlli yolu olan hərb yoluna hazırlaşmaqda davam edirdi. Çünki Ermənistan Azərbaycanı qəti addımlar atmağa sövq edirdi. Azərbaycanın bu savaşda məqsədi bir, hədəfi qəti idi: torpaqlarımız sonuncu qarışına kimi işğaldan azad edilməli, ölkənin ərazi bütövlüyü təmin olunmalı idi.Azərbaycanın öz  əzəli torpaqlarını azad etmək üçün apardığı savaş haqq savaşı idi. Bizlər döyüşərək, qan tökərək, şəhidlər verərək regionda ədaləti, haqqı bərpa etdik. Bu gün artıq “Qarabağ münaqişəsi” deyilən bir anlayış yoxdur. Düşmən bütün sahələrdə yerinə otuzduruldu. İstər diplomatik-beynəlxalq müstəvidə, istər hərbi sahədə Azərbaycan regionda yeni reallıqlar yaradıb. Artıq Şuşa şəhəri də daxil olmaqla, bütün işğaldan azad edilmiş ərazilərdə bərpa quruculuq işləri sürətlə davam etdirilir. Bütün bu işlər tam Azərbaycan investisiyası, Azərbaycanın dövlət vəsaitləri hesabına icra olunmaqdadır. Bütün bunlar bir daha dövlətimizin gücünün, onun siyasi rəhbərinin əzmkar siyasi iradəsinin sayəsində mümkün olmuşdur. Düşmən öz iyrənc missiyasını işğal altında saxladığı torpaqlarda murdarcasına icra edib, bəşər tarixində misli görünməmiş vəhşiliyə, talançılığa imza atmışdır. Bizlər bu vəhşiliyin, talançılığın elə Dünya Azərbaycanlılarının V Qurultayının keçirildiyi Şuşa şəhərində də şahidi oluruq. Bu gün Şuşanın tarixi varlığı, əzəməti qorunub saxlanılmaqla tam yenidən qurulur. Şuşa şəhərinə ezam edilmiş nüfuzlu kütləvi informasiya vasitələrinin nümayəndələri əlbəttə ki bu şəhərin düşmən tərəfindən hansı kökə salındığı barədə geniş reportajlar hazırlamaqla dünya xalqlarına ətraflı məlumat verəcəklər. Dünya dövlətləri, xalqları münaqişənin həllinin dondurulmasında maraqlı olan Ermənistanın iç üzünü tanımalıdır. Bu istiqamətdə ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasi xətt möhtəşəmdir. Əlbəttə ki, bu tədbirlərin davamlılığını əbədi olmasını təmin etmək üçün dünyanın dörd bir  yanında yaşayan həmvətənlərimiz  daha sıx birləşməli, həmrəy olmalı, bir olmalıdırlar. Bu baxımdan sonda söyləmək istərdim ki, Şuşa şəhərində keçirilən qurultay müstəsna əhəmiyyətə malik olacaqdır.

 

Fərid Əhmədov;

Neftçala rayon sakini, ziyalı