Azərbaycan xalqının əzmi, Azərbaycan əsgərinin gücü, Vətən sevgisi

2022-04-28 Baxış: 273
img

    27 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin 30 il davam edən erməni işğalına qarşı başlatdığı, 44 gündən sonra, noyabr ayının 10-da zəfərlə başa çatan Vətən müharibəsi nəinki vətəndaşlarımızın, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların ölkəmizin böyük siyasətinin ümdə tərkib hissəsi olan  dövlətçiliyi qorumaq, ərazi bütövlüyünü təmin etmək, milli birliyi möhkəmləndirmək işinə dönməz sadiqliyinin sınağı oldu.

    Müharibənin öz qanunları var. Ordu ordu ilə savaşar, əsgər əsgər ilə döyüşər – üz-üzə, mərd-mərdanə. Kim güclüdürsə, o da qalib gələr. Döyüş meydanında məğlub olan Ermənistan bu qanunları da pozur, müharibə cinayətləri törədərək, şəhər və kəndlərimizi, dinc əhalini atəşə tutur. Düşmənin xain hücumları nəticəsində çox sayda mülki şəxs, o cümlədən uşaqlar, qadınlar həlak olub və yaralanıb, evlər, çoxmənzilli yaşayış binaları, obyektlər dağılıb.
     Oktyabrın 11-də döyüş əməliyyatları zonasından 80 kilometr aralıda yerləşən, ərazisində heç bir hərbi obyekt olmayan Gəncəyə ballistik raket zərbəsi endirildi. Beşi qadın olmaqla, 10 nəfər dinc sakin həlak oldu. Həmçinin 10-u qadın, 9-u azyaşlı olmaqla 34 nəfər yaralandı.Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də gecə saat 1 radələrində Gəncənin mərkəzi hissəsini növbəti dəfə raket atəşinə tutması nəticəsində 13 nəfər həlak oldu, 45-dən çox insan yaralandı, çoxsaylı mülki infrastruktur obyektinə, nəqliyyat vasitəsinə külli miqdarda ziyan dəydi. Ölənlərdən 3-ü azyaşlı uşaq, 4-ü qadındır.
   Sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriyadan və raket sistemlərindən atəşə tutması nəticəsində 60-dan mülki şəxs həlak olub, 300-ə yaxın insan xəsarət alıb. Həmçinin Ermənistan ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 1704 ev, 90 çoxmənzilli yaşayış binası və 327 mülki obyekt yararsız vəziyyətə düşüb.
Bu riyakarlığın adı yoxdur. Düşmənin bu təxribatları, xain hücumları xalqımızın iradəsini qıra bilmədi və bilməyəcək.

     Sözsüz ki, biz bu qələbəmizlə Azərbaycan tarixində yeni mərhələnin başlanmasının şahidi və xoşbəxt iştirakçısıyıq. Bu yeni  tariximizi dərin zəkası və qüvvətli yumruğu ilə yazan, xalqımızın iradəsini savaş və siyasət meydanında gerçəkləşdirən və tarixi yaddaşımıza həkk edən qüdrətli Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Vətən müharibəsini qələbəyə çatdıran qalib Azərbaycan Ordusudur.

Vətən torpağımız tamlaşdı  və bütövləşdi. Bu bütövlük təkcə ərazicə yox, həm də hər bir kəsin baxışında, duruşunda, əzmində, danışığında özünü büruzə verdi.Mübarizəmizin mənası, qayəsi bütöv Azərbaycan oldu. Çünki son 30 illik bir müddətdə düşmən hədəfinə çevrilən yalnız aranlı-dağlı Qarabağ deyil, bütünlükdə Azərbaycan Respublikası, müstəqilliyimiz, ərazi bütövlüyümüz idi.  Eyni zamanda bir xalq olaraq böyüklüyümüzü, bir amal uğrunda dövlətimizin yürütdüyü siyasəti dəstəklədiyimizi, səfərbər olduğumuzu beynəlxalq ictimaiyyətə nümayiş etdirdik.Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev də, Azərbaycan hökuməti də, cəbhədə-səngərdə düşmənlə üz-üzə dayanan, işğal olunmuş torpaqlarımızı qarış-qarış düşməndən azad edən əsgərimiz də, əsgər yolu gözləyən valideynlər də, övladlar da, bir sözlə, bütün vətəndaşlarımızın bütün gücü Qarabağ uğrunda mübarizədə səfərbər oldu .  Qarabağ uğrunda döyüşən əsgərlərimizin böyük əksəriyyəti Qarabağı görmədən sevdilər. O sevgi ki, uğrunda şəhid olacaq qədər. Onlar anadan olanda artıq mənfur düşmənin işğal planları reallaşmışdı.Gənclər Qarabağı yalnız kitablardan, kinofilmlərdən, internet materiallarından tanıyırdılar. Lakin onlar cəbhədə böyük ürəklə və   inamla döyüşdülər. Bölgəsindən, milliyətindən, dinindən asılı olmayaraq bütün ölkə vətəndaşlarının ürəyi Qarabağla döyünürdü. Dövlətimizin yürütdüyü güclü azərbaycançılıq ideologiyası uşaqdan-böyüyə bizim hamımızı, Azərbaycanda yaşayan bütün millətləri və xalqları bir amal ətrafında sıx birləşdirdi. Azərbaycan tarixinə şanlı tarix yazıldı. Bu günlərin hər saatı, hər dəqiqəsi bir dastandır. Sülh yolu ilə həllindən başqa yol yoxdur deyənlərin cavabıverildi.
          Vətən müharibəsi insanların illər boyu vərdiş etdikləri həyat fəlsəfəsini dəyişdi, yeni bir təfəkkür hadisəsini - qalibiyyət fəlsəfəsini doğurdu, ordu və bayraq sevgisini həmişəlik könüllərə və zehinlərə yerləşdirdi, hər kəsə yeni həyat gücü və enerjisi bəxş etdi. Qələbə Vətən üçün ümummilli iftixar hissi yaradır. Məmməd Arazın "Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı" misraları qəlblərə və zehinlərə nüfuz edir. Qalib olduğumuz Vətən müharibəsində azərbaycanlı kimliyi, vətəndaş millətçiliyi, Vətən mənsubiyyəti etnik çərçivələri aşaraq bütün Azərbaycan xalqını bir yumruq kimi birləşdirdi. 44 gündə düşmən üzərində hər yeni qələbəmiz Prezident İlham Əliyevin Dəmir Yumruğunu daha güclü, daha yenilməz birlik və güc rəmzinə çevirdi. Bir yumruq kimi birləşən xalqımız həm öz möhtəşəm Birliyi ilə, həm də bu birlikdən qaynaqlanan Gücü ilə, Ali Baş Komandanın ifadəsi ilə desək, düşmənin başını əzdi.
Azərbaycan Ordusu düşmənə istənilən cavabı verməyə qadirdir və verdi.

Gülmirə Səfərova,


YAP Neftçala rayon təşkilatı, Mədəniyyət Ərazi Partiya təşkilatının fəal üzvü