Dünyada analoqu olmayan qardaşlıq nümunəsi; Azərbaycan-Türkiyə!

2022-06-16 Baxış: 324
img

             Müstəqil dövlət kimi bu gün ölkəmiz dünyada gənc dövlətlərdən hesab edilsə də, əldə etdiyi nailiyyətlər, inkişaf, tərəqqi onu deməyə əsas verir ki, Azərbaycan hazırda dünyanın ən sayılıb-seçilən dövlətlərindən birinə çevrilmişdir. Məhz əhəmiyyətli və əlverişli coğrafi mövqeyə sahib olan Azərbaycanın bu gün dəqiq, düşünülmüş, balanslı idarə edilməsi qeyd etdiyimiz reallıqları şərtləndirmişdir. Hərçənd ki, müstəqilliyini bərpa etdikdən az sonra səriştəsiz idarəçilik sayəsində Azərbaycanın suverenliyi şübhə altına alındı. Lakin Ümummilli liderin xilaskarlıq fəaliyyəti ölkəmizi bu təhlükədən xilas etdi. Bununla yanaşı düşmən ölkənin qəsbkar siyasəti nəticəsində Azərbaycan təxminən 30 ilə yaxın hüquqi sərhədləri daxilində tam şəkildə inkişaf edə bilmədi. Təxminən iyirmi faiz torpaqlarımız bu dövr ərzində düşmən işğalı altında məhv oldu, ümumi inkişafdan, tərəqqidən təcrid olundu. Lakin düşünülmüş, zərgər dəqiqliyi ilə hesablanmış siyasət Azərbaycanı bu gün bütövlüyünə qovuşdurdu. Tarixə adı Müzəffər Prezident kimi əbədi həkk olmuş cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan artıq diqtə edən, maraqları ilə hesablaşılan dövlətə çevrilib. Bizim siyasətimiz bu gün eyni zamanda qarşılıqlı anlaşma, mehriban qonşuluq, dostluq və ən mükkəmməl qardaşlığa, strateji müttəfiqliyə əsaslanır. Məhz dünyanın sorğu-sualsız etibarlı tərəfdaş ölkə kimi qəbul etdiyi Azərbaycan eyni zamanda ölkələrarası münasibətlərdə yeni səviyyələrin mümkünlüyünü nümayiş etdirir. Bu gün dünya üçün analoqu olmayan bu münasibətlər səviyyəsi qardaş Türkiyə dövləti ilə qurulub. Bəli, hədsiz sevgi və qırılmaz bağlarla hər keçən gün bir-birinə bağlanan bu iki dövlət dünyaya əsl nümunədir. Müasir dünyada özünü müttəfiq kimi qələmə verən dövlətlər arasındakı münasibətlər əminliklə demək olar ki, əsasən siyasi və iqtisadi maraqlara söykənir. Lakin ən çətin günündə belə bir-birini tək qoymayan bir millət, iki dövlət varsa o da, Azərbaycan və Türkiyədir. Bir tarixçi olaraq əminliklə deyə bilərəm ki, eyni soya, kökə malik bu iki ölkə bu günki qədər bir-birinə bu səviyyədə bağlı olmayıb. Buradan bir nəticə çıxır ki, indi hər iki ölkənin müdrik Liderləri - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan ölkələrimizi sözün əsl mənasında bir-birinə qırılmaz tellərlə bağlayıb. Şərəf tariximizin yazıldığı 44 günlük Vətən Müharibəsinin ilk dəqiqəsindən sonuna qədər bir an belə haqq işimizdə bizi tək buraxmayan, sözün həqiqi mənasında dünyaya meydan oxuyan qardaş Türkiyə dövləti, həm də bu gün dünyada ədalətin simvoluna çevrilib. Bu mənada ədalətli işimizdə bizi dəstəkləyən Türkiyə ilə məhz Şanlı qələbəmizin simvoluna çevrilmiş Şuşa şəhərində imzalanmış tarixi Şuşa Bəyannaməsi dünyaya verilmiş çox ciddi mesajdır!   Bir məsələni xüsusi vurğulamalıyıq ki, Azərbaycan - Türkiyə münasibətləri təkcə, dövlətlərarası tərəfdaşlığa deyil, köklü, ortaq tariximizə, çox uzun əsrlərə dayanan doğmalıq, yaxın qonşuluq münasibəti ilə ölçülür. Doğmalıq,  qardaşlıq münasibətləri üzrə inkişaf  edən, “İki dövlət, bir millət” devizi altında daha da sıxlaşan, möhkəmlənən birliyimizin əbədi olmasına indi heç kimin şübhəsi yoxdur. 2021-ci ilin 15 iyun tarixində imzalanmış Şuşa Bəyannaməsindən irəli gələn  strateji müttəfiqlik sayəsində Qafqazda uzunmüddətli sülhün bərqərar olunmasına rəvac verilib. Bu gün iki qardaş ölkə, Azərbaycan və Türkiyə regionun həlledici əhəmiyyət kəsb edən mövqeyinə sahibdirlər. Ölkələrimiz, xalqlarımız arasındakı münasibətlər qarşılıqlı hörmətin və dərin sevginin nümayişidir.

 

        Əliheydər Qarayev;

       YAP Neftçala rayon təşkilatının fəal üzvü