Azərbaycan artıq dayanıqlı inkişafını təmin edib.

2022-06-30 Baxış: 59
img

Ötən üç onillik ərzində Azərbaycan özünü BMT-nin məsuliyyətli üzvü kimi sübut edib. BMT Nizamnaməsində əksini tapmış məqsəd və prinsiplərə nail olmaq istiqamətində öz dəyərli töhfələrini vermək üçün Azərbaycan Respublikası BMT-nin fəaliyyətinin hər üç istiqaməti – sülh və təhlükəsizlik, davamlı inkişaf və insan hüquqlarının qorunması və təşviqi üzrə qurumun fəaliyyətinə fəal şəkildə cəlb olunub. Təsadüfi deyildir ki, BMT üzv dövlətlərinin mütləq əksəriyyətinin dəstəyi ilə Azərbaycan Respublikası 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üzrə qeyri-daimi üzvü seçilib.Azərbaycan BMT mandatı əsasında fəaliyyət göstərən sülhməramlı əməliyyatlara, 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyində əksini tapmış məqsədlərin icrasına, insan hüquqlarının qorunması və təşviqi sahəsində beynəlxalq fəaliyyətə və ənənəvi və yaranmaqda olan qlobal risk və təhdidlərə qarşı mübarizəyə dəyərli töhfələr verib. Azərbaycan tarixi şəhərlərin, milli və dünyəvi əhəmiyyətli abidələrin qorunmasına, bərpasına hər zaman xüsusi diqqət və peşəkarlıqla yanaşmışdır. Ölkəmizin paytaxtı Bakı şəhərinin tarixi simasını qorumaqla bərabər, onun infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi təmin olunub. Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə edilib. Bu gün haqlı olaraq dünyanın ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, parkları və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir. Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusuna həsr olunmuş 11-ci sessiyasında bu təcrübə bir daha gündəmə gəldi. Azərbaycanın bərpa və yenidənqurmada, bölgələrin, şəhərlərin inkişafı və reinteqrasiyasında unikal təcrübə yaratdığı qeyd olunub. Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib, Bakıətrafı yaşayış məntəqələri də sürətli inkişaf edir. Paytaxtın tarixi görkəmini qorumaqla müasir inkişafı ilə yanaşı azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri də təqdir olunur. Dövlət başçımız cənab İlham Əliyevin sessiyada çıxışı zamanı da qeyd etdiyi kimi, məqsədimiz Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun inklüziv, təhlükəsiz, dözümlü, dayanıqlı şəhər və kəndlərin inşasıdır. Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək. Azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək mühüm əhəmiyyətə malikdir. Bu, Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı ilə bağlı inamımızı gücləndirəcək.Artıq Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsi həyata keçirilib. Təsadüfi deyil ki, torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycanda yeni şəhərlər, yüzlərlə kəndlər salınır, yeni infrastruktur yaradılır. Ölkəmiz bu işləri öz gücü hesabına reallaşdırır. Bu cür genişmiqyaslı quruculuq işləri Azərbaycanın gücünü və qüdrətini nümayiş etdirir.Əlbəttə ki,beynəlxalq təşkilatların da bu prosesə qoşulması arzuolunandır. Hazırki dövrdə Azərbaycan BMT-nin Yaşayış Məskənləri Proqramı ilə daha sıx əməkdaşlıq etmək niyyətindədir. Nəzərə alsaq ki, bu proqram donorların dəstəyi ilə dünyanın bir sıra ölkələrində münaqişələrdən sonrakı dövrdə bərpa-quruculuq işlərinə dəstək göstərir, bu mənada Azərbaycan da bu təcrübədən yararlanmaqda maraqlıdır.
               Hüsniyyə Ələkbərova
               Neftçala rayon ziyalısı, müəllim