Qəbul olunmuş Dövlət proqramları bütövlüdə ölkəmizin sosial-iqtisadi inkişafına böyük töhfə verir.

2022-07-28 Baxış: 456
img
Bu gün ölkəmizin hər bir bölgəsi tərəqqi dövrünü yaşayır. Ən əsası regionlar arasında sağlam rəqabət gedir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyaraq regionların malik olduğu potensialdan səmərəli istifadənin vacibliyini bildirmişdir. Regionların sosial iqtisadi inkişafına dair ilk Dövlət Proqramının qəbulu bölgələrin inkişafında yeni mərhələnin əsasını qoydu. Hər bir proqramın uğurlu icrası növbəti sənədlərin təsdiqlənməsinə geniş imkanlar açır. Bu baxımdan deyə bilərik ki, hazırda 4-cü Dövlət Proqramının icrası digər sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsinə və yeni prioritetlərin müəyyənləşdirilməsinə əsaslanır. Hər bir Dövlət Proqramında ayrı-ayrı bölgələrin inkişafına dair tədbirlər planı və icra mexanizmi öz əksini tapıb. Diqqət çəkən əsas məqam budur ki, dövlət başçısı cənab İlham Əliyev mütəmadi olaraq regionlara səfərlər edir, Dövlət Proqramından irəli gələn vəzifələrin icrası ilə yaxından tanış olur, problemləri ictimaiyyətin öz dilindən eşidir və onların icrası istiqamətində mühüm tapşırıqlar verir. Vətəndaş məmnunluğunun artırılmasının prioritet olduğu atılan hər addımda özünü qabarıq şəkildə büruzə verir. Cənab Prezident İlham Əliyev ilk gündən bu çağırışı səsləndirdi ki, əgər xalq görülən işlərdən razı olarsa, mən də razı olacam. Göründüyü kimi, insan amili, insanların yüksək rifah şəraitində yaşayışı dövlətin siyasətində əsasdır. Eyni zamanda, Ölkə Prezidenti hər bir vətəndaşının yanında olmaqdan məmnunluq hissi keçirir. Dövlət başçısı İlham Əliyevin rayonlara yeni təyin edilmiş İcra Hakimiyyəti başçılarını qəbul etməsi və onlara tapşırıqlarını verməsi də ölkənin hərtərəfli inkişafında əsas rol oynayan regionların tərəqqisi ilə yanaşı, vətəndaş amilinə verilən yüksək dəyəri nümayiş etdirir. Prezident İlham Əliyev iyulun 25-də Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən regionların inkişafına yönələn addımlardan, əldə olunan nəticələrdən, qarşıya qoyulan hədəflərdən, ən əsası rayon rəhbərlərinin üzərinə düşən vəzifənin yerinə yetirilmə səviyyəsindən bəhs etmişdir. Dövlət başçısının qeyd olunan görüşdə qarşıya qoyduğu vəzifələrdən biri şəhid ailələrinə xüsusi diqqət göstərilməsidir: “Dövlətimizin şəhid ailələrinə, qazilərimizə diqqət və qayğısı göz önündədir. Onların sosial məsələlərinin həlli qarşıda duran ən mühüm vəzifə kimi dayanır. Hər zaman bu çağırış səsləndirilir ki, dövlətlə yanaşı, hər bir vətəndaş, dövlət məmuru şəhidə ailələrinə, qazilərə diqqət və qayğı göstərməlidir. Onların qanı, canı bahasına 30 illik işğala son qoyulub, torpaqlarımız öz tarixi sahibinə qayıdıb. Qeyd olunan görüşdə dövlət başçısı cənab İlham Əliyev tarixi Zəfərimizdə dövlətimizn qətiyyətli mövqeyindən bəhs edərək bu fikri xüsusi qeyd etdi ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun.” Dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə etdi ki, hər bir rayonda, hər bir yerdə müasir idarəetmə qaydaları tətbiq olunarsa, bir çox problemlər aradan qaldırılacaq. Dövlətin siyasəti məhz bundan ibarətdir. Ölkə Prezidenti proqram xarakterli hər bir çıxışında görülən işləri və qarşıda dayanan vəzifələri açıqlayır, irəli sürdüyü təşəbbüslərin xalq tərəfindən dəstəklənməsindən məmnunluğunu ifadə edir. Xalqın Prezidentinə inamı, etimadı böyükdür. Bu birlik, həmrəylik fonunda hədəflərə yüksək səviyyədə nail olmaq mümkündür.Bölgələrdə yaradılan şərait, infrastruktur layihələrinin uğurlu icrası sahibkarlığın inkişafına geniş imkanlar açır. Dövlətin sahibkarlığın inkişafına diqqət və qayğısı sistemli xarakter daşıyır. Ölkəmizdə sabitliyin, normal biznes mühitinin mövcudluğu investisiya cəlbediciliyinin qorunmasında əsas faktordur. İdarəçilik sisteminin zamanın tələblərinə uyğun təkmilləşdirilməsi gələcəyə daha böyük inamla addımlamağa, yeni-yeni hədəflərin müəyyənləşdirilməsinə təminat verir.
             Elşən Ağalarov;
             Neftçala rayon sakini, müəllim