“Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”

2022-08-01 Baxış: 327
img

Dilimizin hərtərəfli inkişafı, onun rəsmi dövlət dili statusu alması Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir” - deyən Ümummilli liderin apardığı gərgin işin nəticəsi olaraq 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsi ilə Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Məhz həmin dövrdə Azərbaycan dilinin elmi şəkildə öyrənilməsinə başlanmış, dilçi alimlərin fəaliyyəti üçün geniş imkanlar açılmış, elmi tədqiqat materialları və yüzlərlə kitablar nəşr olunmuşdur. Dahi liderin siyasi hakimiyyətə ikinci dəfə qayıdışından sonra da milli dəyərlərimizin ən qiymətlisi və bir millət kimi milli varlığımızın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində mühüm işlər görüldü. Ana dilimizin əbədiyaşarlığı üçün vacib addımlar atıldı. Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi öz təsbit edilmişdir. Ulu öndərin qəbul etdiyi  “Dövlət dilinin tətbiqi işinin təkmiləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli fərman və “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu mühüm dövlət sənədləridir. Azərbaycan dilinin və əlifbasının qorunub saxlanması və inkişaf etdirilməsi bu günümüzün və gələcəyimizin ən zəruri məsələlərindəndir. Çünki bu dil 50 milyondan artıq soydaşımızı birləşdirən və doğmalaşdıran atributdur. Bu gün Azərbaycan Respublikasının Müzəffər Prezidenti cənab İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Böyük inam və qətiyyətlə deyə bilərik ki, bu gün dilimizin inkişafının əsas qarantı məhz ölkə Prezidenti və onunla çiyin-çiyinə möhtəşəm layihələrə imza atan Birinci Vitse-prezident Mehriban xanım Əliyevadır. Ölkə başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004 cü il 12 yanvar tarixli Sərəncamı ana dilimizə dərin ehtiramın təcəssümüdür. Cənab Prezidentin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı isə Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsi məqsədini daşıyır. “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir” Cənab Prezident bu tarixi sözləri ilə dilimizə ən böyük qiyməti vermişdir.

 

           Gövhər Məmmədova;

           Neftçala rayon sakini