Ölkə Prezidenti cənab İlham Əliyevin bölgələrə müntəzəm səfərləri hərtərəfli dövlət qayğısının təcəssümüdür!

2022-08-17 Baxış: 267
img

            Ölkə başçımız cənab İlham Əliyevin bölgələrə səfərləri müntəzəm xarakter daşıyır. Məhz onun rəhbərli və nəzarəti ilə quruculuq-abadlıq işləri bölgələrdə daha geniş vüsət almışdır. Cənab Prezident İlham Əliyev şəxsən özü görülən işlərə ciddi nəzarət edir, işlərin gedişi ilə yerində maraqlanır, yerli sakinlərlə görüşür, yeni iş yerlərinin açılması üçün Dövlət Proqramları təsdiqləyir. Bu işlərə bacarıqlı iş adamları cəlb edilir. Aparılan quruculuq işlərində həm yerli sakinlər işlə təmin olunurlar, həm də ölkə iqtisadiyyatı inkişaf etdirilmiş olur. Bu səbəbdən bacarıqlı iş adamlarının yerli sakinlərdən olmasına diqqət yetirilir. Cari ilin12 avqust tarixində Müzəffər Prezidentimizin İsmayıllı rayonuna səfəri, orada görülmüş işlərlə yerində tanış olması Dövlət başçısının regionların tərəqqisinə verdiyi önəmin bariz nümunəsidir. Cənab Prezidentin səfər əsnasında Qobustan rayonu ərazisində yerləşən “Diri Baba” türbəsini ziyarət etməsi tarixi, dini dəyərlərə verilən qiymətin təcəssümüdür. Qeyd edək ki, 500 ildən çox  yaşı olan Azərbaycan xalqının müqəddəs yerlərindən, ziyarətgahlarından biri olan ”Diri Baba” türbəsi öz nadirliyi ilə bütün Qafqaz bölgəsində seçilir. Bu gün dövlət tərəfindən milli dəyərlərə verilən qiymətin təcəssümüdür ki, hər bir rayonda, rər bir kənddə əsrlərdən gələn ənənələr qorunur, inkişaf etdirilir, gələcək nəsillərə ötürülür. Bu mənada İsmayıllı rayonunda ata-babalardan miras qalmış ipək kəlağayı istehsalı ənənəsi yaşadılmaqdadır. Bəli, bir vaxtlar rayonun Basqal kəndində toxunan ipək kəlağayı dillər əzbəri olmuş, ölkəmizlə yanaşı xarici ölkələrdə də tanınıb, bəyənilmişdir. Ölkəmizin ən qədim kəndlərindən biri olan Basqalın qədim görünüşü bu günə qədər qorunub. Dövlət dəstəyi ilə kənddə aparılan təmir-bərpa işləri nəticəsində bu gün Basqal daha da gözəlləşib. Müasirliklə qədimliyin vəhdəti valehedici mənzərə yaradıb. İsmayıllıya səfər zamanı Cənab Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban xanım Əliyeva  Basqalda kəlağayı istehsalı ilə maraqlanmış, bu sənətin qorunması üçün tapşırıq və tövsiyələrini vermişlər. Ölkə başçısı Basqal qəsəbəsində Azərbaycan televiziyasına verdiyi müsahibəsində buranın qədim simasının qorunub saxlanılmasının, eyni zamanda  burada yaşayan insanlar üçün daha yaxşı şəraitin yaradılmasının, iş yerlərinin açılmasının vacibliyini önə çəkmişdir. Qeyd edək ki, cənab Prezident səfər zamanı Basqal qəsəbəsindəki 179 otaqlı müasir otelin açılışını etmişdir. Bu da öz növbəsində bölgənin turizm potensialının artmasına əlavə kömək olacaqdır. Bundan əlavə Basqaldakı oteldə 300 -ə yaxın iş yeri açılması böyük nailiyyətdir. Bu gün ölkəmizin hər bir guşəsində böyük layihələr, abadlıq-quruculuq işləri geniş vüsət alıb. Məhz bu istiqamətdə dövlətin böyük dəstəyi çox önəmlidir. Görülən işlər ilk növbədə insanlarımızın rifah halının yaxşılaşdırılmasına hesablanıb. Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi kimi, infrastruktur layihələri icra edilmədən inkişafdan söhbət gedə bilməz. Bu gün sürətlə qloballaşan dünyada ilk növbədə dövlətlər ərzaq təhlükəsizliyi ilə bağlı məsələlərə diqqət yetirirlər. Ölkə başçımız cənab İlham Əliyev dövlət televiziyasına müsahibəsində qeyd etdi ki, bu məqsədlə xüsusi proqram işlənib hazırlanıb, yeni növ subsidiyaların tətbiq edilməsinə start verilib. Azad edilmiş torpaqlarımızda da subsidiyalar nəticəsində məhsuldarlığın artırılması ərzaq təhlükəsizliyimizin  təminatına böyük  kömək göstərəcəkdir. Artıq görülən işlər göz önündədir. Ölkəmiz istənilən sahədə uğurla inkişaf edir. İşğaldan azad edilmiş ərazilərimizin ümumi iqtisadiyyatımıza inteqrasiyası gələcək nailiyyətlərdən xəbər verir. Müzəffər Prezidentimiz cənab İlham Əliyevin inamla söylədiyi gələcək rifah halımızın yaxşı olacağı hər bir Azərbaycan vətəndaşını “İnamla İlhamla” şüarı altında iqtisadiyyatımızı yüksəltmək üçün uğurlu layihələrin iştirakçısına çevirmişdir!

 

            Elmira Tağıyeva

            Neftçala rayon sakini, müəllim