Böyük sevgiyə və hörmətə layiq Azərbaycan qadını

2022-08-26 Baxış: 310
img
Tarixinin bütün dönəmlərində dövlət quruculuğunun inkişafında, xalqın ictima-siyasi həyatında böyük rol oynamış, əməli fəaliyyəti ilə öz dəsti-xəttini yazan qadınlarımız olmuşdur. Onlar ali dəyərlərə söykənən böyük məqsədləri ilə, dövlətçiyimizin inkişafı, yüksəlməsi və xalqın gələcəyi naminə əvəzsiz xidmətlər göstərmişlər. Tarixdə özünə məxsus böyük iz qoymuş bu qadınlar, cəsarət və iradəsi, istedad və bacarığı, ağıl və zəkası ilə şərq qadınının müsbət obrazını yaratmışlar.
Yüksək insani keyfiyyətləri, vətəndaş mövqeyi və vətənpərvərliyi, xalqımızın mənəvi dəyərlərinə bağlılığı ilə tək Azərbaycan üçün deyil, türk və müsəlman dünyası üçün örnək şəxsiyyət olan, şərəfli və məhsuldar həyat yolu keçmiş Azərbaycanın birinci xanımı Mehriban Əliyeva belə insanlardandır. Onun humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn əzmkar və çoxşaxəli fəaliyyətinin təməlində məhz xalqa layiqli xidmət və sevgi dayanır. O, doğma Azərbaycanın ən böyük təəssübkeşlərindən biri, xalqımızın xoşbəxt gələcəyinə hesablanan bir çox layihələrin müəllifidir.
Mehriban Əliyevanın ictimai fəaliyyəti geniş və çoxşaxəlidir. Mehriban Əliyeva 2013-cü ildən Yeni Azərbaycan Partiyasının sədr müavini, 5 mart 2022-ci ildən etibarən Yeni Azərbaycan Partiyası sədrinin birinci müavinidir. 2005-ci ildən 2017-ci ilə qədər Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olan Mehriban xanım sözün əsl mənasında xalqın elçisidir. Bütün fəaliyyətində işgüzarlığı, böyük səyi və bacarığı ilə seçilən Mehriban xanım müsahibələrinin birində birinci xanım missiyasının məsuliyyətini şərh edərək demişdir: “Hər şey bu və ya digər insanın öz vəzifələrinə nə dərəcədə ciddi yanaşmasından asılıdır Aydın şəkildə dərk etmək lazımdır ki, müəyyən anda sən fərdi şəxsdən ictimai şəxsiyyətə çevrilirsən. Sən artıq təkcə özünü və öz ailəni yox, öz ölkəni təmsil edirsən. Bu barədə özünə hesabat verməli, sözlərində, qərarlarında, hərəkətlərində daha təmkinli olmalısan. Bu, çox məsuliyyətli yükdür.”
 Göz qarşısında canlanan bütün xidmətlərinin nəticəsində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 21 fevral 2017-ci il Sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olundu və fəaliyyətinin ilk tədbirlərini yenə də humanist missiyaya köklədi. O, diqqətini cəmiyyətin ən çox yardıma və dəstəyə ehtiyacı olan hissəsinə - qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə, həyat şəraitlərinin yaxşılaşdırılmasına yönəltdi, onlar üçün yeni qəsəbələrin tikilməsini, yaşayış massivlərinin salınmasını diqqət mərkəzində saxlayaraq bu məsələyə daha çox ictimai dəstəyi təmin etdi. Mehriban Əliyevanı xalqımıza ən çox sevdirən onun prinsipləridir. Bu prinsiplərin əsasında çox sadə bir ideya dayanır: insanlara yaxşılıq etmək.
 Mehriban Əliyeva göstərdiyi fəaliyyətə görə çox titullara, təltiflərə və beynəlxalq mükafatlara layiq görülüb. Lakin, Mehriban xanım isə hesab edir ki, onun ən böyük mükafatı xalqın ona olan sevgisi, inamı və etimadıdır. O, bu gün təkcə birinci xanım deyil, həm də genişmiqyaslı islahatların aparılmasında, Azərbaycanın müstəqilliyinin qorunmasında, xalqın xoşbəxt gələcəyinin təmin olunması üzrə fəaliyyətlərdə prezident İlham Əliyevin ən yaxın silahdaşıdır.
44 günlük Vətən müharibəsində Azərbaycan öz igid oğulları və müqəddəs şəhidlərinin al qanıyla öz möhtəşəm Zəfər tarixini yazdı. Hazırda, Mehriban xanım, cənab Prezident İlham Əliyevlə birgə, azad torpağın, Qarabağın cənnətə çevrilməsi, üçün öz töhfələri bəxş edir, arzu və ümidlərinin özülünü qoyur, vətənin çiçəklənməsi yolunda məqsədlərin təməlini inşa edirlər. Beləcə, birgə, dövlətçiliyimizin inkişafı, xalqın rifahı yolunda böyük ideyalarını davam və inkişaf etdirirlər. Bu böyük, çətin və önəmli işdə onlara uğurlar arzulayırıq!

Sona Haxıyeva,
YAP Neftçala rayon təşkilatının fəal üzvü