13 sentyabr tarixində yaşanmış hadisələr bilavasitə siyasi motivli hərbi təxribatdır.

2022-09-17 Baxış: 320
img
Bu gün rəsmi İrəvanın revanşist siyasəti bütün region üçün təhdid yaradır. 13 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərdi ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkməyib. Əminliklə deyə bilərik ki, regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaşanması destruktiv qüvvələrin marağında deyil. Tarixə nəzər salsaq görərik ki, uzun illər ərzində sonradan bu yerlərə köçürülmüş ermənilərin yaşadıqları ərazi məhz regionda gərginliyin yaradılması üçün istifadə olunub. Sıravi erməni xalqı əsrlər boyu bu siyasətin qurbanı olub və məhz bu siyasətin nəticəsində Ermənistan müasir beynəlxalq münasibətlər sisteminin sözün həqiqi mənasında dalan dövlətinə çevrilib. Bu mənada Ermənistanın son təxribatları daxil bütün revanşist cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanılmalı, onlardan beynəlxalq normalara riayət edilməsi tələb olunmalıdır. Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, habelə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış Üçtərəfli bəyanatın müddəalarının kobud şəkildə pozulmasıdır. Ermənistanın bu riyakar, həyasız addımları aparılan normallaşma və sülh prosesinə tamamilə ziddir. İndi Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri apardığı halda, Ermənistan təcavüzə yol verməklə bu prosesə hər vəchlə mane olduğunu nümayiş etdirir. Rəsmi İrəvan sərhəd təxribatları ilə Avropa İttifaqının vasitəçilik səylərinə də zərbə vurur. Baş vermiş təxribat bir daha rəsmi İrəvan tərəfindən mina xəritələrinin Azərbaycana təhvil verilməsi məsələsini aktuallaşdırır. İşğaldan azad olunmuş ərazilərdə basdırılmış minaların mövcudluğu mülki əhalinin tələfatına səbəb olduğu üçün rəsmi İrəvan, eyni zamanda, terrorçu ölkə kimi də tanınmalıdır. 13 sentyabr, eləcə də Ermənistanın siyasi-hərbi rəhbərliyinin bütün digər təxribatları Azərbaycanın Avropada sürətlə artan nüfuzuna zərbə vurmaq niyyətindən xəbər verir. Ölkəmizin Rusiya-Ukrayna münaqişəsi fonunda qərbin enerji təhlükəsizliyinin təmin olunmasında rolunun artmasını həzm edə bilməyən düşmən ölkə və dairələr hər cür vəchlə bu prosesə zərbə vurmağa çalışırlar. Ancaq unudurlar ki, Azərbaycan çox qüdrətli ölkədir. Bu gün dövlətimiz müstəqil daxili və xarici siyasət yürüdür. Ermənistan isə hər zaman olduğu kimi "forpost" ölkə olaraq qəbul edilir. Sülh sazişinin imzalanmasından “qaçan” rəsmi İrəvan Qafqazdakı öz forpost statusunu bir daha təsdiqləyir və sıravi erməni xalqının maraqlarından çıxış etmədiyini nümayiş etdirir. 13 sentyabr tarixində yaşanmış hadisələr bilavasitə siyasi motivli hərbi təxribatdır. Burada bütün məsuliyyət Ermənistanın üzərinə düşür. İndiki məqamda söhbət dövlətimizin, xalqımızın təhlükəsizliyindən gedir. Azərbaycan ordusu dövlətimizin təhlükəsizliyini təmin etmək, erməni təhdidlərinin qarşısını almaq məqsədilə erməni təxribatlarına layiqli cavab verib, onlara növbəti dəfə yerini göstərib. Müzəffər Prezident cənab İlham Əliyevin regionda sülh çağırışlarına rəğmən rəsmi İrəvanın Ermənistanda revanşizm əhvalının dəstəkləməsi faktı ədalətli mövqelərdən və beynəlxalq hüququn normalarından çıxış edən Azərbaycanın tərəfdaş ölkələrinin sayını artırmalıdır.
            Əfsanə Abdullazadə;
            Neftçala rayon gənci, ictimai fəal