Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev

2022-09-27 Baxış: 220
img

“Mən 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusi­yamıza və müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi”—sözlərinin müəllifi Azərbaycanın siyasi və dövlət xadimi, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur. Üç dəfə - 2003, 2008, 2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Onun Azərbaycan üçün xidmətləri əvəzsizdir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət sürətli inkişaf dövrüdür. Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir. Prezidentimiz mötəbər beynəlxalq təşkilatların – BMT-nin, NATO-nun, ATƏT-in kürsülərində inamlı, cəsarətli, məntiqi çıxışları ilə diqqəti cəlb edir, milli mənafeləri bütün səviyyələrdə qətiyyətlə qoruyur, müstəqil xarici siyasət yürüdür. Qlobal böhranlardan çıxış yolları axtarışında onun fikrinə, rəyinə hörmətlə yanaşılır.

Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Onun siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir.

Yaddaşlarda qalacaq ən böyük addımı isə 2020-ci ildə yazılmış “zəfər tarixi” oldu. 30 illik həsrətə Ali Baş Komandanın Azərbaycanı layiqincə təmsil etməsi və ordumuzun şücaəti sayəsində son qoyduq. 27 sentyabr tarixində savaşın başladığını İlham Əliyev xalqa çatdırdı. Elə ilk uğur da həmin gündən özünü göstərdi. Hamıda bir ümid işığı ilə 44 gün ərzində İlham Əliyevin çıxışını, yeni azadlıq xəbərlərini həsrətlə dinlədik. Gah sevindik, gah şəhid xəbəri ilə sarsıldıq. Şuşanın azadlıq xəbəri isə nəinki bizim üçün, bütün türk dünyası üçün bayram oldu. Prezidentimizin şad xəbəri verərkən kövrəlmiş olması onun vətən sevgisini, üstümüzə gələn düşmən birliklərini mərdliklə susdurmasının yorğunluğunu və nəhayət, sona çatdığımızın xəbərçisi idi. Noyabrın 10-da Qarabağın düşmən tapdağından azad edilməsi böyük təntənə ilə qeyd edildi. Şəhid ailələrinin və qazilərimizin qiymətləndirilməsi haqqında xüsusi tapşırıqlar verildi. Tezliklə Qarabağda yenidən quruculuq işləri başlandı. Azərbaycanı çiçəkləndirən əllər Qarabağa da uzandı.

Bu gün Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini davam etdirir. Onun uğurlu siyasəti nəticəsində 30 illik işğala son qoyuldu. Özünün geniş dünyagörüşü, hərtərəfli biliyi, mədəniyyəti ilə İlham Əliyev xalqın sevgisini bir daha qazandı. Müharibə dövründə ermənipərəst jurnalistlərin yalan-yanlış sözlərinə dəlillərlə cavab verib susdurması ilə vətəni və milləti yüksək səviyyədə təmsil etdi. “Dəmir yumruq” əməliyyatı ilə erməni vandalizminə son qoyuldu.

Uğurlu siyasət nəticəsində artıq Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir. Prezident İlham Əliyev bir çox ölkənin və beynəlxalq təşkilatların fəxri adları, mükafatlarına layiq görülmüşdür. Azərbaycanda isə  “ilin adamı” seçilmişdir.

Səs ver, əsgər atası, Ali baş komandana,

Oğlun əmanət ona, Vətən əmanət ona.

O millətə inanır, inanır millət ona.

Edək düşmən üstünə, son həmlə, irəliyə!

İlhamla irəliyə, İlhamla irəliyə!

 

Ruhəngiz Nəcəfova,

YAP Neftçala rayon təşkilatının fəal üzvü, ziyalı