Siyasi uzaqgörənliyin gətirdiyi uğur

2022-10-03 Baxış: 242
img

      Tarixinin ən qüdrətli dövrünü yaşayan müstəqil Azərbaycan illər öncə bu ideologiyanı  müəyyənləşdirən Ulu Öndər Heydər Əliyevin şah əsəridir.Müasir Azərbaycan cəmiyyətinin formalaşması, müstəqil Azərbaycan dövlətinin qurulması birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider azərbaycanlı olması ilə fəxr etdiyi kimi, hər bir azərbaycanlı da bu gün Heydər Əliyevin ən böyük əsəri olan müstəqil, inkişaf etmiş Azərbaycanın vətəndaşı olmaqdan qürur duyur.Ümummilli Lider Heydər Əliyevin bacarıqlı və təcrübəli dövlət xadimi, müdrik siyasətçi, dövlətçiliyin möhkəm təməlini yaradaraq onu möhkəmləndirən, davamlı inkişaf yoluna çıxaran qüdrətli şəxsiyyət kimi həyat və fəaliyyəti müasir tariximizin çox mühüm mərhələsini təşkil edir. Məhz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası müstəqil Azərbaycanın hərtərəfli inkişafına ən etibarlı təminat olmuşdur.Hələ 1969-cu il iyul ayının 14-də sovet Azərbaycanına ali rəhbər vəzifəyə irəli çəkilən Ümummilli Lider ilk günlərdən mərkəzin ideoloji maneələrini aradan qaldırmaqla xalqın milli şüurunu oyatmağa çalışmış, Azərbaycan xalqının gələcək müstəqilliyi üçün bütün imkanlardan istifadə etmişdir. Əminliklə demək olar ki, 1969-1982-ci illərdə həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklər, abadlıq-quruculuq işləri miqyasına görə Azərbaycanın inkişaf salnaməsinin ən dolğun səhifələridir.Ulu Öndər 1993-cü ilin iyununda xalqın çağırışına cavab verərək Azərbaycanın idarəçilik sükanı arxasına keçmiş, üzləşdiyi çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə mətinliklə sinə gərərək xalqımızı vətəndaş müharibəsindən, milli müstəqilliyin itirilməsi təhlükəsindən, hərc-mərclik və xaos mühitindən qurtarmışdır. 1993-cü ilin oktyabr ayının 3-də Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsi ilə ölkəmizin həyatında yeni dövrün əsası qoyulmuşdur.Ölkədə xalqın iradəsi ilə baş vermiş qanuni hakimiyyət dəyişikliyindən sonra dövlətin müstəqilliyinin praktik müstəvidə özünü göstərməsi üçün real əsaslar yaranmışdır. Heydər Əliyevin Prezident seçilməsindən sonra müstəqil Azərbaycan dövlətinin hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi başlamışdır. Ulu Öndər ilk növbədə ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmalı olmuşdur. Qanunsuz silahlı dəstələr zərərsizləşdirilmiş, Azərbaycanın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir.1993-2003-cü illərdə dövlətçiliyin mükəmməl təməl prinsiplərini yaradan Ulu Öndər Heydər Əliyev idarəçilikdə səriştəsizliyə, qətiyyətsizliyə, bəsitliyə birdəfəlik son qoyaraq uğurlu daxili və xarici siyasət yürütmüş, dünyanın fövqəlgüc dövlətlərini Azərbaycanla hesablaşmaq məcburiyyətində qoymuşdur. Milli maraqlara cavab verən xarici siyasət yeridən müstəqil Azərbaycan nəticədə Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmişdir.Bütün bu reallıqlar bir daha təsdiq edir ki, bugünkü qüdrətli Azərbaycan dövlətinin banisi məhz Ulu Öndər Heydər Əliyevdir. Ancaq Ulu Öndərin digər şah əsəri yaratdığı misilsiz və alternativsiz dövlətçilik məktəbi, mükəmməl siyasi irsdir. Bu məktəbi və irsi isə daha böyük nailiyyətlərlə, yeni dünyanın müasir tələbləri ilə zənginləşdirib, daha da gücləndirən Azərbaycan Prezidenti, Müzəffər Komandan İlham Əliyevdir. Xalqın mütləq əksəriyyətinin böyük etimadı ilə 2003-cü ilin oktyabrında Prezident seçilən İlham Əliyev ötən 19 ildə Ulu Öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməklə yanaşı, onun xaos və anarxiyadan qurtardığı respublikamızın "Güclü dövlət - müstəqil siyasət" konsepti əsasında inkişafını təmin etmişdir.

Elşən Ağalarov,

YAP Neftçala rayon təşkilatının fəal üzvü, ziyalı