Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur

2022-10-15 Baxış: 208
img

Azərbaycan xalqının taleyində mühüm əhəmiyyət kəsb edən elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən önəmli başlanğıcların əsası qoyulub. Belə mühüm günlərdən biri də məhz oktyabr ayının 15-nə təsadüf edir. 2003-cü il oktyabrın 15-də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı. Azərbaycan xalqı 2003-cü ildə İlham Əliyevi ölkə Prezidenti seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. O kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Xalqın iradəsi yerli və xarici ekspertlərin də diqqətini cəlb etdi. Amerika Birləşmiş Ştatları, Türkiyə, Rusiya, Fransa və digər ölkələr İlham Əliyevin Prezident seçilməsini çox uğurlu addım kimi qiymətləndirdilər və onunla rasional əməkdaşlığa hazır olduqlarını bəyan etdilər. Zəngin və qüdrətli Azərbaycan uğrunda çağırışı ilə milyonları öz ətrafında toplayan İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesi uğurla davam etdirildi. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Prezident İlham Əliyev öz fəaliyyəti ilə Ümummilli Lider Heydər Əliyevin sözlərinin həqiqətən fundamental əsaslara söykəndiyini təsdiq etdi. Böyük siyasi xadim Heydər Əliyev canı qədər sevdiyi Azərbaycanı ən etibarlı bir şəxsiyyətə həvalə etdiyini bəyan edirdi. Zaman keçdikcə Ulu Öndərin bütün dedikləri Prezident İlham Əliyevin fəaliyyətində öz təsdiqini tapdı. Hətta bu fikirlərə bir söz də əlavə olundu - qalib Sərkərdə! Dünyanın ən nüfuzlu siyasi dairələrinə Prezident İlham Əliyevin siyasətçi, iqtisadçı, diplomat və bir sözlə, liderlik keyfiyyətləri çoxdan məlumdur. Son iki ildə isə dünya dövlətimizin başçısının daha çox Ali Baş Komandan keyfiyyətlərini müzakirə edir və bunu öz nəşrlərində müxtəlif formada qısqanclıqla qeyd etməyə məcbur olur. Prezident İlham Əliyev qalib Sərkərdə kimi adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırdı. O, təkcə 2020-ci ilin qəhrəmanı deyil. Bu dahi şəxsiyyət Azərbaycan tarixinin son 200 ilinin qəhrəmanıdır. Cənab Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Bu gün tam əminliklə deyə bilərik ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bütün fəaliyyəti Qarabağın azadlığına hesablanmışdı. Buna görə atılan hər bir addım Azərbaycanı Qarabağın azadlığına daha da yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altındakı torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyi sayəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı. Növbəti mərhələdə isə hədəf Qarabağın bərpası və Böyük Qayıdış strategiyasını reallaşdırmaqdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının Lideri kimi əsas missiyası düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin dövlətin və xalqın gücü ilə yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu qayıdış Böyük Qayıdış olmaqla, təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcək. İndi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan bayrağını daha uca etməyə hədəflənib.

Günel Əliyeva

YAP Neftçala rayon təşkilatının fəal üzvü