Şəhidin qanı yerdə qalmadı

2022-10-17 Baxış: 299
img

Tarix boyu xalqımız zaman-zaman  faciələrə, ­soyqırımlarına məruz qalıb.  Bu faciələrin böyük bir hissəsi XX əsrdə baş  verib.  Həmin dəhşətli faciələrdə xalqımız özünün azadlığı uğrunda mübarizədə itkilər versə də, nəhayət, 1990- cı il 20 Yanvar  qırğınından sonra azadlıq, istiqlaliyyət istəyinə qovuşdu. 20 Yanvar faciəsi Azərbaycan  tarixində və bütovlükdə XX əsrdə baş vermiş faciələr içərisində xüsusi amansızlığı ilə seçilir. Həmin dəhşətli hadisələrdən 30 il keçsə də, o  məşəqqətli gecə  heç vaxt unudulmur və sanki dünən baş verib, yaddaşlarda, həm də  xalqımızın qəhrəmanlıq  salnaməsi kimi qalır.  

20 Yanvar faciəsindən  31 il keçməsinə baxmayaraq, hər il xalqımız bu günü anır, axın-axın Şəhidlər xiyabanına gedir, azadlıq, istiqlaliyyət yolunda canlarından keçən mərd oğul və qızlarımızın  xatirəsini  yad edir, ruhlarına dualar oxuyur. Xalqımız öz cəsarətini, mərdliyini qəhrəmanlığını,  torpaqlarımızın hər qarışı uğrunda canını qurban verməyə hazır olduğunu  20 Yanvar faciəsindən 30 il sonra – 2020- ci ildə də nümayiş etdirdi. 
Dünyanın ən reytinqli təşkilatlarının 30 il ərzində  nizamlamaya bilmədikləri Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə  Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun gücü, qüdrəti sayəsində  44 gün ərzində son qoyuldu. Şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan  Ordusu düşmənə divan tutaraq  işğal altında olan ərazilərimizi azad etdi və Azərbaycanı bütövləşdirdi. 

"Şəhidlərimizin qanı yerdə qalmadı. Döyüş meydanında həm İkinci, həm də Birinci Qarabağ müharibəsi şəhidlərinin qanını, eləcə də günahsız insanların, Xocalı qurbanlarının, digər dinc əhalinin qisasını düşməndən aldıq. “Biz döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti, ərazi bütövlüyünü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq” deyən Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının mübarizliyini, yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. 30 il ərzində dövlət-xalq-ordu birliyi işğal olunmuş rayonların düşməndən azad edilməsi ilə yekunlaşdı.

Baş Komandan İlham Əliyev  "Bizim sözümüz də imzamız qədər keçərlidir" deməklə  təkcə sözünün yox, şəxsiyyətinin böyüklüyünü, özünə hörmətin qüdrətini də ifadə etmişdi. 2020-ci ilin 27 sentyabrında başlanan əkshücum əməliyyatı işğal altında olan torpaqlarımızın azad edilməsi məqsədilə  həyata keçirilmişdi. Məqsədimiz həddini aşmış Ermənistan ordusuna cavab vermək, işğal edilmiş torpaqlarımızı azad etmək, ermənilərin vəhşiliyinə son qoymaq idi. Məğlub olan Ermənistanın yalvarışlarını, onun kapitulyasiya aktını imzalamasını nəzərə alan, başlıcası isə, itkilərimizin az olması, daha çox ananın gözüyaşlı qalmaması üçün Azərbaycan Prezidenti müharibənin dayandırılmasına razılıq verdi.

Qeyd edək ki, 44 günlük Vətən Müharibəsi zamanı Ermənistanın dinc əhaliyə qarşı törətdiyi cinayətlər nəticəsində 2907 nəfər həlak olub, 7 nəfər itkin düşüb, 94 nəfər mülki şəxsə şəhid statusu verilib. Gəncə şəhəri, Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Goranboy, Tərtər rayonlarının dinc sakinləri doğmalarını, evlərini itirsələr də, ən ağır günlərində Vətən uğrunda əzmkarlıq, birlik nümayiş etdirdilər. Ölkəmizin ərazi bütövlüyünü təmin etmək, ədaləti bərpa etmək üçün 44 günlük Vətən Müharibəsində minilliklər boyu Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşamış bütün xalqların və konfessiyaların nümayəndələri iştirak etmişlər. Qarabağ müharibəsi çoxlu dini və etnik-milli bağlara baxmayaraq, Azərbaycan cəmiyyətinin birliyini önə çəkdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində bizə qələbə gətirdi və Azərbaycanın böyük tarixinə həkk olundu. Prezidentin elanı ilə möhtəşəm zəfərli yolun başlandığı gün olan 27 sentyabr anım günü kimi təyin olundu. Bu, Vətən müharibəsində rəşadətlə döyüşmüş, işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan bayrağını dalğalandıran, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizə, əsgərlərimizə, komandirlərimizə səmimi ehtiramın təzahürüdür. Bundan başqa, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad edilməsi zamanı döyüş əməliyyatlarında iştirak etmiş, igidlik və şücaət nümayiş etdirmiş, üzərinə düşən vəzifələri ləyaqətlə və vicdanla yerinə yetirmiş, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş silahlı qüvvələrin şəxsi heyəti Ali Baş Komandan İlham Əliyevin əmrləri ilə müxtəlif orden və medallarla təltif edilmişdir. Yeni təsis edilmiş - “Vətən Müharibəsi Qəhrəmanı”, “Qələbə”, “Qarabağ”, 1-ci, 2-ci və 3-cü dərəcəli “Vətənə xidmətə görə” adları, “İgidlik”, “Azərbaycan Bayrağı”, habelə “ Vətən uğrunda”, “İgidliyə görə”, “Döyüşdə fərqləndiyinə görə”, “İgid döyüşçü”, “Cəbrayılın azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunması¬na görə”, “Zəngilanın azad olun-masına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” kimi medallar Vətən müharibəsi iştirakçılarına və ya ölümündən sonra onların yaxınlarına təqdim edilmişdir. Bu, Azərbaycanın yeni hərb tarixinin yaranması demək idi. Lakin bütün təltiflərdən, mükafatlardan da ən uca ad elə şəhid adıdır. Şəhidlik məqamına ucalan ölməz oğullarımız dünya var olduqca sevgi və sayğı ilə xatırlanacaq, yad ediləcək, müqəddəs xatirələri qəlbimizdə əbədi yaşayacaq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin!

Elşad Əhmədov,

YAP Neftçala rayon təşkilatı

Ərazi Partiya təşkilatının sədri