Yaponiyanın Azərbaycandakı səfirliyi Neftçalada layihə həyata keçirəcək

2022-10-21 Baxış: 417
img

Oktyabrın 19-da Yaponiyanın Azərbaycandakı səfirliyində “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardım Proqramı çərçivəsində Qazax, Samux, Xocavənd, Ağdaş, Neftçala və Lerik rayonlarında icra olunacaq 5 layihənin qrant müqavilələri imzalanıb. Qrant layihəsinin ümumi məbləği 446 min 806 ABŞ dollarıdır.

Səfirlikdən MAYAKİNFO-ya bildirilib ki, bu gün imzalanmış müqavilələr də daxil olmaqla, “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardım Proqramı çərçivəsində bu günədək cəmi 283 qrant müqaviləsi imzalanıb və bu müqavilələrdə nəzərdə tutulan yardımın ümumi məbləği 23 milyon 890 min ABŞ dollarını keçir.

Qrant müqavilələrinin imzalanmasından sonra Yaponiyanın ölkəmizdəki səfiri Cuniçi Vada “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə qrant yardımının həyata keçirilməsinin yerli əhaliyə göstərilən səhiyyə xidmətin inkişafına, tələbə uyğun təhsil müəssisələrinin təmin edilməsinə, yerli əhalinin həyat şəraitinin və sosial rifahının yaxşılaşdırılmasına öz töhfəsini verəcəyini bildirib. Səfir bundan sonra müxtəlif sahələrdə yardımların göstərilməsinin nəzərdə tutulduğunu qeyd edib.

“Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı” proqramı əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədilə təhsil, səhiyyə, ictimai sağlamlıq, kənd təsərrüfatı və sair sahələrdə bilavasitə yerli əhalinin bəhrələnəcəyi nisbətən kiçikmiqyaslı layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan iqtisadi yardım proqramıdır. Bu yardımla bağlı benefisiar təşkilat kimi bölgələrdə yerləşən yerli ictimai qurumlar, təhsil, səhiyyə orqanları və digər qeyri-kommersiya qurumlarının müraciəti mümkündür.

Qeyd edək ki, layihə çərçivəsində Neftçala rayonunun Qırmızıkınd kənd tam orta məktəbi üçün yeni tədris korpusunun tikintisi nəzərdə tutulur.