30 ilə yaxın müddətdə dağıdılmış, məhv edilmiş, talan edilmiş yurdlarımız artıq inkişafa, tərəqqiyə doğru inamla addımlayır!

2022-10-21 Baxış: 226
img

Doğma nəfəsə 30 ilə yaxın bir zaman ərzində həsrət qalan, düşmən tapdağı altında inləyən Qarabağımız bu gün aparılan yenidənqurma və bərpa işləri nəticəsində yeni görkəm alır, əzəli şöhrətini bərpa etmiş olur. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə təkcə infrastruktur layihələr icra edilmir, eyni zamanda erməni vandalizminə məruz qalmış dini-tarixi abidələrimizdə təmir-bərpa işləri  uğurla icra olunur. Zəngilan rayonunda pilot layihə kimi həyata keçirilmiş “Ağıllı kənd layihəsi” çərçivəsində artıq bir qisim məcburi köçkün öz ata-baba yurduna, evinə, eşiyinə qayıdıb. Hazırda da Zəngilan rayonunda böyük infrasruktur layihələr icra edilir. Onların arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturu xüsusi əhəmiyyət kəsb edir. Uçuş-enmə zolağının uzunluğu 3 min metr olan Zəngilan hava limanı bu günlərdə istifadəyə verilir. Sevindirici hal odur ki, Zəngilan hava limanının açılışında qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edir. Bütün bunlar dünyaya bir daha mesajdır ki, bu  gün Azərbaycan regionun süpergüc dövlətidir. Dövlət başçımız cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri və səfərlər çərçivəsində görülən işlərlə tanışlıq dövlətin bu istiqamətə diqqətinin bariz nümunəsidir. Cənab Prezidentin görülən işlərə birbaşa şəxsən nəzarət etməsi, Ölkə rəhbərinin siyasi iradəsindən irəli gəlir. Gördüklərimiz belə deməyə əsas verir ki, çox keçməyəcək, işğaldan azad edilmiş torpaqlara həyat qayıdacaq, bu ərazilər yenidən çiçəklənəcək, bura təkcə ölkənin deyil, regionun ən inkişaf etmiş məskənlərindən birinə çevriləcəkdir. Bu gün Qarabağ regionunun dilbər güşələrindən biri olan Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan,  qədim yaşayış məntəqələrimizdən sayılan Zəngilan rayonunda aparılan sürətli yenidənqurma işləri zəngilanlıların 30 illik yurd, ev, el, oba həsrətinə son qoyacaqdır. Coğrafi cəhətdən müşahidə etsək görəcəyik ki, Zəngilan həm də Şərqi Zəngəzur iqtisadi rayonunun qapısıdır. Zənigilanın yerləşdiyi coğrafi mövqe ilə yanaşı onun malik olduğu təbii resursları rayonun iqtisadi əhəmiyyətinin artmasına və xarici investorların iqtisadi marağına səbəb olmuşdur. Artıq qeyd etməliyik ki, Zəngilanda müxtəlif iqtisadi platformaların layihələndirmə proseslərinə start verilmiş və bu proseslərdə dünyanın-Türkiyə, Cənubi Koreya, İsrail, İtaliya, Çin və Rusiya kimi  nəhəng ölkələrinin investor şirkətləri yaxından iştirak edirlər. Zəngilan rayonunun iki ölkə ilə qonşu dəhlizlərə malik olması xarici ticarət üçün çox əlverişli, unikal imkanlara şərait yaratmış olur. Həm də Zəngilan hava limanının istifadəyə verilməsi bu regionda aparılan yenidənqurma işlərini sürətlənməsinə, turistlərin rahat gediş gəlişinə müstəsna təsir göstərmiş olacaqdır. İstifadəyə veriləcək hava limanı sayəsində Zəngilan həm də beynəlxalq və tranzit yükdaşımaların mərkəzi olacaq,  böyük logistika mərkəzinə çevriləcəkdir. Bu gün Zəngilan rayonunda digər məsələlərlə yanaşı, həm də xalqımızın milli mədəni irsinin, dini abidələrimizin bərpası sahəsində uğurlu layihələr icra olunmaqdadır. Belə ki, Zəngilan rayonunda, Heydər Əliyev Fondunun dəstəyi ilə Zəngilan şəhər məscidinin əsaslı şəkildə təmiri həyata keçirilməkdədir. Düşmən bu məscidi demək olar ki, büsbütün məhv etmişdi. Ölkə rəhbərliyi tərəfindən həm də Ermənistanın törətdiyi cinayətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə bu gün bir çox işlər görülür. Bu istiqamətdə görülən işlər sırasında işğaldan azad olunmuş ərazilərə diplomatik korpusun nümayəndələrinin, yerli və xarici KİV təmsilçilərinin, müxtəlif beynəlxalq hüquq təsisatları üzvlərinin səfərlərinin təşkilini təqdirəlayiq hal kimi qeyd etməliyik. Qüdrətli Azərbaycan bütün məqsədlərinə nail olduğu ki, Zəngilan rayonu daxil bütün azad edilmiş ərazilərimizdə ən müasir səviyyədə həyatı bərpa edəcəkdir. Bəli 30 ilə yaxın müddətdə dağıdılmış, məhv edilmiş, talan edilmiş yurdlarımız artıq inkişafa, tərəqqiyə doğru inamla addımlayır!

 

Gülmirə Səfərova;

Neftçala rayon Tarix diyarşünaslıq Muzeyinin direktoru