Türkiyə - Azərbaycan birliyi bəzi qüvvələrin müdaxiləsinin qabağını aldı

2022-10-21 Baxış: 380
img

Tariximizin ən önəmli anlarında Azərbaycan və Türkiyə bir yerdə oldular. Vətən müharibəsindən sonra Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxış etmələri, 2021-ci ildə də Zəfər paradında iki ölkənin dövlət başçılarının birlikdə olması qardaşlığın rəmzi, birliyin təntənəsi idi. Tarixi Şuşa Bəyannaməsindən sonra rəsmən strateji müttəfiqlik zirvəsinə ucalan Türkiyə və Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir. Bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində və.s İki qardaş ölkənin yaxından iştirakı ilə reallaşdırılan qlobal layihələr regionun mənzərəsini dəyişir. Türkiyə şirkətləri qısa müddət ərzində böyük işlər görüb. Avtomobil və dəmir yollarının, habelə 33 tunelin inşası nəzərdə tutulmuşdur. Tunellərin ümumi uzunluğu 50 kilometrdən çoxdur, 84 körpü tikiləcək, onların bir qismi inşa edilmişdir. Körpülərin ümumi uzunluğu 12 kilometrdir. Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görülür. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak ediblər. Bundan başqa, dövlət başçıları Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimində iştirak etdilər. Prezidentlərimiz tərəfindən təməli atılan Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən “Qumlaq” stansiyası Zəngəzur dəhlizinin bir hissəsidir. Zəngəzur dəhlizi nəinki Azərbaycanın, həmçinin regionun iqtisadi inkişafına böyük töhfələr verəcək. Əlbəttə ki, iki dövlət arasında aparılan bu siyasət bütün bölgədə dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi ilə bölgədə sabitliyin möhkəmləndirilməsi məqsədi daşıyır. Türkiyə-Azərbaycan birliyi bir daha zəfər çaldı. Bu gün biz bərpa edilən Qarabağda və Şərqi Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyini görürük. Türkiyə şirkətləri bu işlərdə fəal iştirak edirlər. Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir. İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi. Keçən il biz Şuşada Şuşa Bəyannaməsini imzaladıq və Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu, bu amil bölgəyə və dünyaya ciddi mesajdır.” Çünki Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir.

Anar Güllərli

YAP Neftçala rayon təşkilatının fəal gənci